Bir grup əlilli olan şəxs onlara təmin olunmalı aylıq müavinət ödənişlərinin gecikdirildiyini və ya qismən ödəndiyini deyir. İddialara əsəsan aylarla davam edən problemlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hələ də həll olunmayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bu iddialara dair cavab almaq mümkün olmayıb.
Əlilliyi olan şəxslərin şikayətləri
İyunun 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmilərilə görüş keçirdikdən sonra, əlilli olan şəxslər müzakirələr barədə mətbuata xəbər veriblər.
Zaur Hacılı BBC deyib ki, “müavinətları verə bilmirlər. Sadəcə prezident təqaüdünü əlacsız verirlər ki, prezidentin nüfuzuna zərər gəlməsin.”
Cənab Hacılı digər şəxslərin müavintləru aylarla kəsilsə də, şəxsən ona verilən məbləğin may ayında kəsildiyini deyib. O həmçinin bundan əvvəl müavinət ödənişinin ona gecikdirilərək verildiyini qeyd edib.
İyunun 22-də ona 204 manat ödənilərək, may ayında ödənilməyən məbləğin də verildiyini deyir.
Digər əlilliyi olan şəxs, Fərid Balaşov, BBC Azərbaycancaya müavinət ödənişlərinin gecikdirildiyini təsdiqləyib.
“Yanvar ayında 74 manat verdilər, 66 manatı(prezident təqaüdü) isə növbəti ayda, 140 manatla birgə verdilər”.
Keçən ay isə 66 manatlıq prezident təqaüdünün ödənilmədiyini deyən cənab Balaşov, bu məbləğin iyul ayında, digər ödənişlərlə birlikdə verilməsini gözləyir.
O, həmçinin 3-cü qrup əlilliyi olan həyat yoldaşının 47 manat təqaüdünün gecikdirilərək ödəndiyini deyir.
“Bir dəfə martda vermədilər, növbəti ayda, apreldə isə 94 manat verdilər. İndi isə may, iyun aylarını hələ də verməyiblər”.
Başqa bir şəxs, Orxan Adıgözəl, gecikmələrin 6-7 ay davam etdiyini deyib və keçən ay müavinətinin 2-3 gün fərqlə iki yarı ilə ödəndiyini, iyun ayı üçün isə müavinətinin yalnız yarısını aldığını deyib.
O, həmçinin tanışı olan 2-ci qrup əlilliyi olan başqa bir şəxsin üç aydır ki, müavinətsiz qaldığını da bildirib.
Sosial şəbəkələrdə də, bir neçə şəxs müavinətlərini gec aldıqlarını deyiblər.
Ramih Allahyarov adlı şəxs, iyun ayında yalnız prezident təqaüdünü alıdğını deyib.
Sahibə Bədəlova adlı başqa bir şəxs müavinətinin 2 ay gecikdirildiyini yazıb.
Zaur Hacılı daxil olmaqla digər şəxslər isə iyun ayında gecikdirilən müavinət ödənişlərini iyun ayının ödənişi ilə birlikdə aldıqlarını deyiblər.
Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əlilliyi olan şəxslərin bir-birindən böyük dərəcədə fərqlənən şəxsi təcrübələri barədə suallarımıza cavab almaq mümkün olmayıb.
Dolları manata dəyişə bilməyən nazirlik?
Cənab Hacılı həmçinin bildirib ki, iyunun 13-də bir qrup əlilliyi olan şəxslərlə mediaya qapalı olması şərtilə keçirilən iclasda, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, “neft satılır, valyuta dollarla əldə olunur. Dolları manata çevirən müddətdə vaxt itkisi baş verir.”
Cənab Müslümovun isə müavinət ödənişlərinin gecikdirilməsinə səbəbin bu vaxt itkisi olduğunu dediyi iddia olunur.
BBC Azərbaycanca Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, bu və digər iddiaların yaratdığı suallara cavab ala bilməyib.
Lakin ətraflı cavablar aldığımızda bu mövzuya bir daha qayıdacağıq.
Oxunub: 76