“Azadlıq”ın “ilin fəxri adları” rubrikasında gedən yazıları son ayların ən çox reytinq toplayan yazıları olub. Səbəbi aydındır. İnsanlar ölkədəki rüşvətxor və bivec hakimiyyət təmsilçilərinin əlindən boğaza yığılıb. İribuynuzlu məmurlardan tutmuş xırdabuynuzlulara qədər hamısı millətin qanını sorur. Öz komfortuna və kefinə başı qarışan hökumət komandası xalqı ortada müdafiəsiz buraxıb. İnsanların dərdini eşidən, onu dinləyən və problemini həll edən yoxdur. Prezidenti sarayda, deputatı parlamentdə, məmuru kabinetdə oturub şikayətçi səslərə qulaq tıxayıb. Xalqın xidmətçisi olacaq adamların xalqdan xəbəri yox. Onun haqqını yeyib qapıdan qovurlar, aşağılayırlar, qüruru ilə oynayırlar. Xalqın cibindən oğurladıqlarını ona sədəqə kimi verib minnət vururlar. İşsizlikdən, qanunsuzluqdan, ədalətsizlikdən insanlar ölkədən qaçır. Niyəsi ilə maraqlanan, narahatlıq keçirən, problemin kökünü öyrənib çözüm axtarmaq istəyən də yox. Onlar bu ölkədə yadelli kimidirlər. Xalqa rəiyyət kimi yuxarıdan aşağı baxırlar. Hamını özlərinə borclu sayırlar. Onlar xalqdan biri deyillər və bunu 26 ildə dönə-dönə isbat ediblər. Elə bu səbəbdən, xalq onun yanında olan, könlündən keçənləri deyən, dərdini danışan, kədərini bölüşən hər kəsi bağrına basır. Bu yazılarla xalqın dili olduq, onun demək istədiklərini dedik, bilmədiklərini açığa çıxarıb, onu daha artığından xəbərdar etdik. Rubrikamızın əsas uğuru da elə bundadır.
Biz bu rubrikada siyasi gündəmdəki bütün tanınmışların portretini canlandırmağa çalışdıq. Böyük çoxluğu hökumət feodallarından ibarət olan “qəhrəmanları” xalqa daha yaxından tanıtmaq istədik. Onları daha yaxşı tanıtmaq üçün yarıciddi, yarızarafat, yarısarkastik şəkildə əsl həqiqətləri dilə gətirdik. Gerçək qəhrəmanlarımızı da unutmadıq. Ölkənin qaranlığını işığa çıxarmaq üçün savaşan mərd, cəsarətli, vətənsevər, cəsur, insanları. Biz bu yazılarla ölkənin gerçəklərinə güzgü tutduq. Heç nəyi şişirtmədən, əskiltmədən, boyamadan, necə varsa, hər şeyi eləcə göstərdik insanlara. İnciyən günahı özündə görsün, arabir güzgüyə baxsın. Güzgüyə yumruq atmaqdansa, üzündəki ləkəni silməyə çalışsın. Narazı qalan gözündəki pərdəni silib, vicdanının pəncərəsindən çölə boylansın. Orda yoxsulluqdan, evsizlikdən, ehtiyacdan, xəstəlikdən zülm çəkən insanların nə üçün narazı olduğunu öyrənsin. Bircə dəfə hər şeyə insanlığın və mərhəmətin gözüylə baxmağa çalışsın. Ölkənin sadəcə, onların oturduğu cah-calallı saraylardan, komfort kabinetlərdən, parlaq parlament otaqlarından ibarət olmadığını anlasın. Onların yaşadığı lüksdən, əyləncədən, kənarda da bir həyat olduğunu düşünsün. Olmazmı? Bu qədər çətinmi başqa insanların da insan kimi yaşamaq haqqına sayğı göstərmək? Bu qədər çətinmi hər kəsin haqqını özünə vermək? Bu qədər çətinmi insan olmaq? Bu ölkə insanının sizdən gözlədiyi artıq şey deyil ki. İnsan olun, sadəcə, insan. “İlin insanı” nominasiyası üçün yarışacaq çox səbəblər var ölkədə!