Siz bilirdinizmi ki, Nyu York metropolisinin iqtisadiyyatı Kanadanın iqtisadiyyatı boydadır? Yaxud, inanardınızmı ki, təkcə Los Anceles zonasının iqtisadi qüdrəti bütöv Meksika iqtisadiyyatının həcminə bərabərdir? Və ya Hyuston şəhəri iqtisadi baxımdan Polşanı üstələyir?
Amerika Sahibkarlıq İnstitutunun eksperti Mark J. Perry Birləşmiş Ştatların iqtisadiyyatı haqda təsəvvür yaratmaq üçün maraqlı metod seçib. O, ABŞ-da əsas şəhərlərin iqtisadiyyatlarını bütöv ölkələrin iqtisadiyyatları ilə müqayisə edib.
Ümumi həcmi $18.6 trilyon dollar təşkil edən iqtisadiyyatın başqa iqtisadi qüdrətlərlə yanaşı müqayisəsi ortaya maraqlı mənzərə qoyur.
Əgər Nyu York ayrıca ölkə olsaydı, o, dünyada 10-cu ən qüdrətli iqtisadiyyata malik olardı, Perry yazır. Müqayisə üçün, eyni indeksdə Braziliya 9-cu yerdə gedir.
ABŞ-ın ikinci ən iri əhali mərkəzi sayılan Los Anceles $1 trilyonluq iqtisadiyyatı ilə $1.05 trilyon dollarlıq ümüdaxili məhsulu (ÜMD) olan Meksikadan yalnız cüzi şəkildə geri qalır.
Statistika Çikaqonun Amerikada üçüncü ən iri metropolis olduğunu göstərir. Bu rəqəmlərə əsasən, Çikaqonun ÜMD-si ($651 milyard) qlobal bank sənayesinin dayağı sayılan İsveçrənin ÜMD-sini ($646 milyard) üstələyir.
Amerika metropolisləri arasında yuxarı onluğa düşməyən geniş Denver zonasının iqtisadiyyatı ($198 milyard) Azərbaycan iqtisadiyyatından ($37.8 milyard) azı beş dəfə böyükdür.
Əgər ABŞ-ın yeddi ən iri metropolislərini toplasalar, bu, dünya iqtisadi indeksində 3-cü ən qüdrətli iqtisadiyyat olar. $5.2 trilyon dollar həcmində ümumdaxili məhsulla bu məkan Yaponiyanı ($4.9 trilyon) geridə qoyur.
Perry qeyd edir ki, ABŞ ÜMD-sinin az qala yarısı 20 iri şəhərin payına düşür.
“Bu müqayisə Amerika iqtisadiyyatının həqiqətən nə qədər nəhəng olduğunu göstərir,” Perry yazır. “Bu, həm də onu isbat edir ki, iqtisadiçı Larri Kudloun dediyi kimi, azad bazar kapitalizmi dünyada firavanlığa çıxışın ən yaxşı yoludur.”
Perrinin sözlərinə görə, məhz azad bazarlar, azad ticarət və kapitalizm sayəsində 1700-cü illərdə Britaniyanın ucqar koloniyası olmuş bir məkan iki əsrin içərisində qlobal iqtisadi superdövlətə və dünyanın ən iri iqtisadiyyatına çevrilib.
1776-cı ildə – İngiltərə koloniyaları müstəqilliklərini elan edən il Londonda Adam Smitin “Millətlərin Sərvəti” başlıqlı kitabı çapdan çıxmışdı. Həmin kitabda müasir iqtisadi nəzəriyyənin əsasını qoyan alim sərvətin yaranmasında “gözəgörünməz əl” fenomeni haqda yazırdı.
Smit hesab ediridi ki, bazarda təlabatı və təchizatı balanslaşdıran bir təbii qüvvə var ki, bunu gözlə görmək, hesablamaq mümkün deyil. Siyasi müdaxilə olmadığı şəraitdə bu qüvvə özü-özlüyündə bazarı tənzimləyir, sərvəti artırır və cəmiyyəti firavanlaşdırır.
Adam Smit hələ bir neçə əsr öncə iqtisadi azadlığın ərsəyə gətirdiyi dinamizmi dərk edirdi. Perrinin heyrətamiz statistikalarında məhz həmin gözəgörünməz əlin, sərbəst insan fəaliyyətinin rolu aşkar nəzərə çarpır.
Oxunub: 642