Yaxud, AzTv-dən boylanan cənnət
Bugün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Həmişə olduğu kimi ölkə başçısı giriş nitqi söyləyib, daha sonra nazirlər, komitə sədrləri hesabat verib və ölkə başçısı yekun nitqiylə iclası bağlayıb.
Etiraf edək ki, Nazirlər Kabinetinin əvvəlki iclaslarının keçirildiyi dövrlə müqayisədə, bugün ölkənin vəziyyəti daha ağırdı. Ötən müddət ərzində iş yerləri bağlanıb, maaş və təqaüdlərdə gecikmələr müşahidə olunub, qiymətlər qalxıb, ölkəmiz reytinq cədvəllərində son yerlərdə qərarlaşıb, büdcənin arıqlama prosesi davam edib və.s
Bütün bunları nəzərə alanda bu qənaətə gəlmək olardı ki, Nazirlər Kabinetinin məlum iclası daha çox tənqidi ab-havada, real vəziyyətin ciddi müzakirəsi fonunda, həqiqi islahatların vacibliyinin qeyd olunmasıyla keçəcək. Ama bu dəfə də qənaətimiz özünü doğrultmadı, hökumət komandasının fantastik optimizmi gözlərimizi qamaşdırdı.
İclasın yekununda belə məlum oldu ki, Azərbaycan problemsizlikdən əziyyət çəkir. İclası müşahidə edərkən adamın digər ölkələrə yazığı gəlir, bir anlıq başqa ölkələrdən problem almaq, dərd idxal etmək həvəsinə düşürsən. Bəli, nazlrlər, komitə sədrləri elə hesabatlar verdilər ki, tüklərimiz biz-biz durdu. Sən demə, bütün sahələrdə inkişaf cızığından çıxıbmış. Sən demə, korrupsiyanın at oynatdığı, hüquqsuzluğun meydan suladığı, işsizliyin cövlan elədiyi ölkə Azərbaycan deyilmiş. Sən demə, müalicə üçün qonşu ölkələrə üz tutanlar, xaricə mühacirət etmək üçün dəridən-qabıqdan çıxanlar, kredit borcu bataqlığında çırpınanlar, intiharı çıxış yolu seçənlər bu ölkənin vətəndaşları deyilmiş. Sən demə, milli valyutası koma vəziyyətinə düşən, büdcəsi təcavüzə uğrayan, təhsili şikəst qalan, səhiyyəsi yataq xəstəsi olan ölkə Azərbaycan deyilmiş. Sən demə, ölkəmiz idxaldan asılı vəziyyətdə deyilmiş, 20 faiz torpağımız işğal olunmayıbmış, ölkədən milyardlar offşorlara daşınmayıbmış, içdiyimiz su, yediyimiz kartof zəhərli deyilmiş və.s
Bəli, bugün keçirilən iclasın sehrindən çıxa bilməmişik. Hökumətimiz qarşıya qoyulan bütün məqsədlərə çatıbmış. İclasda gül-gülü çağırdı, bülbül də bülbülü. Bir anlıq düşündük ki, biz bu ölkədə yaşamırmışıq. Məhşur lətifədə deyildiyi kimi, iclasda deyilənlərdən sonra adam Azərbaycanda yaşamaq istəyir.
Ya biz bu ölkədə yaşamırıq, ya əsl Azərbaycan başqa yerdə yerləşir. Yaxud, biz ölkənin astarındayıq, üzünü yalnız fədakar məmurlarımız, zəhmətkeş komandanın üzvləri görə bilir.
Bir sözlə, iclasda tənəzzülün, böhranın, sosial-iqtisadi fəlakətin izi-tozu da tapılmadı. Hamı öz sahəsini çiçəkləndiribmiş. Bizim kimi hər şeyi qara rəngdə görənlər isə bu rəngarəng çiçəkləri görməkdən aciz imiş. Səbrsizlikə, növbəti iclasları gözləyirik. Adam inkişaf nəğmələri eşidir, feyziyab olur, pərvazlanır. Öz həyatımızda, ətrafımızda müşahidə etdiklərimiz boş şeydi. Əsas odur ki, AzTv-nin efirində Nazirlər Kabinetinin iclasına baxıb, həyatdan zövq alasan
İlham
Oxunub: 688