Məmurlara xəbərdarlıqlar niyə effekt vermir?
“Bu, son xəbərdarlıqdır” – bu sözləri dövlət başçısı İlham Əliyev “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib. Elə də yaxın deyil, 12 fevral 2013-cü ildə. Son xəbərdarlıq sözü məmurlara ünvanlanıb. Aradan 4 il 5 ay keçəndən sonra – 12 iyul 2017-ci ildə İlham Əliyev yenə sosial-iqtisadi inkişafla bağlı tədbirdə həmin sözləri təkrarlayıb, özünü apara bilməyən, ailəsini idarə edə bilməyən məmurların cəzalandırılacağını deyib.
Maraqlıdır ki, bu tipli çıxışlar əsasən sosial-iqtisadi inkişafla bağlı tədbirlərdə deyilir. Hər il bir neçə yol keçirilən o tədbirlərdə İ.Əliyev əsasən ölkənin “uğurlu inkişafından” danışır, çoxlu rəqəmlər səsləndirir. Məmurlara “tövsiyə və tapşırıqlar” verir. Ola bilsin, həmin tapşırıqların və rəqəmlərin bolluğundan məmurlatr başını itirir və ailələri ilə bağlı xəbərdarlıq it-bata düşür. Yaxşı olar ki, məmurların əxlaq normaları, ailələrinin davranışı ilə bağlı ayrıca konfranslar keçirilin, məsələ konkretləşdirilsin, həmin tədbirdə yalnız bu mövzuda danışılsın. Ən idealı isə məmurların həmin tədbirlərdə ailəlikcə iştirakı ola bilər. Hamı öz qulağı ilə eşidər. Bəlkə elə məmur var ki, prezidentin sözlərini arvad-uşağına çatdırmaqda çətinlik çəkir. Qorxu da ola bilər. Bəzi məmurların, ümumiyyətlə, danışıq qabiliyyəti yoxdur. Allah bilir, gedib evdə nə danışır. Ona görə ən yaxşısı məmur ailələrinin hər şeyi öz gözləri ilə görməsi, öz qulaqları ilə eşitməsidir. Məşuqələrin, katibələrin də iştirakı yalnız işin faydasına olar. Çünki elə hallar olub ki, yol polisi hansısa xanımı içkili saxlayanda polisi məmurla hədələyib, dəfələrlə bunun şahidi olmuşuq, internet resurslarında bu tip videoları indi də istənilən vaxt izləmək mümkündür, yəni reallıqdan çıxış etməliyik, ancaq bu halda uğur qazana bilərik. Prezidentin hədəsinin nəticəsi olar. Yoxsa hamısı havaya deyilmiş sözlər təsiri bağışlayır. Məmur övladları AzTV-lərə baxmır, bu, birmənalıdır. Qəzet oxumur. Əsas getdikləri yerlər restoranlar, barlar, gecə klublarıdır. Gündüzlər qəzet oxunmayan məmləkətin yarıqaranlır klublarında qəzetdən danışmaq olmaz, zəif işıqda heç oxumaq da mümkün deyil axı. Ona görə də aşağıdakı statistika, həm də sitatlar(tam olmayan) ortaya çıxır.
Səbrinizi basıb sonadək oxuyun bu sitatları. Müxtəlif mənbələrdən götürülüb, demək olar, bütün yazıların başlığı eynidir: “İlham Əliyev məmurları hədələdi”. Yaxşı alınmır, uşağı da ardıcıl, yeri gəldi-gəlmədi hədələmək onda hədəyə immunitet yaradır və bunun zarafat, nəyinsə xatirinə deyilmiş söz olduğunu düşünüb vecinə də almır… Nəticədə harın övladlar yetişir, hansısa qudurmuş basıb avtobus sürücüsünü döyür, ya da silah çıxarır, özünü kovboy kimi aparır. Beləliklə, son illərin hədələrinə birlikdə baxaq. Kimsə uzunçuluq kimi qəbul etməsin, sitatlardan faydalananlar ola bilər deyə onları bir yerə topladım.
Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası. 12 iyul 2017.
“…Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcəkdir. Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar. Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans. 30 yanvar 2017.
“…Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm.
Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır – özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır.
Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir. Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun, xoşagəlməz hallara son qoyulmalıdır”.
Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası.
10 yanvar 2017.
“…Həm bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək. Sadəcə olaraq, bu layihənin podratçıları da öz məsuliyyətini dərk etməlidirlər. İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir. Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə, bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər».
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans. 26 yanvar 2016
“…Azərbaycan prezidenti deyib ki, korrupsiya bütün ölkələr üçün böyük bəladır: “Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunur və olunacaq. “ASAN xidmət” mərkəzləri 7 milyondan çox insana xidmət göstərib, burada rüşvət yoxdur. Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur”.
“…Prezident İlham Əliyev bildirib ki, yerlərdə icra orqanları bu il əsasən iş yerlərinin yaradılması ilə məşğul olmalıdır: “Hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq”.
Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası. 14 iyul 2015.
“…Mən bunu qeyd etməliyəm. Ona görə, sahibkarlar sadə dillə desək dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa, heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm. Eyni zamanda, dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var.
Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm.
Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq”.
İlham Əliyev vurğulayıb ki, ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək: “Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın”.
Binəqədidəki yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilk iclası. 20 may 2015.
“…Əgər bütün işlər düzgün qurulsaydı, bu hadisə baş verməzdi. Azərbaycan vətəndaşları bilməlidir ki, günahkar və günahkarlar kimdir? Bu hadisəyə görə kim məsuliyyət daşıyacaq? Hər kəs nəticə çıxarmalıdır, hər bir məmur öz məsuliyyətini dərk etməlidir. Bir də qeyd edirəm ki, heç kim cəzasız qalmayacaq. Günahkarlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcək”.
“Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrqmı”nın dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans. 12 fevral 2013.
“…Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın. Nəyə görə?! Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd. Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar. Hiss edəcəklər və edirlər ki, onların arxasında güclü Azərbaycan dövləti var ki, onları heç vaxt darda qoymaz, bütün zamanlarda onlara dəstək olacaqdır.
Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir. Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?! Dövlət məmuru! Mən yenə də deyirəm, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir, ancaq belə hallar da vardır. Buna yol vermək olmaz. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət! Hər birinə, burada oturan bütün icra başçılarına. Hamısını mən təyin etmişəm. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmurlar. Hər birinə demişəm ki, gedin, insanlara arxa durun, gedin, köməklik göstərin. Gedin, hörmət edin insanlara. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bu hallar var, bunlar aradan götürülməlidir.
Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir. Özləri üçün böyük məclislər, təmtəraqlı toylar, yubileylər düzəldirlər. Yaraşırmı bu, dövlət məmuruna?! Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir, ikincisi, bununla bir yol göstərirəm. Belə olmaq lazımdır.
Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu yığışdırın, bəsdirin! Kim bunu edir, kimi mən nəzərdə tuturam bilir. Bu, həm yerli icra orqanlarına, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir. Ona görə, hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar, özləri və onların ailə üzvləri, uşaqları.
Bir neçə il bundan əvvəl mən göstəriş vermişdim ki, maşınların hamısının plyonkaları sökülsün və buna son qoyulsun. Özüm demişəm ki, mən Prezidentəm, mənim maşınımda plyonka yoxdur. Hansısa üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar. Kimdən gizlənirlər?! Ya qorxurlar ki, kimsə onları görəcək?! İndi camaat onları görsə nə olar? Əriyərlər onlar?! Nə olacaq?!
Mən demişəm, o vaxt tədbirlər görüldü, söküldü. Mənə, bu gün səhər buraya gəlməzdən əvvəl maraqlanırdım, daxili işlər naziri deyir ki, təkcə keçən il 24 min plyonka sökülüb. Bu 24 min adamın qulağı yoxdur?! Onlar eşitmir ki, mən nə deyirəm?! Yaxud da ki, onların yadından çıxır?! Bu, bəlkə də o qədər də böyük məsələ deyildir. Amma bu, bir göstəricidir. Bu, nə ayrı-seçkilikdir cəmiyyətdə?! Sənin vəzifən var, pulun var, sən özünü fərqləndirirsən?! Sən get özünü öz işin ilə, öz əməlin ilə, ağlın ilə, ölkəyə verilən töhfə ilə fərqləndir, plyonka ilə, bahalı əşyalarla yox! Ona görə mən deyirəm, – bu gün də daxili işlər nazirinə dedim, – bir də eşitsəm, bilsəm ki, plyonkalı maşın var, o maşın müsadirə edilməlidir. İndi bilmirəm, burada, qanunvericilikdə hansı düzəlişlər etmək lazımdır, onu edərik. Belə olmaz! Harınlayırlar, qudururlar, heç kimi saymırlar! Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə?! Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə, mən də çıxaracağam lazım bildikdə. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaqdır. Bunu hamı bilsin! Şəhər küçələrini yarış meydanına çevirənlər də bilsinlər! Hamısı həbs ediləcək! Vəssalam! Daxili işlər naziri gündə mənə məlumat verəcəkdir. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır. Onu hamı bilsin!
Mən hesab edirdim ki, bu barədə bir neçə dəfə dediyim sözlər hamıya çatdı. Amma görürəm ki, sonra unudulur. Bu, son xəbərdarlıqdır. Cəmiyyətdə normal davranış qaydaları var, olmalıdır. Bizi millət kimi saxlayan bizim ənənələrimizdir, adətimizdir, davranış qaydalarıdır. İndi bunu pozmaq istəyənlər öz cəzasını alacaqlar.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilməlidir. Hesab edirəm ki, biz bu işlərdə istədiyimizə nail ola bilməmişik. Baxmayaraq ki, mübarizə gedir və gedəcəkdir. Ancaq əfsuslar olsun ki, bu mübarizə lazımi səviyyədə deyildir. Korrupsiya böyük bəladır. Biz doğrudan da, inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə korrupsiyanı aradan götürməliyik”.
Bərdədə məcburi köçkünlərlə görüş. 11 sentyabr 2013.
“…Bəzi vəzifəli şəxslər əvvəllər özləri üçün təmtəraqlı yubileylər, bir neçə gün ad günləri keçirirdilər. Xaricdən müğənnilər dəvət edirdilər. Bunlar yolverilməz şeylərdir, bu, qudurğanlıqdır. Buna başqa ad vermək olmaz. Dözülməzdir. Ona görə onlara kəskin sözümü dedim ki, vəzifədən azad edəcəyəm”. Bunu prezident İlham Əliyev Bərdədə məcburi köçkünlərlə görüşdə deyib. Onun sözlərinə görə, bu xəbərdarlığı məmurlara dərs olub: “Cəmiyyətdə normal davranış qaydaları olmalıdır. Qanun öz yerində. Qanunun aliliyi hər şeydən üstündür. Ancaq cəmiyyətimizin əsasları, ənənələri, milli dəyərləri vardır. Böyük-kiçik, davranış qaydaları var. Biz bunu poza bilmərik. Bizi əsrlər boyu bir millət kimi saxlayan milli dəyərlərimiz olub. Böyük-kiçik münasibətləri, normal davranış qaydaları – bizim milli xüsusiyyətlərimizi təsdiqləyən və göstərən amillər bunlardır. Ona görə də yersiz hərəkətlər, təmtəraqlı tədbirlər olmamalıdır. Vəzifəli şəxslər təvazökar, xalqa xidmət edən, dövlətə, dövlətçiliyə sədaqət göstərən şəxslər olmalıdırlar”.
Bakının Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılış mərasimi. 25 dekabr 2013.
“…Bəzi hallarda ədalət pozulur. Ədalət pozulduqda insanların inamı itir. Çünki ən böyük problem odur ki, beynəlxalq əlaqələrdə, ölkələr arasındakı münasibətlərdə və istənilən sahədə ədalət pozulur. Ona görə hər yerdə ədalət olmalıdır.
Mən bilirəm, yəqin ki, siz də, ictimaiyyət də bilir, ünvanlı sosial yardım ilə bağlı problemlər var idi. Onlar aradan qaldırılacaq. Ədalətsizliyə yol verilirdi. Yardıma ehtiyacı olanlar yardım ala bilmirdilər. Ehtiyacı olmayanlara müəyyən şərtlərlə yardımlar verilirdi. Mən dəfələrlə vətəndaşlara müraciət etmişəm ki, xoşagəlməz hallar haqqında, ədalət pozulduqda məlumat versinlər.
Mən əminəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün xoşagəlməz halları yaxın zamanda aradan götürəcək. Ciddi təmizlik işləri aparılır, rüşvətə, korrupsiyaya bulaşmış məmurlar işdən çıxarılır. Mən bunu alqışlayıram. Hər bir yerdə belə olmalıdır. Ədalət və eyni münasibət hamıya olmalıdır və olacaq. Bilirsiniz, beynəlxalq əlaqələrdə də, beynəlxalq məsələlərdə də ədalət pozulur. Bizim Qarabağ kimi problemimiz ona görə həll edilmir ki, ədalət yoxdur. Beynəlxalq hüquq, ədalət, tarixi ədalət pozulur. Ancaq bəzi ermənipərəst qüvvələr bunu görmək istəmirlər. Ədaləti bərpa edəcəyik, həm ölkə daxilində, həm beynəlxalq müstəvidə.
Ona görə istəyirəm ki, bu gün məni bütün məmurlar bir daha eşitsinlər. Mən bu barədə dəfələrlə demişəm. Azərbaycan dövləti korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi və güzəştsiz, amansız mübarizə aparacaq”.
“Rabitə işi” və MTN-çilərin məhkəməsi göstərir ki, bütün bu illər ərzində müxtəlif tədbirlərdə səsləndirilən hədələr, silkənən barmaq məmurların heç telinə də toxunmayıb. Hədənin yeni metodlarını düşünmək gərəkdir. Düşünün, cənablar, düşünün…
Rövşən Hacıbəyli
Oxunub: 1128