Məhkəmədən daha bir absurd. Jurnalistin 28 sentyabra bağlı şikayətinə məhkəmə oktyabrın 9-da baxacaq?!
Araşdırmaçı jurnalist Xədicə İsmayıl ölkədən çıxışına qoyulan qadağanın götürülməsi üçün məhkəməyə müraciət etmişdi. Binəqədi Rayon Məhkəməsi onun iddiası təmin etmədiyindən jurnalist apelyasiya şikayəti vermişdi. Dünən Bakı Apelyasiya Məhkəməsində işə baxılıb və… proses oktyabrın 9-a təxirə salınıb.
Xədicə İsmayıl korrupsiya ilə mübarizə sahəsində “Allard Prize” mükafatına 3 əsas namizədlərdən biri olduğundan sentyabrın 28-də Kanadada keçiriləcək mükafatın təqdimat mərasiminə dəvətliydi. Bu səbəbdən jurnalist ölkədən çıxışına qoyulan qadağanın götürülməsi üçün məhkəməyə müraciət etmişdi.
Məhkəmə dünən işə baxıb və sentyabrın 28-nə bağlı tədbir üçün müraciətə tədbirdən 11 gün sonra keçiriləcək prosesdə aydınlıq gətiriləcəyini bildirib. Belə yanaşma yalnız Azərbaycan məhkəmələrinin, azərbaycanlı hakimlərin ağlına gələ bilər.
Yeri gəlmişkən, tədbirə getməyə imkan verilməsə də, Xədicə İsmayıl daha bir nüfuzlu mükafata – Alternativ Nobel mükafatına (Right Livelihood Award) dürüstlüyə görə – layiq görülüb. Təbrik edirik.
Oxunub: 1194