Yaxud, yarınmaq üçün rüsvayçı müdafiə
Ölkədə o qədər qeyri-ciddi ab-hava var ki, bütün ciddi məsələlər öz təsirini itirməyə məhkum olur. Əslində, bugünə qədər ortaya çıxan korrupsiya faktları, seçki saxtakarlıqları, məmur özbaşınalıqları bir ölkənin çalxalanmasına, xalqın üsyan etməsinə səbəb olmalıydı. Bizdə isə vəziyyət kəlləmayallaqdı. Yəni, pis xəbərlərə o qədər öyrəşmişik ki, bizi pis xəbərlərlə təəccübləndirmək mümkün olmur. Artıq Azərbaycanla bağlı milyardlıq oğurluq faktları, hökumətin çirkli əməkdaşlıqları “normal hal” kimi qiymətləndirilir. Təbii ki, bir dövlətin, bir xalqın faciəsi də burdan başlayır. Dəyərlərin dəyərsizləşdirilməsinə, dəyərsiz olanın dəyərə minməsinə təbii hal kimi baxmaq dəhşətli reallıqdır.
Bir neçə gün öncə Azərbaycanla bağlı daha önəmli bir hadisə baş verdi. Uzun müddətdir gözlənilən tədbir baş tutdu və Azərbaycan hökuməti yenə də demokratiyadan qaçdı. Azərbaycanın 20 faiz ərazisini işğal etmiş Ermənistan isə bu fürsəti əldən qaçırmadı. Bütün dünyaya göstərdi ki, Rusiyanın “balası” olsa da, kifayət qədər müstəqil “övlad”dı.. Azərbaycan hakimiyyəti də göstərdi ki, Rusiyaya balası Ermənistandan da sadiqdi. Təbii ki, bu addım hakimiyyətə baha başa gələcək və bundan sonra beynəlxalq təzyiqlər daha da güclənəcək. Hakimiyyət açıq şəkildə deyir ki, “mən demokratiyanı sevmirəm, avtoritarizmlə nigaha girəcəm”.
Amma məsələnin daha maraqlı məqamları da var. Belə ki, hökumətimiz Brüsseldən “üzü qara” qayıtdıqdan sonra, yeni təbliğat start götürüb. Xalqı inandırmağa çalışırlar ki, bu sazişi imzalamamaq üçün mühüm səbəblər var imiş. Sən demə, həmin sazişdə Ermənistana “Qarabağdan rəddol” yazılmalıymış, Avropa Birliyi komissarları Sarkisayana kəllə atmalıymış və.s
Bəzi özünü ağıllı hesab edən, “müdrik” adamlar da bu təbliğata nəfəs verməyə çalışıb. Adamlarda milli təəssübkeşlik, Qarabağ sevgisi necə baş qaldırıbsa, ayaqlarının altını görməz olublar.
Bəli, aprel döyüşləri Sarkisyanın xahişi ilə dayandırılanda ağzını skoçlayanlar, indi məlum sazişin imzalanmamasını Qarabağ jesti kimi təqdim etməyə başlayıblar.
Əvvəla, Avropa Parlamenti dəfələrlə Azərbaycanın ərazibütövlüyünü tanıyan qətnamələr qəbul edib. İkincisi, bu “jest” Qarabağa görə edilibsə, Rusiyaya qarşı niyə belə jest edilmir?
Bu “analitik”lərin müdrüklüyünə inansaq, gərək Ermənistanın “xəyanət”inə görə Rusiya Azərbaycana jest edib, 20 faiz ərazini geri qaytarsın
Məsələ burasındadır ki, bəzi adamlar rejimə yarınmaq üçün istənilən rüsvayçılığa kosmetika çəkməyə hazırdılar. Bu adamlar “Nardaran hadisəsi” baş verəndə də, aprel döyüşləri zamanı da, referndum dövründə də “müdafiə taktikası”na keçmişdilər. Hər dəfə də qurulmuş müdafiə əriyib suya döndü.
İndi hakimiyyət Azərbaycanı avrointeqrasyadan yayındırır, ölkəni fəlakətin içinə atır, düşmənin imicini yaxşılaşdırır və yenə də “ağıllı” lar haqq qazandırmaq üçün arqument axtarırlar.
Axı Qarabağ faktoru demokratiyadan qaçışa, vətəndaşa zülm etməyə, saxtakarlığa haqq qazandırmır. Qarabağ qazisini şərləyib həbsə atanlar, intihar həddinə çatdıranlar, necə oldu ki, Brüsseldə Qarabağ sevgisinə yoluxdular?
Məhz Qarabağ məsləsindəki haqlı mövqeymizi gücləndirmək, dünyanı fakt qarşısında qoymaq üçün bu sazişi imzalamaq lazım idi. Həm də Ermənistanın qəbul etdiyi şərtlərdən daha artığını qəbul etməklə.
Demək istəyirəm ki, indiki rüsvayçı vəziyyətdə müdafiə taktikası qurmaq biabırçılıqdır. Çünki, saman çöpündən düzəldilmiş koma, atılan bombanın qarşısında duruş gətirə bilməz.
Baş verənlərin bir açıqlaması var. Hökumət üçün “Şərq tərəfdaşlığı” deyil, “Şər tərəfdaşlığı” önəmlidir.
Cənablar, öz maraqlarınızı həyata keçirmək üçün Qarabağa şər atmayın, Qarabağın arxasında gizlənməyin.
Oxunub: 192