Cümə axşamı günü Səudiyyə Ərəbistanı vətəndaşlarını dərhal Livandan çıxmağa çağırıb.
Səudiyyənin xarici işlər naziri, həmçinin səudiyyəlilərə heç bir ölkədən Livana səyahət etməməyə tövsiyə edib.
Bu çağırış şənbə günü Livanın Baş naziri Saad Hariri-nin Səudiyyə Ərəbistanından video bəyanatla verdiyi istefasından sonra iki ölkə arasında yaranan gərginliyi daha da yüksəldib.
Cənab Hariri-nin öz siyasi fraksiyası, Gələcək Hərəkatı bildirib ki, hakimiyyət sistemini təmin etmək üçün onun Səudiyyə Ərəbistanından Livana dönüşü lazımdır.
Livanın xarici işlər naziri isə Səudiyyə Ərəbistanını hədəfə alaraq Twitter-də yazıb ki, livanlıları kimin təmsil edəcəyi livanlıların özlərindən asılıdır.
Bir çox livanlı Səudiyyə Ərəbistanının cənab Hariri-yə təzyiq edərək onu istefa verməyə məcbur etdiyini düşünürlər.
Bu isə Livanı regionda Səudiyyə Ərərbistanı və İran arasında qızğınlaşan mübarizənin mərkəzinə çevirə bilər.
Şənbə günü Səudiyyə Ərəbistanının paytaxtı, Riyad yaxınlığında bir ballistik raket vurularaq yerə salınıb.
Husi yönümlü media qiyamçıların Burkan H2 ballistik raketini Yəmən sərhədindən 850 kilometr uzaqlıqda və Riyadın 11 kilometr şimal-şərqində yerləşən Kral Xalid Beynəlxalq Aeroportunu hədəfə aldığını deyib.
Səudiyyə Ərəbistanının raket müdafiə sistemləri husi raketini göydə vurub, lakin məhv edilmiş raketin bəzi hissələri aeroportun ərazisinə düşüb.
Bazar ertəsi günü, Səudiyyə Ərərbistanın xarici işlər naziri Adil əl-Cubeyr CNN-ə deyib ki, Yəməndəki raketi Livanın Hizbullah hərəkatı buraxıb.
O, raketin iyul ayında Səudiyyənin Məkkə şəhəri yaxınlığında vurulan raketə bənzədiyini və İranda istehsal olunduğunu iddia edib. O, bu raketin hissə-hissə gizli şəkildə Yəmənə aparıldığını və “Hizbullah və İran İnqilab keşikçiləri Ordusunun əməliyyatçıları” tərəfindən bir daha quraşdırıldığını deyib.
Çərşənbə günü Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman, İranı Yəmənin husi qiyamçılarına raketlər verərək ölkəsinə “birbaşa hərbi təcavüz etməkdə” ittiham edib.
İran, Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiyanın 2015-ci ildən Yəməndə vuruşduğu husi qiyamçılarını silahlarla təmin etdiyi ittihamlarını rədd edir.
Oxunub: 84