Pullar buna məsuliyyəti olanların hesabına ödənməlidir
Ləğv prosesində olan “Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 87 milyon 601 min manat təşkil edib. Onlardan 50 milyon 714 min manatı qorunan əmanətlər, 43 milyon 885 min manatı isə kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 43 milyon 222 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 98,5 faizi). 662 min manat isə ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Iqtisadçı-ekspert Nemət Əliyev bu məlumatı inandırıcı hesab edir. Ekspert deyir ki, Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna dövlət büdcəsi hesabına vəsait ayırıb. Həmin vəsait də Fondun nizamnamə kapitalını artırmaq üçündür:
“Yerdə qalan əmanətlərin əmanətçilərə ödənməməsi ciddi narahatlıq yaradır. Bunun obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəb müvəqqətidir. Obyektiv səbəb isə bankların vəziyyətinin ağır olmasıyla bağlıdır. Bank sektoru çöküb. Məsuliyyət də həmin sektorun, Mərkəzi Bankın və hökumətin üzərindədir. Hökumət elə bir siyasət yürüdüb ki, nəticədə bank sektoru çöküb. Vəziyyətdən çıxış yolu kimi əmanətləri xalqın cibindən ödəyirlər. Əmanətlər verilməsə banklar daha da pis günə düşəcək. Çünki insanların ona inamı qalmayıb və bu vəziyyət bankları daha da çökdürəcək”.
Ekspert deyir ki, bank sektoru olmasa, ölkənin iqtisadi fəallığını gözləmək də olmaz. Xalqın pullarının qaytarılması üçün çıxış yolu isə budur – bankların hamısının varidatını satışa çıxarmaqla əmanətçilərin əmanətlərini ödəmək lazımdır. Eləcə də, bankların əhatəsində birləşən şəxslərin, dövlət məmurlarının vəsaitləri hasabına xalqın banklarda batan pulu qaytarılmalıdır. Əhalinin bir cibindən alıb o biri cibinə qoymaqla kimisə aldatmaq yaramaz. Onların əmanəti yalnız bu işə rəvac verənlərin və məsuliyyəti olanların hesabına ödənilməlidir.
azadlıq.info
Oxunub: 528