Onu siyasətə gətirən “provokativ” məşhurluq
Mehriban Əliyevanın siyasi iddiaları niyə böyükdür, bilirsiniz? Çünki o, dövlət idarəçiliyi haqqında anlayışı belə olmayan diktator ərinin yanında “böyüyüb”. Şahlıq quşu onların çiyninə xalqın seçimi və istəyi olmadan qonub. Sehrli sandıqdan bir əcaib oyunun sonunda çıxarıblar onu. 16 il dövlətin başında bu yolla qalıb, polis ordusunun arxasında gizlənib millətin qanını içə-içə. İndi də o, meydana onun gözəlçəsi çıxıb. Hikkəli və heç bir siyasi bacarığı olmayan modabaz qadın özünü zorakılıq üzərində qurulmuş sülalə hakimiyyətin davamçısı hesab edir. Hakimiyyət daxilində gedən klan davasından da qalib çıxdığını düşünür. Diktator ərinə vitse-prezident olandan sonra da prezidentliyə gedən yolunun xeyli genişləndiyini düşünür. Hər halda, düşündüyü odur ki, siyasətdə heç bir qabiliyyət sahibi olmayan ərinin ən yaxşı varisi elə özü ola bilər. Bunu dəfələrlə vurğulamışıq, Əliyeva bilik-bacarığını moda sənayesinə yönəltsəydi, bəlkə də, bu sahənin məşhurlarından biri ola bilərdi. Geyim markaları, kolleksiyaları dünyanı dolaşardı, rəngarəng fotoşəkilləri moda jurnallarının qapaqlarını bəzəyərdi. Amma bu ailənin kitabında təməlindən zəhmətlə qazanc əldə etmək olmayıb, deyəsən. Hər zaman başqasının əməyini mənimsəyib, burnu dik gəzmək qanlarında var. Üstəlik, kiçik bilik-bacarıqlarının böyük ambisiyalarına uymadığını da anlamaq istəmirlər. Əslində, Əliyeva ərinin ilk prezidentlik illərində ortaya əsl moda ikonu kimi çıxmışdı. Fotomodel kimi müxtəlif pozalarda çəkilmiş fotoşəkilləri jurnallarda dolaşır, bahalı dekolte geyimləri xarici jurnallara mövzu olur, çılğın “şoppinq” həvəsi, plastik əməliyyatlara xərclədiyi pullar haqqında məqalələr yazılırdı. Görünür, onu siyasətə həvəsləndirən də elə bu “provokativ” məşhurluq oldu. Yavaş-yavaş burnunu ölkənin siyasi mətbəxinə soxan birinci ledinin hakimiyyət iddiaları belə yarandı…
Onun siyasət anlayışı hara qədərdir?
Yaxın ətrafından sızan xəbərlərə görə, vitse-prezident xanımın gündəlik iş vaxtı cəmi iki saat çəkir. O, həmin iki saat ərzində “Port-Baku”dakı ofisində oturub lazım olan sənədləri imzalayır, tapşırıqlarını verir və çıxıb gedir öz şəxsi işlərinin arxasınca. Narahatlığa əsas yox, seçdiyi komandada onun işlərini görən yetərincə köməkçi var. Onun isə ölkənin qayğılarından daha vacib işləri var. Görüşlər keçirir, dövlət büdcəsindən milyonların silinməsi üçün layihələr cızır. Həftəlik ailənin büdcəsinə gələn milyonların haqq-hesabını aparır. Parlamentə düşəcək adamların siyahısını nəzarətdə saxlayıb, onlara düzəlişlər edir. Kimlərə hansı qiymətə mandat satılacağının qeydiyyatını aparır. Ondan geriyə qalan vaxtı da öz istirahətinə, əyləncə və komfortuna sərf edir. Dünyada gedən moda trendlərini izləyir, həftəlik görüşləri üçün geyim sifariş verir və s. Yəni, həqiqətən, manken xanımın böyük siyasətdən anlayışı yox, bunu onun çevrəsindəkilər də gözəl bilir. Yazmışdıq, ABŞ diplomatlarının məxfi teleqramlarını açıqlayan məşhur “WikiLeaks” sənədlərində Əliyevanın brend geyimləri və estetik əməliyyatlarından başqa, bir maraqlı məsələ də yer almışdı. Görüş əsnasında Mehriban Əliyeva Hillari Klintonun Demokratlar Partiyasını təmsil etdiyini eşidəndə təəccüblənir və bu təəccübünü xarici diplomatlardan gizlədə bilmir. Gününün üçdə ikisini moda və geyim maraqlarına, qalanını da pul haqq-hesabına həsr edən birinin dünya siyasətindən hardan xəbəri olsun axı?
Monarxik sistemin şahzadəsi
Mehriban Əliyeva başından bəri özünü monarxik bir sistemin şahzadəsi statusunda görüb. Onun örnək aldığı məşhurlar ancaq Səudiyyə Ərəbistanın şahzadəsi Əbdüləziz Al Səudin həyat yoldaşı Şahzadə Dina kimi qadınlar olub. Moda jurnalı buraxan, gözəl geyim həvəskarı, brend geyim mağazası, öz adına butiki ilə gündəm olan qadınlar. Amma o qadınlar heç vaxt Mehriban Əliyeva kimi burnunu dövlət işlərinə soxub, siyasi iddialara düşməyiblər. Bəlkə də, buna mövcud qaydalar və ailə ənənələri izin verməyib. Bizim vitse-prezident xanım isə Əliyevlər ailəsinin hakimiyyət ənənələrini davam etdirir. Bu ənənənin əsası hələ 60-cı illərdən qoyulub və hakimiyyət pilləsində yüksəlməyin ən çirkin üsulları da məqbul sayılıb. Xanım Əliyeva bu irsi örnək alaraq totalitar rejimin antipatik davamçısı olmaq, hələ uzun bir müddət də xalqa ot yoldurmaq istəyir. Amma o, gerçəkdən sevilən bir fotomodel ola bilərdi. Nifrətə aparan yolu özü seçdi, o zaman nəticələrinə qatlanmağı da gözə alsın. Tarixdən bütün bənzər sistemlərin aqibəti göz önündə.