Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Seymur Qarayevin mühakiməsi başlayıb.
Hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hadisədən 1 il 4 ay 18 gün sonra dünyasını dəyişmiş Qarabağ müharibəsi veteranı Əli Əliyevin oğlu, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadə vəsatət qaldırıb.
Eyni zamanda, tanınmış jurnalist olan İmdad Əlizadə vəsatətində xatırladıb ki, hadisə 1 il 9 ay 13 gün əvvəl baş verib. O, istintaq və məhkəmə dövrü üçün barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilmiş təqsirləndirilən S.Qarayevin həbs olunmasını istəyib.
Hakim bildirib ki, vəsatət növbəti iclasda yazılı şəkildə təqdim edilməlidir.
Məhkəmədə zərərçəkmişin hüquqi varisi İ.Əlizadənin istintaq dövründə təqsirləndirilən şəxsə qarşı 166 min manat məbləğində mülki iddia qaldırdığı açıqlanıb. Məlum olub ki, mərhum Ə.Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” Hospitalda 59050 (mərhumun ailəsinin bu xəstəxayana əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda, dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edir.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda bildirilib ki, S.Qarayev 2016-cı ilin fevral ayının 14-də saat 06:50 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “GAC MİNİK markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olarkən yolun Z.Bünyadov prospekti 70A saylı ünvanın qarşısına düşən hissəsində piyadalar Əliyev Əli Əlqəmə oğlu və Talıbov Əliəskər Məmmədli oğlunu vurub.
Təqsirləndirilən S.Qarayev ittiham üzrə özünü təqsirli bildiyini deyib. Qeyd edib ki, piyadalar avtomobilin qarşısına çıxıb, əyləci bassa da, maşını saxlaya bilməyib.
Amma mülki iddianı qəbul etməyib. Bildirib ki, zərərçəkmişlərə mümkün qədər yardım göstərib.
İ.Əlizadə ilə yanaşı, digər zərərçəkmiş Ə.Talıbov da təqsirləndirilən şəxsdən şikayətçi olub.
Məhkəmənin növbəti iclası dekabrın 8-nə təytin edilib.
Qeyd edək ki, S.Qarayev Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.
Qeyd edək ki, 2016-cı ilin fevral ayının 14-də baş vermiş qəzadan sonra Ə.Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə “Avrasiya Hospital”ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.
Xatırladaq ki, Ə.Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardan biri olub.
Ə.Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Ə.Əliyev və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film çəkilib. O, həmçinin “54 gün erməni mühasirəsində” kitabının müəllifidir.
azadliq.info
Oxunub: 324