
Bəxtiyar Hacıyev
❗ Döyüş bölgəsində xidmət edən hərbi qulluqçuların əmək haqlarının ikiqat yox, birqat hesablanması fevral ayı üçün də ciddi problem olaraq qalır. Yanvarda cəmiyyəti sakitləşdirib, fevralda yenə eyni qaydada, əvvəlki maaşların yarısı qədər hesablayırlar.
İşğal altında olan torpaqlarımızın azadlığı üçün canını riskə atmış hərbi qulluqçuların hərbi hissələri işğaldan azad edilmiş yeni ərazilərə köçürülüb, orada infrastruktur yoxdur, ən təməl təminatlarında belə ciddi problemlər var, qarın, soyuğun, palçığın, suyun içində, minalanmış ərazilərdə xidmət göstərirlər. Buna baxmayaraq müzəffər ordunun zabitlərinin maaşları əvvəlki kimi ikiqat yox, birqat hesablanır.
Təsəvvür edin, əvvəl Beyləqanda hərbi hissədə xidmət edən zabitlər Qubadlıya, yaxud Daşkəsəndə xidmət keçən zabitlər Kəlbəcərə göndərilirlər, minalı ərazilərdə çadırlarda qalırlar, amma aldıqları maaş 1400 manatdan 700 manata, 1200 manatdan 600 manata endirilir. Hərbi qulluqçuların da bu ölkənin digər əksər vətəndaşları kimi problemləri var. Onların da ailələrinin mənzil problemi, kirayə problemi, kreditləri, övladlarının təhsil haqqı və s. problemləri var.
Əvvəl zabit bütün işlərini 1200-1400 AZN maaşı nəzərə alaraq qururdu, tutaq ki, aylıq 300-400 manatlıq bir kredit götürürdü ailəsi üçün. Ancaq indi zəfər qazanmış ordunun zabiti 600 manatla həm bu problemləri həll etməlidir, həm də ailəsini dolandırmalıdır. Necə etsin?
Maliyyə nazirliyi “Hərbi qulluqçuların statusu” haqqında qanuna istinad edir. Halbuki, o qanuna əsasən zabitlər 5 iş günü, həftədə 41 saatı keçməmək şərti ilə işləməlidir, həftəsonları ailələrinin yanında istirahət hüququndan istifadə etməlidir. İndi hansı zabit hər gün 8 saatlıq işdən sonra Qubadlıdan, Zəngilandan, Kəlbəcərdən, Laçından ailəsinin yanına qayıda bilər?
Rəsmi qurumların hərbi qulluqçuların maaşlarının ikiqatdan birqata endirilməsini əsaslandırdıqları ikinci məqam döyüş şəraiti olmaması ilə bağlıdır. Atəşkəs dövründə təmas xətti vardı, döyüşlər yox idi, döyüş şəraiti vardı, indi hər şey bitdimi? Axı, döyüşlərin dayandırılması ilə bağlı üçtərəfli bəyanatda da “təmas xətti” ifadəsindən istifadə edilir, Xankəndi hələ erməni separatçılarının nəzarətindədir, Qubadlı, Laçın, Kəlbəcər, Zəngilan Ermənistanla sərhəddir? Sabah kiçik bir insident olsa, maaşları 1200 AZNdən 600 AZNə endirilmiş zabitlər qoruyacaqlar axı oraları!
Belə məsələlər birbaşa ordumuzun gücünə, mənəvi-psixoloji vəziyyətinə ciddi təsir edir. Dövlət yalnız şəhid olan, yaralanan əsgər və zabitlərin yox, həm də döyüşlərdə aktiv iştirak etmiş, sağ qalan zabitlərin də təminatını hamıdan yuxarıda tutmalıdır. Dövlət büdcəsinə qənaət lazımdırsa, Mərkəzi Bank kimi müxtəlif qurumların “öz hesablarına” tikdikləri yüz milyonlarla dəyəri olan inzibati binalar ləğv edilsin, canını və sağlamlığını hər gün riskə atan hərbi qulluqçuların ikiqat maaşları yox.
Maksimum paylaşaq, ictimailəşdirək məsələni. Hərbi qulluqçularımız üçün edə biləcəyimiz ən kiçik şeylərdən biri də onların maddi təminatlarının azaldılmaması, əksinə, artırılması üçün ictimai etiraz olmalıdır.