Bu adamların tək dərdi özləri də sayını itirdikləri milyardlarını daha da artırmaqdır. Görün dövlətin hesabına pul qazanmaq üçün indi hansı yola baş vurublar.
Sumqayıtda siqaret istehsalı zavodu tikirlər. Onunla işim yoxdur, zatən siqaret çəkən xaricdən idxal olunan siqareti də çəkir. Burada tikilsə yaxşıdır ki, müxtəlif vergilər də Azərbaycanın dövlət büdcəsinə getsin. Ancaq yox, bunlar nə vaxt Azərbaycanı, dövlət büdcəsini düşünüblər ki? Bu zavodu da tikən özləridir. Jurnalistlər Sumqayıt siqaret zavodu ilə 3 milyard dollarlıq korrupsiyada adı keçən “Avromed Company” arasındakı əlaqəni ortaya çıxarıblar (buradan oxu).
Zavod özlərinin olduğundan onu 7 il müddətinə hər cür vergidən azad edirlər ki, daha çox qazansınlar. Büdcə batsa da olar. Uzaqbaşı pul çatmaz, ən kasıblara verilən sosial müavinәtlәri kəsərlər. Əsas siqaret bazarını tam olaraq ələ keçirməkdir. Yeni zavod təkbaşına ölkədə istifadə olunan siqaretin 60 faizini təmin edəcək və bu sahədə monopolist olacaq. Əsas da budur. Azərbaycanlılar ac qalsalar da, ildə 7 milyard siqaret çəkib bunlara nəhəng pullar qazandırsınlar. Pul necə gözlərini örtübsə, Tütünə Qarşı Mübarizə Haqqında Beynəlxalq Konvensiyanı da pozublar. Azərbaycanın da imzaladığı konvensiyada deyilir: “Tütün məmulatları ölümlə nəticələndiyindən, tütün sənayesinə öz biznesini qurmaq və ya inkişaf etdirmək üçün stimul verilməməlidir”.
Beynəlxalq konvensiya deyir ki, siqaret xalq üçün ziyanlı, istehsalçı üçün böyük qazanc gətirən sahədir. Onu vergilərdən azad etmək olmaz. Əksinə, bir halda ki, siqaret istehsalçıları xalqı “yavaş-yavaş zəhərləyir”, zəhmət çəkib qazanclarının bir hissəsini də büdcəyə versinlər. Bizim hökumət də deyir ki, nə büdcə? Büdcə gözləyər, əsas bizim cibimiz, ofşor hesablarımızdır. Buyurun, bu da “yeyib doymuşların” təp-təzə acgözlüyü.
Oxunub: 880