Yaxud, Bakıda anti-ABŞ siyasəti yürüdüb, İstambulda ABŞ-la dostluqdan danışmaq absurdluğu
Azərbaycan hakimiyyətinin daxili siyasəti kimi, xarici siyasəti də ziddiyyətlərdən, özünütəkziblərdən ibarətdir. Məhz buna görədir ki, Azərbaycanın daimi və səmimi müttəfiqləri yox səviyyəsindədir. Hamı başa düşür ki, Azərbaycan hakimiyyətinin əməkdaşlıq meyarı dəyərlərə, prinsiplərə söykənmir. Necə ki, daxildə korrupsiya ilə mübarizə təbliğatı aparıb, əməldə korrupsiyanı çiçəkləndirirlər, eləcə də xaricdə demokratiyadan, hüquqdan danışa-danışa avtoritarizmi çiçəkləndirirlər. Yəni, uzun illərdi verilən vədlərə əməl edilmir, demokratiyadan qaçmaq məqsədiylə manevrlər edilir.
Bu qeyri-ciddi, qeyri-səmimi siyasət ABŞ-la münasibətlərdə də aşkar görünür. Belə ki, ölkə daxilində anti-ABŞ təbliğatı aparılır, bu dövlətin Azərbaycana qarşı qərəzli mövqe sərgilədiyi diqqətə çatdırılır, ABŞ-ın maliyyələşdirdiyi radio qapadılır, ABŞ-ın siyasi institutları ölkədən didərgin salınır və.s
Amma bütün bunlardan sonra görürük ki, İlham Əliyev İstambulda ABŞ-ın dövlət katibi Tillersonla görüşür, ona Ermənistanın son təxribatları barədə məlumat verir, ABŞ prezidenti Trampa minnətdarlığını bildirir, “Cənub Qaz Dəhlizi” layihəsinə ABŞ-ın dəstəyini yüksək qiymətləndirir. Görüşsə siyasi və iqtisadi islahatlar, demokratiya məsələləri də müzakirə olunub.
Bir daha qeyd edirik ki, ABŞ-ın radiosunu bağlayıb, bütün ictimai təşkilatları ölkədən qovduqdan , ABŞ Dövlət Departamentinin və Konqresin bütün müraciətlərinə mənfi cavab verdikdən sonra, ABŞ-ı Ermənistanın təxribatına adekvat reaksiya verməyə səsləmək, ikitərəfli əməkdaşlıqdan danışmaq qeyri-ciddi görünür. ABŞ səfiri müsahibəsində də bildirmişdi ki, Azadlıq radiosunun fəaliyyəti onlar üçün çox pnəm daşıyır. ABŞ-ı Qarabağ məsələsində kəskin mövqe qoymağa çağırırlar, amma bir radionun fəaliyyətinə şərait yaratmaq istəmirlər. Yaxud, ABŞ-ın siyasi məhbuslarla bağlı tələblərini görməzdən gəlib, ABŞ-ı enerji sahəsində əməkdaşlığa səsləmək də absurd görünür.
YAP hakimiyyəti düşünür ki, Qərb Azərbaycanın bütün istəklərinə əməl etməli, Azərbaycan isə bütün öhdəliklərdən imtina etməlidir. Amma belə əməkdaşlıq olmur və bu formada aparılan siyasət dövlətə böyük zərbə vurur. Azərbaycan hakimiyyəti repressiv, anti-demokratik addımlardan imtina etmiş olsaydı, demokratik dünyayla səmimi münasibətlərin qurulması istiqamətində işlər aparsaydı, bugün Qarabağla bağlı danışıqlarda arqumentlərimiz güclü olardı, dünyanı fakt qarşısında qoyardıq. İndiki halda isə bütün dünya görür ki, Azərbaycan hakimiyyəti üçün önəmli olan şəxsi maraqların təmin edilməsidir.
Beləliklə, yürüdülən qeyri-ciddi siyasət, ölkəni ciddi təhdidlərlə üz-üzə qoyub. Cığal uşaq kimi birtərfdən oyuncaqları oğurlayıb, o biri tərəfdən birlikdə oynamağı təklif edirlər. Təbii ki, belə uşaqla heç kim oynamaq istəməz. Nə qədər ki, hakimiyyət demokratik dünyayla münasibətlərdə əsas tələblərdən yayınmağa çalışacaq, o vaxta qədər də Azərbyacan üçün önəmli olan məsələlər həllini tapmayacaq. Ümumiyyətlə, rəsmi təbliğatı anti-Qərb ovqatında quranların, hər hansı məsələdə Qərbdən şikayətlənməyə, Qərbə qarşı tələblər irəli sürməyə haqqı yoxdur.
Akif
Oxunub: 614