Yaxud, sanksiya siyahısına kimlər düşməlidi?
Bugün hökumət saytlarında “Maliyyə Bazarlarına Nəzarət Palatası sanksiya tətbiq edilməli olan şəxslərin ümumi siyahısını yeniləyib” başlıqlı xəbər yer almışdı. Bir anlıq düşünmək olardı ki, bu qurum hansısa korrupsioner məmuru cəzalandırmaq qərarı verib. Təbii ki, Azərbaycan reallığında bu sensasiya olardı. Amma məsələ başqa imiş. Bunlar BMT-nin Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin 26 dekabr 2017-ci il tarixli qərarlarına uyğun olaraq, sanksiya tətbiq edilməli olan şəxslərin ümumi siyahısını yeniləyib. Siyahıya bir nəfər – Seyfulla bin Ömər bin Mühəmməd bin Həssin əlavə olunub.
Bəs, Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə fırıldağı ilə məşğul olan vəzifəliləri niyə “qara siyahı” ya salmır. Bu qurumun missiyasə maliyyə bazarına nəzərəti həyata keçirməkdirsə, büdcəni bazara çevirənləri niyə ortaya çıxarmır?
Azərbaycanla bağlı 2.9 milyardlıq korrupsiya faktı ortaya çıxdı və beynəlxalq mətbuatın gündəmi oldu. Yaxud, offşorlarda maliyyə fırtınası yaradanlar, Avropalı deputatlara rüşvət verənlər, Panama sənədlərində boy göstərənlər oldu. Amma maliyyə nəzarəti palatasının tükü də tərpənmədi. Bu ölkədə maaşı 1500- 2000 manat olan məmurların sərvəti milyardlarla ölçülür, amma məlum qurum bu boyda maliyyə oğurluğunu görməzədən gəlir. Seyfulla ben Ömeri sanksiya siyahısına salanlar, Eldarların, Fazillərin, Akiflərin milyardları talan etməsini təbii hal kimi qiymətləndirirlər?
Ümumiyyətlə, 150 milyard dollar maliyyənin məhv edildiyi ölkədə, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması lətifə mövzusudu. Faktiki olaraq bu qurum maliyyənin dağıdılmasına nəzarət edir. Əks halda, sanksiya siyahısına xeyli yerli “maliyyəbazlar” düşərdi.
Akif
Oxunub: 462