Fərzalı Əhmədov: “Həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən çox əziyyət çəkirəm”
Ucar rayonu Qazyan kənd sakini, sahibkar Əhmədov Fərzalı Əhməd oğlu redaksiyamıza müraciət edərək, sabiq nəqliyyat naziri Ziya Məmmədovun ona 40 (qırx) min manat borcunun olduğunu bildirib. Şikayətçi sabiq nazirin borcu vermədiyini və öyrədilmiş adamları vasitəsilə onu döydürdüyünü söyləyib.
Sahibkar Z.Məmmədovun ona olan borcundan 60 min manatı ödədiyini, qalanından isə imtina etdiyini qeyd edib: “Ziya Məmmədov fermamı saxtakarlıq yolu ilə aldadıb ələ keçirib. Bu azmış kimi 40.000 manat borclu qaldığı pulu verməmək üçün məni öyrədilmiş adamlar vasitəsi ilə döydürdü. Ucar rayonunun Qazyan kəndində yaşayıram. Kənddə sovet dövründən qalma fermanı özəlləşdirib almışdım. Burada 150 baş iri buynuzlu mal-qara və 600 baş qoyun saxlayırdım. 2014-cü il tarixdə Ziya Məmmədov adamlarını göndərdi ki, fermanı mənə satmalısan. Mən razı olmadım. Ancaq həmin vaxt Ucarın icra başçsı Yaşar Məmmədov (Ziya Məmmədovun qohumu hazırda Qubanın icra başçısı) və mənimlə eyni kənddə yaşayan icra başçısının müavini Vaqif Mehdiyev (hazırda da həmin vəzifədə işləyir) mənə çox hədə-qorxu gəldilər ki, sən bu fermanı Ziya Məmmədova satmalısan, əks təqdirdə əlindən alınacaq, sənə də pul verilməyəcək. Hətta icra başçısının müavini Vaqif Mehdiyev mənə dedi ki, 150.000 manata satsan, onun 10.000 manatı mənimdir. Həmin vaxt Ziya Məmmədov Ucar rayonunun “ağası” hesab olunurdu. Buna görə qorxub razılaşdım. Ziya Məmmədovla ilk dəfə 150.000 manata razılaşsaq da, sənədləşdirmə vaxtı mənə dedilər ki, sənə 100.000 manat pul veriləcək, özün də fermada müdir işləyərsən. Sənədləşdirmə zamanı mənə cəmi 20.000 manat pul verdilər, fermada da müdir işləyəsi olmadım. Sonra isə 2000-3000 olmaqla hissə-hissə pulumu verdilər. 40.000 manat borclu qaldılar. Fermanın əhatəsində olan torpaqları da saxtakarlıqla ələ keçirdilər. Həttda Qazyan bələdiyyəsindən 15 illik icarə ilə əlavə götürdüyüm 10 hektar torpaqdan da mənə zorla imtina etdirdilər, onu da aldılar. “40.000 manat pulu verəcəyik” deyə-deyə məni süründürməçiliyə məruz qoyublar. Ferma və 100 hektardan çox torpaq sahələri Ziya Məmmədovun Emin Eminov adlı qohumunun adına sənədləşdirilib”.
F.Əhmədov döyülməsi ilə bağlı şikayət etdiyini də bildirdi: “Döyülməyim barədə Ucar rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdim. Xəsarət almışam, hazırda da özümü pis hiss edirəm. 65 yaşım var, mən heç vaxt belə alçaqlıqla üzləşməmişdim. Deyirdilər ki, Ziya Məmmədov və onun qohumları əclaf adamlardı, bunun əyani şahidi oldum. Həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən çox əziyyət çəkirəm ki, belə bir vicdansızlıqla, alçaqlıqla üzləşmişəm. Mənim halal əmlakım olan fermamı əlimdən saxtakarlıqla alan Ziya Məmmədovun qardaşı oğlu, Baş Prokurorluğun əməkdaşı Namiq Məmmədov Ucar rayon Polis Şöbəsində aparılan araşdırmaya təzyiq göstərir deyə heç bir tədbir görülmür. Onu da qeyd edim ki, baş prokurorluğun əməkdaşı Namiq Məmmədov əmisi Ziya Məmmədova məxsus Ucar rayonunda yerləşən bütün obyektlərinə birbaşa özü nəzarət edir. O tez-tez həmin fermaya gəlir. Ziya Məmmədov mənim fermamı ələ keçirdikdən sonra Qazyan kənd camaatının əkin sahələrinə gedən yolu bağlayıb, suvarma kanalına böyük bir boru atdırıb, sakinləri yol və su üzünə həsrət qoyub. Kəndin əkin torpaqları susuzluqdan yanıb məhv olur, yolsuzluqdan camaat əkin sahələrinə gedə bilmir. Kənddə olan meşə zolağını da zəbt edib, orada da mal otarırlar. Kənd sakinləri məni ittiham edirlər ki, belə bir vicdansızları sən kəndə gətirib bizim başımıza bəla etdin. Ziya Məmmədov özü şəxsən bir-neçə dəfə fermaya gəlib baxıb. Qeyd edim ki, yaşadığım Qazyan kəndi ilə Ziya Məmmədovun doğulduğu Qazqumlaq kəndinin arasında 25 km yol məsafəsi var. Mən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan çox-çox xahiş edirəm mənə kömək edin.
Qoçuluq, reketlik, özbaşınalıq edib fermamı əlimdən saxtakarlıqla alıb 40.000 manat pul borcunu verməyən və məni döydürüb xəsarət yetirən sabiq nəqliyyat naziri Ziya Məmmədovun barəsində ciddi tədbirlər görəsiniz. Həmçinin Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralovdan xahiş edirəm ki, Namiq Məmmədovun əməllərini araşdırıb onun barəsində ciddi ölçü götürəsiniz. Mən dövlətimizi sevən zəhmətkeş, halal insanam. Ziya Məmmədov və onun qardaşı oğlu Namiq Məmmədov isə dövləti və qanunları öz maraqlarına qurban verən verirlər. Xahiş edirəm mənə kömək edəsiniz”.
Oxunub: 584