Noyabrın 28-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Mercan və digərləri İsveçrəyə qarşı” (Mercan and others v. Switzerland) işi üzrə “Doğu Perinçek İsveçrəyə qarşı” işi üzrə (Perincek v. Switzerland (no. 27510/08)) çıxardığı hökmə bənzər qərar çıxarıb, yəni “söz azadlığı hüququnu”, bu halda “erməni soyqırımı”nı inkar etmək hüququnu dəstəkləyib.
Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçek 2005-ci ildə İsveçrədə müxtəlif konfranslarda 1915-ci ildə Osmanlı Türkiyəsində erməni soyqırımı həyata keçirildiyi haqqında iddiaların əsassız olduğunu bəyan edib, bunu “beynəlxalq yalan” adlandırıb. “İsveçrə-Ermənistan” Assosiasiyası bununla əlaqədar 2005-ci ilin iyulunda İsveçrədə məhkəməyə şikayət verərək, Perinçekə qarşı cinayət işi açmağı tələb edib.
2007-ci il martın 9-da Lozanna məhkəməsi Perinçeki irqi ayrı-seçkilikdə təqsirli bilib. 2008-ci il iyunun 10-da Perinçek AİHM-yə müraciət edib. 2016-cı il oktyabrın 15-də Strasburqda Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İsveçrə hökumətinin Doğu Perinçekin “söz azadlığı hüququnu” pozduğu barədə hökm çıxarıb.
Məhkəmənin qərarının yekun qərar olduğu qeyd edilirdi. 2010-cu ildə İsveçrə federal məhkəməsi aşağı instansiya məhkəməsinin 3 türkü – Ali Mercan, Hasan Kemal və Etem Kayalının irqi ayrı-seçkilikdə və erməni soyqırımını inkar etməkdə təqsirli bilən və 4500 və 3600 frank ölçüsündə cərimə ödənilməsi barədə 2008-ci il tarixli qərarını qüvvədə saxlayıb. Bununla əlaqədar olaraq onlar AİHM-ə iddia ərizəsi ilə müraciət ediblər (Mercan and others v. Switzerland).
Avropa Məhkəməsinin bu iş üzrə hökmü 2017-ci il noyabrın 28-də elan edilib və növbəti dəfə “söz azadlığı hüququnu” dəstəkləyir. Bundan başqa, AİHM İsveçrə hökumətinin iddiaçılara 4988 avro ölçüsündə kompensasiya və xərcləri, həmçinin 25 156 avro və məhkəmə xərclərini ödəməli olduğu haqqında hökm çıxarıb. (turan)
Oxunub: 194