Natiq Güləhmədoğlu
Xəbər vermişdik: Özbəkistan ziyalıları prezident Şövkət Mirziyayevə müraciət ediblər. Onların arasında şairlər, rejissorlar, yazçılar, müğənnilər var. Nə qədər ilginc olsa da, keçmiş prezident İslam Kərimovun mətbuat xidmətinin rəhbəri də onlar arasındadır. Özbək ziyalılarının, incəsənət və ədəbiyyatçılarının dədri nə imiş?
Onlar prezidentdən nə ev istəyir, nə oğlanlarına əsgəri möhlət, nə də şəxsi imtiyaz. Deyirlər ki, 26 ildir mühacirətətdə yaşamağa məhkum edilən, özbək xalqının dəyərli oğlu, müxalifət lideri, şair Məhəmməd Salehin vətənə qayıdışı təmin edilsin.
Özbək ziyalıları belə nəcib təşəbbüsdə olarkən, sanki, onların acığına bizim “ziyalılar” da bu ərəfədə xalqa müraciət etdi ki, Əliyevin növbəti dəfə prezident kürsünüdə əyləşib, millətə zülm etməsinə səs verin! Guya xalqın səsin sayırmışlar kimi. O özbəklər, bu biz deməyəcəm, yox!
Məsələnin hamımızı düşündürməli olan bir cəhətindən bəhs etmək niyyətindəyəm. Özbək ziyalılarının bu təşəbbüsü alqışa layiqdir, buna şübhə yoxdur. Lakin, fikirləşək, o ziyalılar 5-10 il əvvəl niyə belə çağırışlar edə bilmirdi? Axı Məhəmməd Salehin, 10-15 il qabaq ədəbi-siyasi kimliyi necə idisə, elə də qalıb. Dəyişən Saleh bəy deyil, Özbəkistanın sərt ictimai-siyasi atmosferidir. Çünki o zaman özbək ellərində daha qatı, amansız, qəddar sistem vardı. İndi isə demokratiyanın ən xəfif rüzgarları əsdiyindən özbək ziyalıları özlərində təpər tapıb, ürək sözlərini, arzularını dilə gətirə bilirlər. Bizdə isə o da yoxdur – o xəfif rüzgar, demokratiyanın inkişafı ilə bağlı ümid! Bu bizi təbii olaraq kədərləndirir, lakin, eyni zamanda bizə böyük inam verir. O sarıdan ki, demokratiyanın, azadlığın sehrli, cəlbedici cəhətinə inanaq. Ancaq demokratiya, azadlıq olan yerdə insan xöşbəxtdir, özüdür, aktyor deyil. Ancaq azadlıq atmosferində insan kamil formasına daha asan, əzabsız çata və ondan mənəvi həzzini ala bilər. Şübhəsiz, antidemokratiya şəraitində də azad ruhunu qoruyan insanlar olur və bizdə də var. Amma biz istisnalardan danışmırıq. Çoxluğun, cəmiyyətin rifahı, xoşbəxtliyi, özü olması üçün demokratiya başlıca şərtdir!
Oxunub: 504