Milyardları havada uçuşan kasıblar yurdum! Hökumət mətbuatı indi də iddia edir ki, keçmiş vergilər naziri Fazil Məmmədov ölkədən 4 milyard manat pul çıxarıb. Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev də həbs olunanda Maliyyə naziri açıqlamışdı ki, o, 5 milyard manatı ölkədən çıxarıb. MTN generallarının və Rabitə Nazirliyi rəhbərliyinin cinayət işində də söhbət mənimsənilən milardlardan gedirdi. Bunlar üçün artıq milyon pul deyil, öz aralarındakı hesablaşmalarda da söhbət milyardlardan gedir. Görürsünüz necə harınlayıblar?
Orası aydındır ki, avtoritar idarəetmədə heç bir nazir, bank rəhbəri təkbaşına milyardları mənimsəyə bilməz. Onlar icraçı olublar və yaxşı halda bu nəhəng oğurluqdan hansısa faizlər onlara çatıb. Aydındır ki, bu milyardlar da gedib məlum 48 milyard dolların yanına.
İlham Əliyevin təyin etdiyi hər bir nazirin milyardlar oğurlaya bildiyi məmləkətdə şəhid ailələrinin “qan pulunu” verməyə, Qarabağ qazilərinin müalicəsinə, dollarla götürülmüş kreditləri kompensasiya etməyə, batan banklardakı əmanətləri qaytarmağa, uşaq pulu verməyə guya vәsait tapılmır. 10 minlərlə gənc təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilsiz qalır, 10 minlərlə soydaşımız müalicə, dərman pulu çatdıra bilmədiyi üçün vaxtsız dünyadan köçür.
Və bizim bir çoxumuz hələ də ümid edir ki, bu dəhşətli ədalətsizliyi, haqsızlığı kimsə bizim əvəzimizə aradan qaldıracaq.
Oxunub: 1426