Almaniyada mühacirətdə olan sabiq deputat Hüseyn Abdullayev şəxsi saytını yaratdı. Mətbuatda da məlumat verildiyi kimi H. Abdullayev gələn ilki seçkilərdə prezidentliyə namizədliyini irəli sürüb. Baş səhifəsində H. Abdullayevin tərcümeyi halının yerləşdirildiyi saytda sabiq deputatın ictimai- siyasi görüşləri ilə bağlı məlumatlar yer alır.
Hüseyn Abdullayevin saytına buradan giriş edə bilərsiz.
Bioqrafiya.
Hüseyn Abdullayev 1967-ci il may ayının 25-də Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində ziyalı ailəsində doğulmuşdur. İbtidai və orta təhsilini 38 saylı Culfa Şəhər Dəmir Yolu məktəbində almışdır. Eyni zamanda Culfa şəhər “Musiqi Məktəbi”ndə təhsil almış və əsgərlik xidmətindən sonra, həmin məktəbdə musiqi müəllimi və konsertmeystr vəzifəsində çalışmışdır.
İxtisasca hüquqşünasdır. BDU (Bakı Dövlət Universiteti) hüquq fakültəsinin məzunudur. Heç bir siyasi partiyanın üzvü olmayan Hüseyn Abdullayev 2005-ci il parlament seçkilərində namizədliyini irəli sürmüş və paytaxt Bakının ən böyük rayonlarından biri olan Nizami rayonu 25 saylı seçki dairəsindən Millət Vəkili seçilmişdir.
İctimai-Siyasi Fəaliyyəti.
1987-ci ildən etibarən yeni iqtisadi mühitin şərtlərini nəzərə alan Hüseyn Abdullayev daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamış və xarici ölkələrlə geniş iqtisadi əlaqələri quraraq bir çox uğurlu lahiyələrə imza atmışdır. Onun “Tural Kooperativi”nin nəzdində yaratdığı şirkətlər qrupu ölkə daxilində bir çoxları üçün nümunə olmuşdur. Beləliklə də o, müstəqil Azərbaycan Respublikasının ilk azad sahibkarlarından biri kimi tanınıb.
1988-1991-ci illər Azərbaycanın ən ağır dönəmi kimi tarixə düşüb. Sovetlər Birliyinin dağılması, mövcud iqtisadi-sosial infrastrukturların çökməsi, “Dağlıq Qarabağ”da etnik separatizmin başlaması və bir-birinin ardınca mövcud hakimiyyətlərin dəyişməsi ölkədəki ziddiyətlərin dərinləşməsinə səbəb olmuşdu. O dönəm ağır blokada şəraitində yaşayan Naxçıvan MR-in durumu daha fəlakətli idi. Və yaranmış bu böhranın aradan qaldırılması məqsədi ilə “Naxçıvan MR-in İnkişaf və Müdafə Fondu” yaradıldı. Bu fondun xətti ilə həyata keçirilən bütün tədbirlərin əsas sponsorlarından biri məhz Hüseyn Abdullayev olmuşdur.
1990-cı ildən etibarən biznes əhatə dairəsini daha da böyütmək məqsədi ilə Hüseyn Abdullayev Bakıya köçüb. Qeyd edək ki, həmin vaxt ölkə Ermənistanın təcavüzünə məruz qalmış və Azərbaycan dövlətçiliyi təhdid altında idi. Milli büdcə isə yox həddinə çatmışdır.
Heç zaman xalqının taleyinə biganə qalmayan Hüseyn Abdullayev bu dəfə Qarabağda döyüşən hərbi hissələrin ərzaq, geyim və maddi cəhətdən təmin olunmasında önəmli rol oynamışdır. Beləliklə də güclü Azərbaycan cəmiyyətinin formalaşmasına hesablanmış, rasional düşüncə tərzi və vətəndaş mövqeyini ortaya qoyan Hüseyn Abdullayev 2000-ci ildən aktiv siyasətlə məşğul olmağa başladı. Onun rəhbərliyi altında fəaliyyət göstərən “Oğuz Eli Cəmiyyəti” imkansız tələbələrə, ziyalılara, şair və yazıçılara, eləcədə alimlərətəqaüdlərin verilməsi, milli kimliyimizlə bağlı elmi əsərlərin nəşr edilməsi, bir çox mədəni-kütləvi tədbirlərin və konfransların həyata keçirilməsini təmin etmişdir. O, bütün bu tədbirlərin dövlət siyasətinə çevrilməsi məqsədi ilə Azərbaycan parlamentinə 2005-ci ildə deputat seçildi. Elə parlamentə gəldiyi ilk günlərdən başlayaraq, seçicilərini və cəmiyyəti narahat edən problemlərin həll edilməsi üçün hökumət qarşısında daim konkret məsələləri qaldırırdı. Lakin, Hüseyn Abdullayevin bu təşəbbüslərindən narahat olan avtoritar rejim onun parlamentdən necə uzaqlaşdırmaq haqqında senarilər düşünməyə başladı. Belə ki, 2007-ci ilin mart ayında parlamentdə Nazirlər Kabinetinin illik hesabatı zamanı, onun hökumət qarşısında qaldırdığı sorğuların və toxunduğu problemlərin nədən həll edilmədiyinə etiraz əlaməti olaraq, baş nazirin və bütünlükdə Nazirlər Kabinetinin hesabatını tənqid etmiş və hesabata qarşı çıxmışdır. Nə yazıq ki, onun çıxışının qarşısını almaq məqsədi ilə hakimiyyət ənənəvi siyasətinə əl ataraq Hüseyn Abdullayevi ikrah doğuran provakasiyalara çəkmiş və bununla da əsil problemləri gizlətməyə çalışmışdır. Bütün bunlar azmış kimi, dünya parlamentariya tarixində ilk dəfə olaraq toxunulmazlıq statusu daşıyan bir deputat həbs edilmiş və sonradan Milli Məclisdə fövqəladə iclas çağıraraq, absurd ittihamlarla onun mandatı ləğv edilmişdir. AŞPA (Avropa Şurası Parlament Assambleyası) tərəfindən “Potensial siyasi məhbus” kimi tanındığı üçün, Hüseyn Abdullayev dərhal həbsdən azad olunmuşdur. Bundan sonra, hakimiyyət ona və ailə üzvlərinə qarşı qeyri insani təqiblərə əl atdığından Hüseyn Abdullayev mühacirətə getmək qərarına gəlir. O, mühacirətdə olmağına baxmayaraq, nəinki öz mübarizəsindən əl çəkir, hətta mövcud diktatura rejiminə qarşı daha da sərt mövqe nümayiş etdirir. Bu dəfə Hüseyn Abdullayev Azərbaycandakı diktatura rejiminin xalqa qarşı apardığı amansız və sərt repressiya siyasətinə etiraz edərək məşhur “Susma” marşını yazır. Bu marşın sosial şəbəkələrdə və Azərbaycanda doğurduğu geniş rezonansından təşvişə düşən hakimiyyət ona qarşı uydurma cinayət işi açır və “İnterpol” tərəfindən beynəlxalq axtarışa vermişdir. Lakin buna baxmayaraq, Hüseyn Abdullayevin vəkillərinin “İnterpol”la apardığı yazışmalar nəticəsində araşdırmalar aparılmış və heç bir dəlil-sübut olmadığından barəsindəki axtarışa xitam verilmişdir.
Hal-hazırda Hüseyn Abdullayev Almaniya Federativ Respublikasında siyasi mühacir statusu ilə yaşamaqdadır.
Oxunub: 2966