“Xəzər Lənkəran” və “Rəvan”da məşqçi kimi fəaliyyət göstərmiş, hazırda isə “Mançester Yunayted Futbol Məktəbi”ndə çalışan Emin Quliyevin apasport.az saytına müsahibə verib.
Həmin müsahibəni təqdim edirik.
– Azərbaycan Premyer Liqasının oyunlarını izləyirsinizmi?
– Hərdən izləyirəm, hərdən yox. Ancaq ümumi nəticələrdən xəbərim olur.
– “Kəpəz” yeni baş məşqçi Yunis Hüseynovun rəhbərliyi altında çıxdığı ilk matçda “Qəbələ”yə böyük hesabla (1:6) yenildi. Bəzi azarkeşlər gəncəliləri qəsdən zəif çıxış etməkdə günahlandırırlar. Sizin bu məsələyə münasibətiniz necədi?
– Açığı, bu hesabı gözləmirdim. Bildiyiniz kimi, hər komandada məşqçi dəyişikliyindən sonra çox şeylər baş verir. Yunis Hüseynova hələ vaxt lazımdı. O ki qaldı sualınızın cavabına, belə şeylərə münasibətim çox pisdi. Qəsdən zəif oynayan futbolçu sənə qarşı hər şey edər.
– “Neftçi” – “Keşlə” (3:1) matçından sonra isə qonaqların baş məşqçisi Ramiz Məmmədov bildirdi ki, oyunçuların zəif çıxışının səbəbini açıqlasa, böyük partlayış olar. Onun nə demək istədiyi yəqin ki, bəllidi. Sizin çalışdırdığınız komandada belə hal baş versə, hansı addımı atarsınız?
– Əgər bütün səlahiyyətləri mənə versələr, bir qədər gözləyərəm. Əgər belə bir şey varsa, bunu dəqiqləşdirib, həmin oyunçuları birinci yarıdan sonra komandadan uzaqlaşdıraram. Azərbaycanlılarda belə bir xasiyyət var: kim kimdən “obijnik”disə, gedib deyir ki, filankəs bu işi gördü. Digəri də araşdırmamış, dəqiqləşdirməmiş düşünür ki, düz deyir, dərhal qərarını verir.
– Premyer Liqada ilk yarı başa çatmaq üzrədi. Çempionluq yarışını necə dəyərləndirərdiniz?
– “Qarabağ”ın həm futbolçuları, həm oyun üslubu tam fərqlidi. Demək olar ki, Azərbaycanda onlara rəqib yoxdu. Məsələn, “Qarabağ”ın əsas rəqibi hesab olunan “Qəbələ” bir oyunu yüksək səviyyədə keçirir, sonrakı matçda zəif təsir bağışlayır. Ancaq “Qarabağ” stabil oyununu axıra qədər davam etdirir. Mənə elə gəlir ki, yenə “Qarabağ” çempion olacaq. Düzdü, hər şey ola bilər. Amma görünən odu ki, “Qarabağ”ı heç kim dayandıra bilməyəcək.
– Azərbaycan millisində Robert Prosineçkini “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov əvəzlədi. Sizin bu təyinatla bağlı fikriniz nədi?
– Qurban Qurbanov mənim yaxın dostumdu, yaxşı məşqçidi. Onun gəlişinə sevindim. Qurban Azərbaycan futboluna çox şey verib. Qazandığı nəticələrlə öz sözünü deyir. Bilirsiniz, bunlar bir ilə düzələn məsələ deyil. Ancaq Qurbanın yavaş-yavaş komandanı düzəldəcəyinə inanıram.
– Qurbanovun həm millidəki köməkçiləri, həm də aşağı yaş qrupu üzrə yığmaların baş məşqçiləri hələ bəlli deyil. Siz belə bir təklif gözləyirsinizmi?
– Belə söhbət olmayıb. Təklif gəlsə, əlbəttə ki, çox sevinərəm. Neçə ildi futbolsuz qalmışam, həsrətindəyəm. Düzdü, normal iş yeri kimi “Xəzər Lənkəran”da çalışmışam. “Rəvan”ı qoyuram bir kənara. Oranı işləmək kimi saymıram. “Rəvan” mənə dərs oldu.
– Vaxtilə aparıcı futbolçulardan olmusunuz, millidə kapitanlıq sarğısını daşımısınız. Kənarda qalmaq necə hissdi?
– Çox pis hissdi. Bunu sözlə ifadə edə bilmirəm.
– Səbəbin nə olduğunu heç düşünmüsünüzmü?
– Vallah, heç səbəbini deyən yoxdu. Bir səbəbi olsa, mən də deyərəm. Öz-özlüyümdə çox düşünmüşəm, araşdırmışam. Bir ara tamam incimişdim. Çox pis təsir edir. Bayaq dediyiniz məsələyə qayıdıram. Baxırsan ki, vaxtilə oyun satanlar indi məşqçi işləyir, mən və bir neçə keçmiş futbolçu qalmışıq kənarda. Səbəbini bilmirəm. Yəqin ki, mənim də adamım olmalı idi.
Oxunub: 310