Bakı-Şamaxı-Yevlax yolunda ağır yol qəzası baş verib.
Ağdaşın Xosrov kəndi ərazisində iki minik avtomobili toqquşub, iki nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.
90 AP 222 dövlət nömrə nişanlı, “Nissan” və 12 BE-706 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağdam rayonundan olan məcburi köçkün və Tərtərdə məskunlaşan 2015-ci il təvəllüdlü Sehirli Cihan Habil qızı, Ağdaşın Ərəb kənd sakini, 1957-ci il təvəllüdlü Məhərrəmova Tehranə Allahverdi qızı ölüb.
Qəza nəticəsində Ucar rayon Polis Şöbəsinin rəisi, Qəbələ rayon sakini, 1966-cı il təvəllüdlü Abdıyev Etibar Tofiq oğlu və sürücüsü Raqil adlı polis serjantı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Polis şöbəsinin rəisi, polkovnik Etibar Abdıyevin qollarının sındığı və döş qəfəsinin əzildiyi, sürücüsünün isə yüngül xəsarət aldığı bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
***
Ağdaş Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nuri Nuriyev xəsarət alan polis rəisinin səhhəti ilə bağlı açıqlama verib.
O bildirib ki, polis rəisi Etibar Abdiyevin vəziyyəti qənaətbəxşdir: ” Ona ilkin yardım edildi. Artıq müalicəsini davam etdirmək üçün Bakıya yola salınıb. Sürücünün isə vəziyyəti yaxşıdır”. (APA)
Oxunub: 656