“Bu ölkədə namuslu olmağın bədəli çox ağırmış”
“Müdir müavini nalayiq təklif etdi, qəbul etmədim. Sonda da məni başqa bəhanə ilə şərləyib işdən azad etdilər”.
SOCAR Kompleks Qazma İşləri Trestinin Günəşli-İB-ü Çilov adası 112-saylı özülündə paltaryuyan kimi çalışan Rumiyyə Kərimova belə deyir.
SOCAR Azərbaycan Dövlət Neft Şirkətidir. SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir.
Beynəlxalq aləmdə bu şirkətin adı daha çox korrupsiya faktlarında, tendersiz layihələrin həyata keçirilməsində, yeyinti faktlarında hallandırılır.
Rumiyyə Kərimova 1999-cu ildən neft sahəsində çalışdığını söyləyir. Bu müddət ərzində SOCAR-ın bir neçə idarəsində mühasibatlıq şöbəsində işləyib. Sonra bir müddət işsiz qalıb. Bundan sonra isə işə xadimə kimi bərpa olunub. Deyir, daha öncəki idarədə maaşlarından yemək üçün pul çıxılırmış:
“Buna görə xahiş etdim ki, hansı idarədə həmin vəsait işçinin özünə ödənirsə, məni ora göndərsinlər. Əmrimi verdilər 112-saylı özülə. Paltaryuyan kimi işə başladım”.
Rumiyyə Kərimova deyir ki, bu ilin sentyabrından çalışdığı idarədə heç yerdə görmədiyi haqsızlıqlarla üzləşib:
“Həyat yoldaşım xəstədir. Gəlmişəm ki, bir az çörəkpulu qazanım. Hələ ilk gəldiyim gün idarənin xadiməsi dedi ki, bəs burada fərqli qanunlar var. Müdiriyyətlə səmimi münasibətdə olmalısan, əks təqdirdə, bir bəhanə ilə səni işdən çıxaracaqlar. “Özün də cavan qadınsan. Gözəlliyinin qədrini bil. Vidadi müəllim hər yeni gələn işçi ilə yaxın münasibətdə olur, əks halda, burada işləyə bilməzsən”, – dedi”. Mən onun zarafat etdiyini düşünüb, güldüm, vecimə almadım. Bir neçə gün sonra idarədə olanda Vidadi Həşimov xadiməyə yüksək səslə soruşdu ki, bəs qaydaları yeni gələnə başa saldınmı? O da “hə, demişəm, düşünür hələ ki”, – cavabını verdi. Nə olduğunu soruşanda dedi ki, axı sənə demişdim. Mən heç vaxt buna razı olmayacağımı dedim. Həmin gündən də mənə qarşı haqsızlıqlar başladı”.
Rumiyyə Kərimova deyir ki, onunla bərabər çalışan, evində 8 nəfərə baxan başqa iş yoldaşı da var. Onunla münasibətdə olduğunu deyib, ikisini də şərləyib işdən çıxarıblar:
“Halbuki bizim işdən başqa münasibətimiz olmayıb. Paltarını yuyub, sökülən hissəsini tikib vermişdim. Bu, mənim işimdir. Onunla danışdığımı bəhanə gətirib məni işdən çıxardılar. Guya mən onun maşınına minmişəm. Doğrudur, bu, bir neçə dəfə olub. Amma hamısında da müdir və başqa işçilər də maşına minib. İşdən gec çıxanda bizi bir-bir evimizə düşürüb. Bundan savayı münasibətimiz olmayıb”.
Rumiyyə Kərimova Əmək Məcəlləsinin maddə 70 ç bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə işdən azad olunub. Deyir, həmin vaxtdan vəziyyətləri daha da ağırlaşıb:
“Yoldaşımın dərmanlarını ala bilmirəm. Az qala bir tikə çörək tapmırıq. Kirayə haqqını da ödəyə bilmirəm. Bunlar bir yana, mənə şər atıblar, namusuma söz deyiblər. Ötən həftə bütün bunlardan yorulub özümü zəhərlədim. Ancaq vaxtında xəstəxanaya çatdırıb, həyatımı xilas ediblər. Nahaq yerə, belə yaşamaq mənə çox çətindir. Bu ölkədə namuslu olmağın bədəli çox ağırmış”.
Meydan TV məsələyə münasibət öyrənmək üçün Rumiyyə Kərimovanın ittiham etdiyi SOCAR Kompleks Qazma İşləri Trestinin KQİT-i Günəşli-İB-ü Çilov adası 112-saylı özülünün rəis müavini Vidadi Həşimovla əlaqə saxlayıb. V.Həşimov R.Kərimovanın işdən azad edildiyini təsdiqləyib. Ancaq onun ittihamlarının yalan olduğunu deyib:
“Gözünün içinəcən yalan danışır. Özü də təkcə o yox, başqa bir nəfər işçi də işdən azad edilib. Onların arasında yaxınlıq münasibəti olub. Bir gün gecə idarədə səs-küy salıb, dalaşıblar. Bütün işçilər xəbər tutub. Nəticədə etdikləri hərəkətə görə hər ikisini işdən azad etmişik. O qadına qarşı heç vaxt artıq-əksik hərəkət olmayıb. Ümumiyyətlə, kimsəyə qarşı olmayıb. Dediklərinin hamısı yalan, şər-böhtandır”.
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə Meydan TV-yə deyib ki, Vidadi Həşimovun dedikləri ilə işdən çıxarılma əmrində göstərilən maddənin xüsusiyyətləri üst-üstə düşmür:
“Vidadi Həşimov qadının çarpayısının altında gizlənmişdi? Əxlaq polisidi? Qanunvericilikdə bir maddə göstərsin ki, münasibətə görə kimsə işdən çıxarılmalıdır. O xanım işdən Əmək Məcəlləsinin 70 ç maddəsi ilə çıxarılıb. Rumiyyə Kərimova hansı vəzifə səlahiyyətlərini yerinə yetirməyib? Vidadi Həşimovun işdə hansı marağının olduğu məhkəmədə aydınlaşacaq”.
Mirvari Qəhrəmanlı məsələdə Həmkarlar Təşkilatını da qınayıb:
“Qadının özünün iştirak etmədiyi iclasın qərarı ilə onu işdən azad ediblər. Məhkəməyə sənədləri təqdim etmişik. Hər bir halda hüquqları sona qədər qoruyacağıq”.
Rumiyyə Kərimovanın keçmiş iş yoldaşlarından biri də hadisənin yalan olduğunu düşünür. Adının açıqlanmasını istəməyən həmin şəxs Meydan TV-yə deyib ki, 4 il R.Kərimova ilə bir yerdə çalışıb və onun haqqında deyilənlərin yalan olmasına əmindir:
“Onun əxlaqına söz deyilə bilməz. İşdən çıxarmaq üçün qadına iftira atıblar. Əminəm ki, bunun arxasında başqa məqsədlər durur”.
Rumiyyə Kərimova haqlarını məhkəmədə müdafiə etmək fikrindədir.
Oxunub: 420