Hikmət Nikbin
Azərbaycan cəmiyyətində bəzi adamlardan tez-tez eşidirik ki, “Xalq azadlığını alıbsa, daha nəyin azadlığını tələb edir?” Əvvəla, məgər biz azadıq ? Sadəcə, bir Xalq kimi 1991-ci ildə köləlikdən xilas olmuşuq. Gəlin, köləliklə azadlığı qarışdırmayaq. Bunlar tamamilə fərqli məfhumlar, fərqli anlayışlardı. Bir həqiqəti başa düşək ki, heç də köləlikdən qurtulan kimi, azadlıq göydən səbətlə xilas olan xalqın qucağına düşmür. Əsarətdən azadlığa uzun bir yol var. Azadlıq elmdir. Ya bu elm mənimsənilir, ya da mənimsənilmir. Mənimsənilirsə, Demokratik quruluşa təminat verilir. Mənimsənilmirsə, bizim idarəçilik kimi mənasız bir şəkil alır. Hamının başa düşəcəyi tərzdə ifadə etsək, azadlıq həm də hüquqdur. Yəni hüququmuz olan yerdə azadlıq var. Hüququmuz varmı, bəylər ? Hüququn pozulması azadlığın yoxluğudur. Yox olan azadlığımızı hakimiyyətdən istəməliyik, ya yox ?
Dövlət səviyyəsində hüququmuz pozulur, cəmiyyət daxilində pozulur, fərd kimi də həmçinin.
Seçkilərdə Xalqın özünün iradəsini ifadə etməsi yox !
Qanunların aliliyi yox !
Sosial qaydalara riayət yox !
İqtidarla cəmiyyət arasında qarşılıqlı fəaliyyət yox !
Qoy, indi “Azərbaycan xalqının azadlığı var” deyə azadlıq istəməyin artıq bir şey olduğunu dillərinə gətirənlər desin, bizə azadlıq lazımdır ya yox.
Tarixən azadlıq elminə yiyələnənlər, o gözəl neməti mənsub olduqları cəmiyyətlə, Xalqla bölüşürlər.
Üstəgəl, bir xatırlatma da etmək istəyirəm də ki, torpaqları işğal altında qalan bir Ölkənin, köçkünü, didərgini olan bir cəmiyyətin olmayan azadlığına “bəh-bəh” deməsi, görmədiyi azadlığından danışması mütərəqqi dövlətlər qarşısında başa düşülməzdi.
Beynəlxalq təşkilatlar ərazi bütövlüyümüzü tanıdığı halda, hələ də sərhədlərimizin toxunulmazlığını bərpa edə bilməyən hakimiyyət var. Elə bil ki, ərazi bütövlüyümüz ABŞ-ın, Rusiyanın, Fransanın daxili işidir. Bizim bir zərb məsəlimiz var. Qonşuya ümid olan şamsız qalar. Bu münaqişəni həll edə bilməməyimizdə vacib şərt siyasi komandanın yarıtmazlığıdı, zəifliyidi.
Bu gün Bayraq Günüdür. 29 ildə torpaqlarımızı əsarətdən xilas edə bilmiriksə, hansı haqla bayraq günündən danışırıq. Bayrağın bir adı da “yenilməz” deməkdir axı. Axı hələ də uduzuruq. Axı hələ də bayrağımızın kölgəsi Azərbaycan Respublikasının torpaqlarını bu gün bütünlüklə tutmur. Nə qədər ki, bu bəsit iqtidar torpaqlarımızı işğaldan azad edə bilmir, gərək ki, hər ilin bu gününü Bayrağımızı endirməklə itən torpaqlarımızla həmrəyliyimizi göstərərdik. Bu həm də dünya üçün bir siyasi mesaj olardı. Bir də torpaqlarımızdan tək özümüz didərgin düşmədik axı, köçkün düşmədik axı. Həmin torpaqlarımızdan bayrağımız da didərgin, köçkün düşdü. Bu gün bayrağımız da köçkün həyatı yaşayır.
Torpağı işğal altında qalan Ölkənin Bayraq meydanı olmamalıydı, ən azından Vətən qarşısında borcumuzdan çıxa bilmədiyimizə görə.
Oxunub: 224