Vahid Məhərrəmli, ekspert
Aqropark deyəndə yalnız məhsulun istehsalı, alışı, satışı, logistikası nəzərdə tutulmur. Burada geniş mənada elmi mərkəzlər və istehsal müəsisələri birgə fəaliyyət göstərir. Aqroparkların yaradılmasında əsasən elmi-tətqiqat mərkəzlərinin, aqrar institutların üzərinə böyük yük düşür.
Qərb ölkələrində yaradılan və fəaliyyət göstərən aqroparklarda innovativ texnologiyanın tətbiqi, aqrar sahənin elmi təminatının yaxşılaşdırılması məqsədi ilə ali təhsilli mütəxəssislərin, alimlərin hazırlanması, maarifləndirmə, təcrübə, informasiya təminatı, istehsalın iqtisadi səmərəliliyinin artırılması yollarının öyrənilməsi, bazarın öyrənilməsi və sair bu kimi çox vacib işlərlə məşğul olurlar. Aqroparklar yaratmaqda əsas məqsəd də elə bu olmalıdır.
Aqroparklar yaxşı olar ki, elmi mərkəzlərin, peşə məktəblərinin nəzdində və yaxud da elmi institutlarla birgə fəaliyyət göstərsin. Azərbaycanda çalışmaq lazımdır ki, peşəkar kadrlar hazırlansın, texniki-peşə məktəblərində bağbanlar, traktorçular, müxtəlif kənd təsərrüfatı texnikasını işlədə bilən peşəkarlar yetişdirilsin. Bununla yanaşı, ali təhsilli mütəxəssislər hazırlanmalı, onlar keyfiyyətli təhsillə təmin edilməlidir, elmi potensialımız artırılmalıdır. Xüsusən strateji əhəmiyyət kəsb edən toxumçuluğu inkişaf etdirmək, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, bitkiçilikdə yeni daha məhsuldar, stress amillərə dözümlü bitki sortlari yetişdirmək üçün mövcud olan Seleksiya və Genetika İnstitunun bazası gücləndirilməlidir. Həmçinin suvarma sistemini təkmilləşdirmək, torpaqların deqradasiyasının qarşısını almaq, münbitliyini artırmaq üçün bu sahədə də müəyyən proqramlar hazırlayıb həyata keçirmək lazımdır. Bu gün torpaqla bağlı ciddi problem var. Torpaqların deqradasiyası, şoranlaşması, eroziyaya məruz qalması çox ciddi problem olaraq qalır. Bütün bunlar aradan qaldırılmasa, kənd təsərrüfatını inkişaf etdirmək mümkün olmayacaq.
O cümlədən məhsuldarlığı artırmaq, məhsulun keyfiyyətini yaxşılaşdırmaq istiqamətində çalışmaq lazımdır ki, əldə olunan məhsul rəqabətqabiliyyətli olsun. Bunun üçün mineral, üzvi gübrələrdən istifadənin əhəmiyyətini istehsalçılara, fermerlərə başa salmaq lazımdır. Aqrotexniki qaydalara optimal müddətdə əməl olunması üçün lazım olan texnikaya fermerlərin əlçatanlığı təmin olunmalıdır. Kompleks tədbirlər var ki, onları reallaşdırmaqla müəyyən nəticələr əldə etmək mümkündür. Əks halda, orda-burda aqropark adı ilə boyük tədarük müəsisələri yaratmaqla inkişafa nail olmaq olmaz.
Kənd təsərrüfatında əsaslı işlər görülməlidir. Bu sahəni idarə edənlər mütləq peşəkar, bu sahədə təhsil almış, təcrübəsi olan insanlar olmalıdırlar. Kadr siyasəti vacib amillərdəndir. Ancaq peşəkarlar aqrar sahəni düzgün qiymətləndirə, işləri düzgün qura və sahəni irəli apara bilər. Sadalanan bu problemlərin həllində aqroparklar mühüm rol oynaya bilərdi. Ancaq Azərbaycanda yaradılan aqroparklar əsasən kəndlilərin istehsal etdiyi məhsulu ucuz alıb baha satmaqla məşğul olacaq. Ona görə ki, Azərbaycanda aqroparkların yaradılmasında əsasən məqsəd dövlət investisiyası və dövlət güzəştləri hesabına yüksək vəzifəli məmürlar üçün yüksək gəlir gətirən biznes yaratmaq olub. Bu işə cəlb olunanlar əsasən Prezident Aparatında məsul vəzifədə çalışan məmurların və nazirlərin yaxın qohumları, qudaları və sair şəxslərdir. Çox təəssüflər olsun ki, dövlətin bu məqsədlə ayırdığı 219 milyon manat vəsait əsasən məmurların gəlirlərini artıracaq.
Oxunub: 510