İbtidai dövrdən üzü bəri tarix kitablarını neçənci dəfədir ki, vərəqləyirəm. O məqsədlə ki, hakimiyyətin “Müstəqil Azərbaycan” adlandırdığı ölkədə mövcud olan absurd vəziyyəti hansı siyasi formasiyaya oxşatmaq olar…
Quldarlıq, feodalizm, kapitalizm, sosializm, müxtəlif “izmlər” müxtəlif adda dövlətlər, savaşlar, işğallar, azadlıq mübarizələri və s. və i.a… Hər bir dövrün, baş verən hər bir olayın məqsədi, məramı izah olunacaq dərəcədə aydındır…
Gəl ki iyirmi beş illdir Azərbaycanda hamı, tələbədən tutmuş masir tarixin “akademik”i Yaqub Məmmədova qədər “tarixşünaslar” baş sındırırlar ki, müasir Azərbaycandakı quruluşun adını nə qoysunlar və necə izah etsinlər… İcma quruluşu? Yazılanlara görə, adı çəkilən formasiyada “məmə” deyəndən “pəpə” yeyənə qədər hamı bərabər idi, nə əldə olunurdusa ata malı kimi bərabər bölünürdü. «Bu mənim oğlumdur», «qızımdır», «qohumumdur», «bu yaddır» məsələsi yox yerindəymiş. Birikmiş qaydalar varmış və həmin qaydaları pozmaq kimsənin ağlına gəlməzmiş. Demək, 4 min, 5 min il əvvəlki şifahi icma qaydalarını Azərbaycanın indi kağız üzərindəki qanunları ilə tutuşdurmaq günah iş olardı. Enində-sonunda bu işin sorğu- sualı var axı…
Burada Qafqaz müsəlmanları şeyxi Allahşükür Paşazadənin dahiyanə etirafı yada düşür… Bəli, vicdanlı olmaq Azərbaycan hakimiyyətinə, onun məmurlarına, din xadimlərinə əl verməz. Hətta “Vicdan” adlanan anlayış onların rahat yaşayışına ciddi şəkildə mane olar… Odur ki, bu fikirdən yan dururlar.
Bəlkə quldarlıqla tutuşduraq? Yox əşi, quldar öz qulunun yeməyinə, içməyinə, geyim-keçiminə göz olardı ki, qul işləyə bilsin. Bazara çıxaranda filan qədər qiymətə tacirlərə sata bilsin. Yoxsa hansı tacir toqqanağı çıxmış qula bir ətək pul verərdi… Qulun da əməlli-başlı qiyməti var idi. Bu gün Azərbaycan insanının dəyəri bir abbasıya da dəymir.
Feodalizm? Bunun da böyük əmması var. Düzdür, müqayisə edəndə ağa, nökər məsələsində yaxınlığı var, gəl ki, o dövrdə, yeri gələndə, ağa nökərinin təəssübünü çəkərdi, geyim-keçiminə, güzəranına diqqət yetirərdi. Bəzən nökərlə məsləhətləşər, ağıllı fikirlərini də qəbul edərdi. Bir çox səbəbdən bu da düz gəlmir…
Kapitalizmə gəldikdə, burda vəziyyət daha da tündləşir. Belə ki, kapitalizimn bir formasiya kimi tələbləri, qanunları daha mükəmməldir. Gərəkdir ki, ilk növbədə mülkiyyət hüququn qorunsun, ölkədə ədalətli rəqabət sistemi mövcud olsun. Bunlar əsas şərtləndəndir. Qazancdan dövlətə doğru-düzgün vergi ödəyəsən, burdan da ictimai ehtiyacların qarşılanması üçün büdcə ayrılsın.
Azərbaycanlı kapitalist, zamanının ən böyük və əzəmətli iş adamı olan Hacı Zeynalabdın Tağıyev onun təbliğatı üçün nəzərdə tutulmayan “Həyat” adlı qəzetin nəşrinə icazə almaq üçün hətta Peterburqa, çarın sarayına adam göndərmişdi. İndi bir barmağınızı qatlayın ki, Azərbaycan oliqarxlarından hansı bu tələblərə cavab verir? Xarici banklarda yatırılan pullar, müxtəlif adlarla fəaliyyət göstərən, milyonlarla gəlir gətirən şirkətlər, saraylarda gizlədilən daş-qaşlar, qızıl külçələri, qiyymətli əntiq əşylar, növbənöv bahalı maşınlar, Xəzər sahillərində ölkənin səfalı yerlərində, hətta xaricdə ucaldılan təmtaraqlı qəsrlər, villalar, restoranlar hansı halal zəhmətin, doğru biznesin hesabına başa gəlib? Hər bir hökümət məmurunun, onun ailəsinin adicə gündəlik sərf etdiyi cib xərci ilə yüzlərlə Azərbaycan ailəsi bir neçə ay doyunca yemək yeyər, əyninə başına ucuzvari pal- paltar alardı…
Burada Tarixi bir haşiyə: Elxanilər( Hülakular) dövlətinin tarixi ilə bağlı tədqiqat aparan tarixçilərdən biri yazır ki, Bağdad tutulduqdan sonra xəlifənin yığdığı var-dövlət Hülaku xanı heyrətə salır. Əsir alınan xəlifəni hüzuruna gətirirlər. Sorğu- sual zamanı xəlifə sarayın altında qızıldan bir hovuzun olduğunda etiraf edir. Hovuzu qazırlar, görürlər ki, onun altı yüz misqallıq təmiz əyarlı qızıl bahalı daş-qaş doludu. Hülaku xəlifədən soruşdu: Görünənlərin hamısı sənindirmi? Xəlifə “Əlbəttə” deyə cavab verdi. Sonra üzünü xəlifənin müşayiət edənlərə tutdu: söyləyin görüm, siz bunun yanındasınız, yoxsa haqqın? Onlar bu sual qarşısında bir-birlərinə baxdılar, bir qismı «biz Haqqın yanındayıq»- dedilər. Çünki Haqqı bilməyən xalıq tanımaz. Başqa bir qisimi «Biz xalqın yanındayıq»- dedilər. Çünki Tanrı insanları bir-birinə xidmət üçün yaratdı. Bu zaman Hülakünün yanında olan azərbaycanlı alim Xacə Nəsrəddin Tusi üzr istəyərək bunları dedi: “Xalq yer üzündə haqqın bir kölgəsi kimidir. İstər xalqa doğruluqla hizmət, istər haqqa niyyətlə hizmət etmək, nəticə Tanrı tərəfində eyni qiymətləndirilir. Amma, nə xalqa, nə də Haqqa hizmət etməyənlər vardır. Belələri insan deyillər. Mənlikləri satılıq olduğundan bunlar insan cildində olan heyvandılar». Hülaku Tusini dinlədikdən sonra üzünü xəlifəyə tutdu: «İndi mənim anlamıma görə sən şeytanlardan birisən. Sən öz xalqının halına, güzəranına bir bax, sonra da dönüb öz cah-cəlalına, sarayına bax, sənin kimisi bu günə qədər yediyi yeməkləri yeməməlidir. Qızıla boğulduğun üçün qızıl ye və iç. Bundan sonra yeyəcəyin bu təpələnmiş ləl-cəvahirat, qızıllar olacaqdır». Sonra əmr etdi ki xəlifəni boş otağa atıb, qabağına qızıl, gümüş və incilərlə dolu xonçalar düzsünlər. Elə də elədilər. Tək otaqda qalan xəlifə aclığa və susuluğa tab gətirməyib canını tapşırır.
Bu da bir müqayisə materialı idi. Məqsəd də budur ki, bu quruluşu nə adlandıraq? Tarixçilərin savadı-biliyi çatarmı bu quruluşa bir ad verməyə?
Tural Abbasov
Oxunub: 798