Yaxud, ən yaxşı snayper kimdir?
Əzəmətli hökumətimiz vətəndaşı darışxmağa qoymur. Hər dəfə “podnus”da yeni-yeni “uğur”lar gətirirlər və dünyanı heyran qoyurlar. Maaşların qalxması, insan haqlarına hörmət edilməsi, şəffaflıq, söz azadlığı boş şeydi, əsas odur ki, ölkəmizdə rəngarəng yarışlar keçirilir. Mədəsində boşluq yaranmış vətəndaşın gözlərini oyunlarla doldururlar. Hökumətimiz hesab edir ki, iqtisadiyyatı dirçəltmək, real islahatlar aparmaq, demkratikləşmə yolunda addım atmaq vaxt itkisidir. Bunların əvəzinə, Avropa Oyunları keçirmək, “Formula-1” yarışı təşkil etmək, “İslam Həmrəyliyi Oyunları”na start vermək lazımdır. Artıq uzun illərdi ki, heç kimin sahib çıxmadığı oyunlara ev sahibliyi etməklə, vətəndaşa minnət qoyurlar. Hər dəfə hanssıa mənasız yarışın izinə düşürlər və tapıb ölkəyə gətirirlər. Büdcə boşalır, bir qrupa adamın cibi dolur, vətəndaşın ehtiyacı artır və bu vəziyyətə “inkişaf” adı verilir. Bir sözlə, hökumətimiz mənasız yarışlar axtarışında gücləndirilmiş iş rejiminə keçib. Artıq yeni bir yarışmanın quyruğundan yapışa biliblər. Bəli, iyulun 21-dən avqustun 4-dək Bakıda atıcılıq üzrə Avropa çempionatı keçirləcək. 43 ölkədən 932 idmançı ölkəmizə təşrif buyuracaq. AzTv isə bunu növbəti uğur, dövlətin imicinin yüksəldilməsi, vətəndaşın xoşbəxtliyi kimi təqdim edəcək.
Beləliklə, dünya növbəti dəfə bizə paxıllıq edəcək. “O əjdahadan bizdə niyə yoxdur” deyib, Avropalılar, Amerikalılar həsəd aparacaqlar. Büdcəni yetim qoyanlar, gülləatanlara atalıq edəcəklər. Sanyperlər qarşıdakı hədəfi, hökumət isə növbəti dəfə büdcəni nişan alacaq. Qalstuklu rejim sözçüləri bir neçə ay ekran başında bu çempionatın nə qədər önəmli olduğunu beynimizə yeritməyə çalışacaqlar. Daha sonra isə sahib çıxmaq üçün yeni oyunlar axtaracaqlar.
Dünyanın heç bir normal ölkəsində səfil vəziyyətə salınmış xalqa hansısa idman yarışıyla təsəlli vermirlər. Təhsili, səhiyyəsi, məhkəməsi, normal iqtisadiyyatı olmayan ölkə, külli miqdarda vəsait tələb edən oyunlara sponsorluq edir.
Bu yalançılıq və talançılıq siyasəti fasiləsiz davam edir. Hökumət vətəndaşa təqdim etməyə, təbliğatını aparmağa başqa bir fakt tapa bilmir. İslahatdan qaçan, vətəndaşa sahib çıxmayan bir hökumət üçün, ən yaxşı çıxış yolu saxta uğur göstəriciləri tapmaqdır.
Reallıq isə budur ki, ölkə vətəndaşları bu oyunlara baxmaq həvəsində deyil, ölkədən qaçmaq niyyətindədir. Onminlərlə ailə Avropaya, Amerikaya mühacirət etmək üçün yollar axtarır. Ölkə insanına “formula-1” yox, normal yaşamağın formulu lazımdır. Mədəsinə ət ata bilməyən adam üçün, hansısa əcnəbi snayperin güllə atması maraqlı deyil. Avropanın iqtisadiyyatından, seçki sistemindən, məhkəmə sistemindən, təhsil sistemindən imtina edib, Avropanın oyunlarına sahib çıxmaq absurd deyilmi? Böhran ölkəni, intihar vətəndaşı, məmur acgözlüyü büdcəni nişan alıbsa, snayper hədəfi düzgün nişan alsa nə dəyişəcək? 9 vətəndaşına sahib çıxmayan hökumətin, 932 idmançıya qucaq açması gülüncdür. Vətəndaşı xəstə salıb, idmanın sağlamlığa xidmət etməsindən danışırlar.
Müxtəsər, bu ölkədə uzun illərdi ki, atıcılıq yarışı keçirilir. Hər dəfə vəzifəli atıcılar vətəndaşı hədəf seçir və taleyindən vurur. Ən yaxşı “snayper” bizim hökumətimzidir.
İlham
Oxunub: 258