Bir dəfə telefonum itirmişdi. İtən kimi xəbər tutdum. Zəng etdim, adam götürdü. Dedi sabah görüşərik, verərəm. Amma, sabah tamah ona güc gəldi. Gizləndi, telefonu da söndürdü. Şikayət elədim. İp ucu kimi dedim ki, itəndən sonra telefonla danışmışam.
Aylar ötdü, polisdən səs çıxmadı. Bir gün baxdım ki, itən nömrəm aktiv oldu. Dərhal zəng vurdum. Gənc oğlan idi. Uzun söhbət elədik. Başınızı ağrıtmayım, mövzumuz onsuz uzundur, adam sözünün xülasəsi bu oldu ki, açıl başımdan, zəhləmi tökmə.
Sonra “işi” araşdıran polisə zəng vurdum ki, hərif işilib, gör neynirsən. Ancaq, polis naşılığı ucbatından əməliyyat qurub adamı tuta bilmədi. Səhəri nömrəyə zəng də çatmırdı.
Yenə də özüm. Cəld şirkətə gedib, həmin itən nömrəmlə hara ilə danışılıb onun siyahısın aldım. Gətirib verdim müstəntiqə. Dedim buyur, bundan sonra da adamı tapa bilməsən, bu dəfə sənə qarşı iddia qaldıracam.
2 saat keçmədi, zəng gəldi ki, müəllim, buyur metropolitendəki polis idarəsinə (telefon metroda itmişdi). İdarəyə girər-girməz bir çəlimsiz, çox zavallı qadın rəsmən ayaqlarıma döşəndi. Pis bir vəziyyət əmələ gəlmişdi. Çaşıb qalmışam, arvad özün öldürür, deyir məni çevir uşaqlarının başına. Al bu telefonun, bu da pul.
İndi bu xanımı sakitləşdirib söhbət eləmək olmur ki, bəs bu nə işdi başımıza gətirirsən? Bir kəlmə ağzımı açıram, bu qışqırıb ağlayır, özün öldürür.
Birdən telefona gözüm sataşdı ki, axı bu heç mənim telefonum deyil..
Dedim, dəyərli ziyalımız! Hər şey bir yana, axı bu heç mənimki deyil. Arvad bu dəfə fəryadın lap üst səviyyəsinə ulaşdı. Göz yaşı sel kimi səpələnirdi. Dedi ki, bala, and ola Allaha, mən bunu tapmışam.
Mən telefon itəndən təxminən 7-8 dəqiqə həmin nömrəyə zəng etmişdim. Buna görə bir anlıq düşündüm ki, İlahi, bəlkə Azərbaycanda elə mahir oğrular peyda olub ki, bahalı telefon oğurlayıb, onun üstündəki nömrəni köhnə, ucuz telefona qoyub yerə tullayırlar ki iz itsin, başqaları qurban getsin. Belə bir fantastik ideya ona görə ağlıma gəldi ki, qadın məni, müstəntiqi, polis rəisin də göz yaşları, fəryadları ilə ram edib, özünə inandırmışdı.
Hə, bu ara yada salım ki, mənimlə ikinci dəfə danışan arvadın əsgərlikdə olan oğlu imiş. Ağıla bax. 3 manatlıq nömrəni də qənimət biliblər 🙂
Belə bir situasiyada sən nə edərdim, əziz oxucu? Heç nə, adam qalır, belə. Hamımız bir-birimizə baxdıq. Birdən evrika!
Dedim, yoldaş müstəntiq bir dənə o kağız var haa, mobil şirkətdən almısan, ona baxa bilərsən? Dedi, əlbəttə, nə məsələdi?
Dedim, bax görək bu axırıncı dəfə mənlə danışarkən, zəng hansı “imei kod”lu cihazdan edilib. Dedi tutaq ki, “xyz”. Dedim, ölənlərin rəhmət, indi bir dənə bax ki həmin kod telefon itənə edilən zənglərdəki kodla eynidir? Dedi, bəli. Məsələ, aydın oldu. Xanımı ifşa eləmişdim. Tağı müəllim demişkən, burcutmağa yer qalmamışdı. Fəqət!
İndi gəl bunu xanıma başa sal. Adam bilmir imey kod nədir? Necə başa salmaq olar ki, ay bacı bax, bu rəqəm sübut edir ki, yalan danışrısan. Yoldaş Ədilovun telefonuna şəxsi mənafeyin naminə qanunsuz olaraq tamah salıb onun şəxsi əmlakın özününküləşdiribsən. Biz deyirik imey kod, arvad deyir, Allah haqqı, balam canı…Biz deyirik şirkətdən təqdim olunan arayışda qeyd edilib ki, filan bəsməkan, arvad deyir, ayaqlarınız altında ölüm, elə deyil belədi. Xanımın arada pauzasın basıb deyirik ki, ay bacı, telefonun başına nəd aş salmısan de, çıxaq gedək işimizin dalıyca. Sən də rahat ol, biz də. Qorxma, adam tutan filan yoxdur. Kimə deyirsən.
Bu an Azərbaycan polisinin möcüzəvi məharəti işə düşdü. Rəis əlin stola vurub qışqırdı: Ayə, Məzahir, davay, bunu aparın məhkəməyə 1 aylıq yollayın türməyə!
Val o dəqiqə dəyişdi, o dəqiqə. Həmsöhbətimiz, zərif cinsin nümayəndəsi başladı hadisə necə, nə cür olub detallı danışmağa. Qalanı, qalsın.
Sözüm nədi? Biz Azərbaycanı qəsb edən qüvvələrlə çox zaman “imey kod”, başqa bu cür müraciətlərlə, istinadlarla danışırıq, onları qanuna, bəşəri dəyərlərə hörmətə səsləyirik, deyirik yoldaşlar, ölkəmizin imicin korlamayın, qoşulduğumuz beynəlxalq konvensiyalar əməl edin, bəzilərimiz deyir ki məşhər günü Malik sizin ciyərinizdən basdırma bişirəcək və s.
Amma mənfur rejim üçün bu söhbətlər hamısı anlaşılmazdır. Bütün xalqdan ayrı düşən, saxta korrupsiner rejimlər belədir. Bax belə rejimlərə vəziyyəti başa salmaq üçün, o polis rəisinin əlin stola vurduğu kimi bir işlər görmək lazımdır. Elə iş ki, avtoritar rejim bilsin ki, nə var, nə yox, nə xəta edib, hansı səhvlərin yiyəsidir və onları düzəltməsə onu hansı cəza gözləyir. Bax, o iş kütləvi aksiyalardır, mitinqlərdir.
Avtoritar rejimləri kütləvi etiraz aksiyaları kimi cilovlayan, islah edən vasitələr çox azdır. Odur ki qarşıdan 28 oktyabrda Milli Şuranın növbəti dinc aksiyası gəlir. Oxuyun, düşünün, yazdıqlarımda məntiq gördünüzsə, o mitinqə biganə qalmayın.
Oxunub: 902