Payız günəşi bir özgə olur. Əvvəla, yay günəşi kimi yandırıb, tərlətmir, adamda qıcıq yaratmır. İkincisi, işvəkar və nəvazişli olur. Ev tulası sahibini görəndə üstünə atılıb mehribanlıqla əlini, ayağını yalayıb, şirin kürlük eləyən kimi, payız günəşi də adamın bütün varlığına ilıq sığal çəkir, tumarlayır. Üçüncüsü, adama gizli inam hissi aşılayır. Park və bağlardakı erkən yazı xatırladan göy otların üstündən zəif işıq seli kimi keçib ətrafa yayılanda adamın qəlbində yorğun, amma sonsuz xoşbəxtlik (sərməstlik də demək olar) hissi yaranır.
***
Xeyli vaxtdı Qobustan həbsxanasının həyətində bir dəstə hinduşka dolaşır. Səs-səsə verib qaqqıldaşa-qaqqıldaşa o baş-bu başa gedirlər. Arada bir də görürsən hansısa dustaq əlində çubuq, Allah bilir, neçəncisə korpusun (dustaqların saxlandığı yer) yanından qatıb qabağına gətirir, nə olsun heyvandılar, axı onların da sərhədləri var. Bu gətirmə bəzən otarmağa da oxşayır, nə bilim. Bir dəfə müştərinin uzun sürən vəkilə gətirilmə prosesini gözləyəndə tənbəllik eləməyib saydım da – 19 gəldi. Belə deyirlər ki, həbsxana rəisinin quşlarıdır, saxladır, yəqin ki, gözəl günlərin birində – bu gözəl gün əksəriyyətin ehtimal elədiyi kimi, qarın yerə düşməsiylə gələ bilər – kababa çəkib, nar dənəciklərinin müşayiətilə süfrəyə veriləcək. Başqa bir ehtimal, təbii ki, ağıla və məntiqə uyğun gəlməzdi. Ancaq sözüm bunda deyil. Hinduşka saxlayanlar bilir, bu çox dadlı əti olan quşu becərməyin əsas şərtlərindən biri geniş otlaq sahəsinin olmasıdır, çünki, əvvəla, hinduşka sərbəstliyi sevir, ikincisi, otlaq sahəsi böyük olanda çəkisi tez və yaxşı artır. Xatırlayıram, uşaq vaxtı bir dəstə hinduşkanı biçilmiş otlaq sahələrində ora-bura qovardıq. Ən məzəlisiysə hinduşkaların çəyirtkə ovuna çıxmasıydı. İri çəyirtkəni, ya da palıd qozasını udanda gözləri az qalırdı hədəqəsindən çıxa. Yəni dediyim odur ki, hinduşka saxlamaq fikrinə düşmüsənsə, ancaq otarmağa yerin-yurdun, sərbəst buraxmağa sahən yoxdursa, yaxşısı budur bu işlə məşğul olmayasan, başın buraxasan. İndi ölkənin ən ağır rejimli həbsxanasında hinduşka saxlamaq kimi şən və al-əlvan ideyanın ağıla gəlməsi maraq doğurur, hərçənd insafən Qobustanın həyəti cəzaçəkmə müəssisələri içində gördüyüm ən böyük həyətdir. Nəsə. Təxminən bir neçə həftənin söhbətdi. Dustaq korpusuyla həbsxananın inzibati binası arasındakı açıq sahədə zəif payız günəşinin parıldatdığı göy otları tez-tez qırpıb acgözlüklə udan hinduşkalar qaqqıldayır, həbsxananın sakit həyatına səs-küy salırdı. Enli döşlü, boynundakı qırmızı mərcanlar (dəri fırları) gərginləşmiş, mahmızlı ayaqlarının iti caynaqlarını torpağa möhkəm dirəmiş erkək hinduşka qanadların yana, quyruğunu arxaya yelpik kimi açıb, dişi – fərə hinduşkanın böyründə tamamilə azad, ehtiraslı, amma lovğa bir ədayla dövrə vururdu. Fərə hinduşkasa bir az utancaq halda itaətkarcasına başını yana əyib sadəlövhlüklə erkəyin gərdişinə baxırdı. Və bu tərtəmiz azadlıq performansı ölkənin ən dəhşətli həbsxanasında, əhənglə səliqəylə ağardılmış divarların qəddar yaddaşı və qara paltarda, bağlanmamış əlləri arxada o yan-bu yana gedən dustaqların fonunda yeganə canlı həyat əlaməti təsiri bağışlayırdı…
***
Kim bilir, bəlkə elə azadlığın transkripti budur: ölkənin ən ağır həbsxanasında günəşli payız günlərinin birində sıx qara tüklə örtülmüş enli döşlü, boynundakı qırmızı mərcanları gərginləşmiş, iti caynaqlı ayaqlarını torpağa möhkəm dirəmiş erkək hinduşkanın qanadlarını yana, quyruğunu arxaya yelpik kimi açıb, fərə hinduşkanın böyründə tamamilə azad, ehtiraslı, amma lovğa bir ədayla dövrə vurması…
Oxunub: 480