Tam yerinə düşmüşkən, “ilin karuseli” adını Məzahir Pənahov qazandı. Həm də haqq edərək qazandı. Bu seçkidə də karuseli tam gücüylə işlədi. Məktəb müəllimlərini, büdcə təşkilatında çalışanları təlimatlandırıb məntəqə-məntəqə gəzdirdi. Seçki ölkənin fəal kəsimi tərəfindən faktiki boykot olunsa da, baş saxtakar məktəbləri işə cəlb edib səsvermə görüntüsü yaratmağa çalışdı. Sosial şəbəkələr məntəqə-məntəqə dolaşıb, 4-5 yerdə səs verən belə saxtakarların şəkilləri ilə dolub-daşır. Yüz yol demişik, başında məşhur fokus ustası Məzahirin dayandığı qutudan doğru nəticə çıxmaz. Çıxsa da, ortaya çıxan ad mütləq başqasının olar. Bu dəfə Qaraçuxurdan bələdiyyə üzvlüyünə namizədliyini vermiş ictimai fəal Mehman Hüseynovun nəticəsi də belə oldu. Onun qələbəsini təsdiqləyən protokollar əlində qaldı. MSK həmin dairədən başqasının qalib gəldiyini bəyan etdi. Adına bələdiyyə seçkisi deyib keçməyin. Dünən YAP hakimiyyəti bu seçkidən xeyli pul qazanıb. Bunu bizə bir neçə mənbədən yazan məlumatlı insanlar da təsdiq ediblər.
Həmin faktlardan birini yazırıq ki, bələdiyyə sədrliyinin qiyməti haqqında tam təsəvvürünüz olsun. Biləsuvar rayonundan bir oxucumuz şahid olduğu bir faktı göndərib. Onun sözlərinə görə, rayonun Əliabad kəndində seçki bülletenləri sayılmadan təhvil verilib. Məntəqə sədrinə nədən belə etdiklərini soruşanda, bildirib ki, tapşırıq icra başçısı Mahir Quliyevdən gəlib. Oxucumuz yazır ki, Əliabad rayonun ən kiçik kəndidir. Burda bələdiyyə sədri seçilmək üçün icra başçısına ödənilən məbləğ 5 min manatdır və qiymətlər kəndin böyüklüyünə görə dəyişir. Adı əvvəldən siyahıda yer alan Elşad Nərimanov bələdiyyə üzvü seçilib. Halbuki ona ailəsindən və qohumlarından başqa səs verən olmayıb. Yeri gəlmişkən, Ağstafada da bələdiyyə sədri seçilmək istəyən namizədlərdən 5 min manat tələb olunduğu haqda məlumat almışıq. Azərbaycanda seçki modeli illərdir dəyişmir. Dünya Pənahovun təcrübəsindən bəhrələnib pul qazanmağın bu yolunu da öyrənə bilər. Hələ müəllimlərin, uşaqların, valideynlərin seçkiyə cəlb olunması da bir başqa məktəbdir. Bir də məktəb demişkən… Bələdiyyə seçkilərinin şıdırğı vaxtında saytlar belə bir xəbər yaydı ki, MSK sədrinin nəvəsi məktəbə mühafizəçi ilə gəlir. Mühafizəçi ilə gəlməyi o yana dursun, üstəlik o adam qızla bərabər dərsdə oturub ona güdükçülük edir. Heç demə bu məlumatı FB səhifəsində tanınmış aparıcı Anar Nəcəfli yazıb: “Oğlumun sinifinə təzə bir qız gəlib. Bir vəzifəli şəxsin nəvəsidir. Məktəbə mühafizə ilə gəlir. Həmin mühafizə bununla bərabər dərsdə də oturur. Hətta sinif yoldaşlarını bu mühafizə ilə qorxudur da… Bu da məktəblərdə bizim uşaqlara verilən tərbiyə!” Görünür, ölkədə məktəb dəyərini sıradan çıxarmaq məsələsi Pənahovun öhdəsinə düşüb və nəvəsi də babasından geri qalmır. Görünür, Pənahov nəvəsini bu tərbiyə ilə böyüdüb MSK-nın başına gətirmək istəyir. Necə deyərlər, “müqəddəs yerlər” boş qalmaz, ot kökü üstə bitər.