Bunu həm də hakimiyyətdaxili savaşın yeni fazası da saymaq olar
Noyabrın 25-də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov çıxış edib.
İllərlə təkrarlanan sözlər yenə əsas mövzu olub. Yeni Azərbaycan Partiyasının, onun rəhbərinin “uğurlu iqtisadi siyasəti” müşavirə iştirakçılarının bir daha diqqətinə çatdırılıb. Ancaq bütün bunlar giriş xarakterli olub. Müşavirənin başlıca mövzusu 2018-ci il prezident seçkisi və ona hazırlıq məsələləri olub. Yayılan xəbərdə də bu, xüsusi vurğulanıb: “Müşavirədə 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə ilkin hazırlıq işlərinə başlanması ilə bağlı İcra Katibliyinin tapşırıq və tövsiyyələri (hörmətli yapçılar, “tövsiyə” bir “y” ilə yazılır – red.)rayon və şəhər təşkilatlarının sədrlərinin diqqətinə çatdırılmışdır”. Ölkədə əhalinin durumunun ağır olması yapçıları hərəkətə keçməyə məcbur edib. Üstəlik, hakim partiyada prezidentliklə bağlı vahid mövqenin olmaması durumu bir qədər də gərginləşdirir. Köhnə nomenklatura Mehriban Əliyevanın I vitse-prezidentliyinin əleyhinə olduğu kimi, prezidentliyə namizədliyinin də əleyhinədir. Onlar situasiyanın əəvvəlki kimi qalmasını istəyir, illərlə kök salmış korrupsioner komanda İlham Əliyevi yenidən prezidentlik kürsüsünə dartır. Ancaq ardıcıl 4-cü dönəm prezidentlik iddiasına düşmək artıq Afrika cəngəlliklərində belə normal qarşılanmır. Dünyada elə də nüfuzu olmayan, adı yalnız korrupsiya, ofşor zonalar, pul yuyulması, ailə biznesi, insan haqlarının pozulması və başqa məsələlərdə hallanan İlham Əliyevin yenidən prezidentlik iddiasına düşməsi onun dünyada gülüş hədəfinə çevrilməsinə səbəb olacaq. Hakimiyyətdəkilər də bunu yaxşı başa düşür. Ancaq nomenklaturanın alternativi yoxdur.
Ailə də alternativ kimi yenə ailə üzvlərindən birini, daha doğrusu Mehriban Əliyevanı görür. Son illər aparılan siyasətin bu planı gerçəkləşdirməyə yönəldiyi hər kəsə bəllidir. 21 fevral I vitse-prezident təyinatından sonra təbliğat maşını da işə düşmüşdü. Ancaq bir neçə ay sonra hansısa qüvvələr bu maşının təbliğat çarxını dayandıra bildi. Geriyə döndərməksə mümkün olmadı. Üzü payıza o maşını yenidən işə salmaq cəhdləri açıq görünməkdədir. Yenə də görüşlər, açılışlar, bu komanda üzvlərinin təyinatı davam edir. Heydər Əliyevin ölümündən sonra xeyli irəli çıxmış, müxtəlif sahələrdə hakim mövqeyə yiyələnmiş Paşayevlər dayanmaq bilmir. Hədəf bəllidir. O hədəfə gedən yolun təmizlənməsi daha çox 2018-in payına düşür. YAP-ın müşavirəsinin də məqsədi bu gedişi dayandırmaqdır.
Paşayevlərin qarşısında başlıca maneə olan Ramiz Mehdiyevin də 2017-ci il fəallığı burdan qaynaqlanır. Onun 2018 planları daha amansız olmalıdır. Təbii ki, qarşı tərəf bunun qarşısını almasa. Onu durdurmağın ən asan yolu fəxri təqaüddür. Əsas da var. 2018-ci il aprelin 17-də “boz kardinal”ın 80 yaşı tamam olur. Çox uğurlu vaxtdır. Seçki ehtirasları qızışmamış təmtəraqlı vida törəni düzənlənir, lap elə Heydər Əliyev Mərkəzində. Gurultulu tostlar deyilə, ona indiyə qədər almadığı hansısa orden, mükafat verilə bilər. Bu, qarşı tərəfin planı sayıla bilər, ancaq Ramiz Ənvəroviçin öz planları var. Bu ilin əvvəlindən başlayaraq onun Moskva ilə heç vaxt kəsilməyən təmasları daha da intensivləşib. Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə bu il rəsmi açıqlanan 3 görüş keçirilib. Bu görüşlərlə bağlı bütün xəbərlərdə vurğulanır: “…görüşlərdə təhlükəsizlik şuraları xətti üzrə əməkdaşlığın inkişafı məsələləri, dini ekstremizm və terrorçuluqla mübarizə məsələləri müzakirə olunub, habelə beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığa nəzər yetirilib”. Bütün bunlar mətbuata ötürülənlərdir. Mətbuatsız müzakirə olunan məsələlərlə bağlı ya heç vaxt informasiya ala bilməyəcəyik, ya da etibarsız tərəfdaş olan Rusiya özü məqamı gələndə onu açıqlayacaq. Çünki Rusiyanın da əbədi dostları yox, əbədi mənafeləri öndə dayanır. Yeri gəlmişkən, Azərbaycana təhlükə həmişə Rusiyadan gəlib. Çox uzaqlara getməyək, elə təkcə Qarabağın işğalı faktı, 25 ildir işğalın davam etməsi (bu il YAP-ın da yaranmasının 25-ci ili tamam oldu – red.) mənasız sülh danışıqlarının bitmək bilməməsi Rusiyanın oyunlarıdır. Belə bir ölkə ilə hansı təhlükəsizlik danışıqları ola bilər?!.
Əli Əhmədov Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin müşavirəsində onlara bu oyunlardan, bizi gözləyən təhlükələrdən danışıbmı? Yox, ən azı Siyavuş Novruzov orda olduğuna görə danışa bilməzdi. Ötən ilin payızında yapçı deputat Rusiya Federasiyasının “Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə” ordeni ilə təltif olunub. Rusiya qarşısında onun hansı xidmətlərinin olduğunu bilmirik, ancaq bu ordenin adını əzbərləmək belə böyük xidmət sayıla bilər.
YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin müşavirədən hansı təəssüratla ayrıldığınısa zaman göstərəcək; hər şeyin hakimi, hər şeyi yerbəyer edən…
Azadliq.info
Oxunub: 812