“The Guardian” yazır ki, Türkmənistanın diktator prezidenti bu vaxtadək bir neçə sahədə – yazıçılıqda, atçılıqda, müğənnilikdə və sairdə fitri istedadlarını nümayiş etdirib və indi ölkənin dövlət televiziyasının xəbərlərinə inansaq, o həm də yüksək səviyyəli qolf ustası imiş.
Şəxsiyyətinə ifrat pərəstiş yaradılmış Qurbanqulı Berdımuxammedov bu yaxınlarda qolf əfsanəsi Jack Nicklaus-a ölkə paytaxtı Aşqabadın ətraf rayonlarından birində qolf kursunun tikintisini sifariş etmişdi.
Altın Asır telekanalında və Azadlıq radiosunda dərc olunmuş videoda “küləkli havaya baxmayaraq xalqımızın liderinin kürəni 75 metrdən çalaya saldığı” iddia edilir.
Amma sözü gedən videolarda millətin liderinin o məsafədən kürəni çalaya salmasının təfərrüatları görünmür. Görünən yalnız Berdımuxammedovun şarı çox əziyyətsiz və yavaş zərbə ilə vurmasıdır.
Lakin kamera, tez bir şəkildə, alqışlayan və çəpik çalan kütləni, bunun ardınca isə şəxsən Niklausun təbriklərini qəbul edən prezidenti göstərir.
Məqalədə deyilir ki, ABŞ qolferi Nicklaus Design bütün dünya boyunca yüzlərlə qolf kursu düzəldib, lakin onun türkmən sifarişinə xüsusi diqqətlə yanaşdığı bildirilir.
Şöhrətli pensiyaçı deyilənlərə görə kursun tikintisi vaxtı Türkmənistana 6 səfər edib və hər dəfə də liderlə şəxsən görüşüb.
Keçmiş diş həkimi Berdımuxammedov 2006-cı ildən Türkmanıstan prezidentidir, çox sayda insan haqları pozuntularına imza atıb və onun ölkəsi dünyanın ən qapalı ölkələrindən biridir
Berdımuxammedovun qızıldan tökülmüş atlı heykəli paytaxtın mərkəzini bəzəyir.
Hökumət nəhəng qaz yataqlarından gələn milyardlarla dollar gəliri nəhəng, amma lüzumsuz və dəbdəbəli layihələrə xərcləyir.
Bəzi məlumatlara görə sentyabr ayında keçirilmiş Asiya Döyüş Oyunları çempionatına 5 milyard dollar xərclənib.
Amma indi Berdımuxammedovun təzə heyranlığının obyekti qolfdur.
Hərçənd pensiyaçı Nicklaus müxbirlərin siuallarına cavab verərkən qolf kursunun prezidentin nəyinə lazım olduğunu bilmədiyini deyib. Beləki Türkmənistandakı 2500 əcnəbidən başqa qolfa həvəs göstərən kimsə yoxdur.
Amma Berdımuxammedov Niklausa deyib ki, o ölkəsinin hər vilayətindəki insanları qolf kursu ilə sevindirməyi düşünür.
Nicklaus Design şirkətinin sözçüsü “The Guardian” qəzetinin çoxsaylı sorğularına cavab verməyib və buna görə də Berdımuxammedovun bu yeni hobbisinə nə qədər xərcləməsi barədə sual açıq qalıb.
Qəzet həm də liderin kürəni 75 metrdən çalaya salmasının təfərrüatları ilə maraqlanmaq istəyirdi.
Bu ilin əvvəllərinfə Türkmənistanın dövlət mediası yazırdı ki, Donald Trump yeni qolf meydanı ilə bağlı Berdımuxammedovu təbrik edib və əslində Nicklausu Türkmənistan liderinə o məsləhət görübmüş.
“Mənim dostum Jack Nicklaus Aşqabada səfərdən yenicə qayıdıb və mənə Türkmənistanın gözəllikləri və türkmən xalqının qonaqpərvərliyindən bəhs edib” , deyib Trump Türkmənistan mediasının iddiasına görə.
“The Guardian” yazır ki, Berdımuxammedovun qolf göstəricisi hələlik Şimali Koreya lideri Kim Yong İlin göstəricisindən geridə qalır.
Kimin cangüdənlərinin dediyinə görə onların lideri kürəni çalaya 100 metrdən salıb.
Oxunub: 398