Şimali Koreya özünün ilk qitələrarası raketini uğurla sınaqdan keçirdiyini bəyan etdikdən sonra Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının çağırılması üçün müraciət edib.
ABŞ-ın BMT-dəki missiyasının verdiyi məlumata görə 15 üzvdən ibarət Təhlükəsizlik Şurasının iclası ehtimalən iyulun 5-də keçirilə bilər.
Bu arada ABŞ rəsmiləri Şimali Koreyanın verdiyi bəyanata inandıqlarını bildirirlər.
Şimali Koreyanın dövlət televiziyası bildirib ki, ölkənin Hwasong-14 raketi iyulun 4-də 2800 metr yüksəliyə qalxaraq 933 kilometr uçub və dənizdəki hədəfi vurub.
Pxenyan bəyan edib ki, “indi Şimali Koreya dünyanın istənilən nöqtəsini vura biləcək raketlərə malik tam bir nüvə dövlətidir”.
Şimali Koreya iddia edilən sınağı Təhlükəsizlik Şurasının qətnaməsinin qadağanına baxmayaraq keçirib.
Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirir ki, raket 930 kilometr uçduqdan sonra Yaponiyanın ərazi sularının yaxınlığına düşüb. Əgər belədirsə, burada söhbət az qala orta mənzilli raketdən gedə bilər.
Yaponiya hökumətinin bəyanatında deyilir ki, raketin uçuş yüksəkliyi 2500 metri xeyli keçib. Bu isə o deməkdir ki, raket Yer atmosferinə daxil olmazdan əvvəl açıq kosmosa çıxıb.
ABŞ-ın aparıcı raket alimlərindən David Wright bildirib ki, əgər raketin uçuş vaxtı və məsafəsi barədə verilən məlumatlar doğrudursa, onun uçuş trayektoriyası son dərəcə iti olmalı idi.
Buradan belə bir fikir yürütmək mümkündür ki, raket normal trayektoriya ilə maksimum 6700 kilometr məsafəni qət edə bilrədi. Belə olduqda Alyaska raketin hədəf çevrəsi içərisinə düşür.
ABŞ-ın Fox News və NBC şəbəkələri Amerika rəsmilərinə istinadən birldiriblər ki, söhbət qəti şəkildə qitələrarası ballistik raketdən gedir.
Lakin əksər ekspertlər uçuş məsafənin böyüklüyünə baxmayaraq Şimali Koreyanın hədəfi dəqiq vurmasına şübhə ilə yanaşır.
Onlar habelə Pxenyanın raketə yerləşdirilə biləcək ölçüdə miniatür nüvə başlığı istehsal etməyə qabil olduğuna inanmırlar.
ABŞ prezidenti növbəti tvitlərindən birində yazıb ki, Cənubi Koreya və Yaponiyanın belə bir vəziyyətlə uzun müddətdə barışacağına inanmaq çətindir.
Trump Şimali Koreyanın ən yaxın müttəfiqi Çini Pxenyan üzərinə təzyiq göstərməyə çağırıb.
Rusiya və Çinin birgə bəyanatında deyilir ki, onların ortaq qənaətinə görə Şimali Koreyanın nüvə və raket proqramı ilə eyni vaxtda ABŞ və Cənubi Koreyanın birgə hərbi manevrlərinin də dondurulmasına ehtiyac var.
Rusiyanın Xarici İşlər Nazirliyi bu bəyanatı Rusiya və Çin prezidentlərinin Kremldə keçiriləngörüşünün ardınca verib.
Moskva və Pekin habelə Amerikanın Cənubi Koreyada THAAD antiraket sistemi quraşdırmasını dayandırmasını istədiklərini bildiriblər. ABŞ belə bir sistemə ehtiyacın Şimali Koreyanın raket təhlükəsindən doğduğunu bildirir.
Bununla yanaşı Çinin Xarici İşlər Nazirliyi Şimali Koreyanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə çağırıb.
Rusiya Şimali Koreya raketi ilə bağlı verilmiş texniki rəqəmlərə də inamsız yanaşdığını bildirir. Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Şimali Koreyanın raketi yalnız 535 metr yüksəkliyə qalxıb.
Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, Pxenyan bu raket sınağını Şimali Koreya prezidenti Moon Jae-in-in Vaşinqtonda Trump-la görüşündən dərhal sonra keçirib. Həmin görüşdə Vaşinqton və Seul Şimali Koreyanın nüvəsizləşdirilməsi üçün danışıqların davam etdirilməsi barədə razılığa gəlmişdilər.
Raket sınağı həm də Birləşmiş Ştatların Müstəqllik Gününü qeyd etdiyi vaxta təsadüf edib.
Oxunub: 104