Milyonlarla dövlət vəsaitini mənimsəməkdə suçlanıb həbs olunan məmurların cəzası xeyli azaldılıb. Söhbət Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri olmuş Vidadi Zeynalov, “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynovdan gedir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər birinə 13 il həbs cəzası verilmişdi. Amma apellyasiya məhkəməsi V.Zeynalovun cəzasını 4 ilə, B.Hüseynovun cəzasını isə 7 il 6 aya endirib. Noyabrın 8-də Bakı Apellyasiya Məhkəməsində bu haqda qərar verilib.
Qərara əsasən, “Rabitə işi” üzrə həbsdə olan və 3 ildən 11 ilə qədər cəza alan daha dörd nəfər – “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin təsisçisi və direktoru Namazalı Məmmədov, “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin baş mühasibi olmuş Anar Mustafayev, “Azərpoçt” MMC-nin sabiq rəhbəri Qəmbər Bəybalayev və “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov isə azadlığa buraxılıb. Onlara CM-nin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub.
Adları çəkilən sabiq məmurlardan N.Məmmədova 11 il, E.Məmmədova 10 il, A.Mustafayevə 5 il, Q.Bəybalayevə isə 3 il həbs cəzası verilib.
Noyabrın 7-də məhkəmədə qərardan öncə prokuror çıxış edib. O, apellyasiya şikayətlərinin təmin olunmamasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanmasını istəyib.
V.Zeynalov prokurorun çıxışına qısaca belə reaksiya verib: “Mənim qanun qarşısında heç bir günahım yoxdur. Sadəcə, prezident qarşısında günahkaram”.
Ardınca hakimlər kollegiyası qərar vermək üçün müşavirəyə gedib.
Oxunub: 646