Azərbaycanda vəkillərin nümayəndəlik institutunun ləğv olunmasından sonra qanuna edilən dəyişiklik problemi həll etməyəcək, hüquqşünas Fərhad Mehdiyev deyir.
“Hazırda Azərbaycan məhkəmələrində 337 000 iş vardır. Əsas çoxluğu mülki işlər təşkil edir. Ölkədə isə 1000-ə yaxın vəkil fəaliyyət göstərir. Bu şəraitdə ölkədə hər 11 000 nəfərə 1 vəkil düşür.
Azərbaycan adam başına düşən vəkillərin sayına görə Avropa Şurasında ən axırıncı yerdədir. Müqayisə üçün deyək ki, qonşu Gürcüstanda hər 600 nəfərə bir vəkil düşür”.
Hətta Vəkillər Kollegiyasına müraciət edənlərin hamısını da qəbul etsələr, yenə də vəkil sayı azlıq təşkil edir, o deyir.
Oktyabrın 31-də Milli Məclis Mülki Prosessual, İnzibati Prosessual Məcəllələrə, eləcə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun təklifini qəbul edib.
Artıq qəbul olunmuş dəyişikliyə görə, fiziki şəxslərin yaxın qohumları istisna olmaqla, bütün inzibati və mülki məhkəmə işlərində fiziki şəxsləri yalnız Vəkillər Kollegiyasının üzvü olan hüquqşünaslar təmsil edə biləcək.
Qanunun qəbulundan əvvəl ölkədə fəaliyyət göstərən bir qrup vəkil bu dəyişikliklə bağlı naratçılığını ifadə edib və məsələni ictimai müzakirəyə təklif edib.
Özünü Praktik hüquqşunaslar adlandıran vəkil və hüquq müdafiəçilərindən ibarət qrup isə qanunda edilən dəyişikliklə bağlı etirazını bildirmək üçün aksiya keçirmək planını açıqlayıb.
Qazaxda 95 800 nəfərə 2 vəkil xidmət göstərir
BBC Azərbaycancaya müsahibəsində hüquqşünas deyib k, vəkil sayının azlığı regionlarda özünü daha çox biruzə verir.
Gəncə şəhəri | 331 400 nəfər | 23 vəkil |
Qazax rayonu | 95 800 nəfər | 2 vəkil |
Oğuz rayonu | 43 500 nəfər | 2 vəkil |
Mingəçevir şəhəri | 103 200 nəfər | 8 vəkil |
Dövlət Statistika Komitəsinin 2017-ci ilin 1 yanvar tarixli məlumatına görə hazırda ölkədə 9 milyon 810 min əhali yaşayır. Bunlardan 2 milyon 245 min nəfəri paytaxtda, 7 milyon 565 min nəfəri isə regionlarda yaşayır.
BBC Azərbaycanca xidməti ölkənin bir neçə bölgəsində fəaliyyət göstərən Vəkillər Kollegiyasının üzvlərilə danışıb. Oğuz rayonunda çalışan vəkil İsmayıl İsmayıllı deyir ki, rayonda hüquq pozulması halları elə də çox olmur.
“Oğuzdan iki nəfər vəkillər kollegiyasının üzvü var. Rayonda olan işlərə onlar çıxır, ancaq təqsirləndirilən şəxslərin sayı çox olduqda məcbur qalaraq, başqa rayonlardan vəkillərə müraciət etməli olurlar”.
Gəncə Hüquq Məsləhətxanasından isə bildiriblər ki, şəhərdə vəkillər kollegiyasının üzvü olan 23 hüquqşünas çalışır. Onlardan 18 nəfəri məsləhətxananın işçiləridir, digər 5 nəfər isə fərdi qaydada işləyir.
Mingəçevirdə isə Vəkillər Kollegiyasına üzv olan 8 vəkil fəaliyyət göstərir. Bunu BBC Azərbaycancaya Mingəçevirdə çalışan vəkil Çingiz Mahmudov deyib.
“Mingəçevirdəki 8 vəkil burada aparılan məhkəmələrə artıqlaması ilə bəs edir. Burada bir məhkəmə mövcuddur, bəzən vəkillərdən bir neçəsi boş qalır”.
Qazax rayonunda da Vəkillər Kollegiyasının üzvü olan iki vəkil çalışır. “Əvvəl üç vəkil idik biri getdi, hazırda iki nəfər qalıb. Mən hesab edirəm ki, kifayət edir, vəkillərin sayı.
Bəzən olur ki, Ağstafa rayonunda da çalışırıq. Əslində bu, vəkilin peşəkarlığından asılıdır. Peşəkar vəkil olduqda ona başqa rayonlardan da müraciət olur. Təqsirləndirilən şəxslərin sayı 3-4-dən artıq olduqda başqa rayonlardan təyinat olur”.
Noyabrın 7-də Prezident İlham Əliyev Milli Məclisdə “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qəbul olunmuş qanunu imzalayaraq təsdiq edib və qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. (BBC Azərbaycanca)
Oxunub: 86