İlham Hüseyn
Milli Şura növbəti mitinq qərarını verdi. Martın 10-u, saat 15:00-da “Məhsul” stadionunda talana və yalana “yox” deyiləcək. Əlbəttə, mitinqlərə münasibət birmənalı deyil. Bəzi adamlar bilərəkdən, bəziləri isə təsir altına düşərək mitinqlərlə bağlı mənfi fikir formalaşdırmağa çalışır, bir qrup adamlar var ki, Dədə Qorqudluq etməyi həyat tərzinə çeviriblər. Amma başqa bir dəstə də var və bu dəstəyə mənsub olanlar inamsızlıq, ümidsizlik içində boğulurlar və nəticə etibarilə anti-mitinqçi olurlar.
Əvvəla qeyd edim ki, mitinqlərlə bağlı ən rüsvayçı arqument hökumətə məxsusdur. Hökumət mətbuatı, telekanallar, rejim sözçüləri mitinqləri dövlət əleyhinə tədbir kimi təqdim etməyə çalışırlar. Amma bu bədbəxtlər unudurlar ki, Konstitusiyada sərbəst toplaşma azadlığı haqqında qanun var və bu qanuna əsasən hər bir vətəndaşın etiraz etmək hüququ var. Yəni, mitinqə qara don geyindirməyə çalışanlar Konstitusiyanı şərləməklə məşğul olurlar. Vətəndaşın bütün hüquqları əlindən alınıb və etiraz hüququnu da iyrənc təbliğat vasitələri ilə əlindən almaq istəyirlər.
Hökumətdən kənarda mitinq əleyhinə fikir formalaşdırmağa çalışanların arqumentləri də kövrəkdi. Çünki onların arqumentləri “fəaliyyətsizlik fəaliyyət göstərməkdən yaxşıdır” nəticəsini verir. Deməli, Dədə Qorqudluq eşqinə düşənlər prosesə töhfə verməkdən məhrumdular və sadəcə olaraq çaşqınlıq yaratmağa xidmət edirlər.
Biz əsas sözümüzü ümidsizlik, inamsızlıq içində boğulanlara söyləmək istəyirik. Əziz həmvətənlər, bu gün Azərbaycanın ən çox ədalətli və vicdanlı vətəndaşa ehtiyacı var. Vətən bəhanələrdən imitna etmiş, biganəliyə son qoymuş vətəndaş axtarışındadır. Mitinqlərin hansı məkanda, hansı saatda keçirilməsinin heç bir önəmi olmamalıdır. Əgər vətəndaşın haqqı tələb olunursa, saxtakarlığa etiraz edilirsə, ədalətsizliyə qarşı üsyan bayrağı qaldırılırsa, bu prosesin harda baş verməsinin heç bir önəmi yoxdur. Ədalətli və vicdanlı adam, niyyəti və məqsədi əsas ölçü vahidi götürməlidir. Adını unutduğum bir mütəfəkkir deyirdi ki, içimizdəki ən böyük hakimin adı vicdandır. Yəni, hər bir insan haqqın yanında olmaq borcunu ödəməli, öz üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Əslində, “Mən mitinqə getməklə nə dəyişəcək” sualıyla silahlanan adamlar, özləri də bilmədən ədalətdən imtina etmiş olurlar. Fakt budur ki, sən getmədiyinə görə hər şey pisliyə doğru dəyişib. Fakt budur ki, sənin susqunluğun, biganəliyin ölkəni səfalət burulğanına salıb. Fakt budur ki, sən susmaqla 7-8 manat maaş artımına layiq görülmüsən. Fakt budur ki, sən susmaqla qürur hissinin öldürülməsinə şərait yaratmısan. “Mənimlə nə dəyişəcək” sualı verən adam özünü “heç kim” hesab etməklə, zalıma can vermiş olur.
Bu gün Azərbaycanda mitinqlər həm də ədalət göstəricisidir. 150-dən artıq adamın şərlənərək həbs olunmasına, 150 milyard dollar neft pulunun talan edilməsinə, dəyərlərin sıradan çıxarılmasına etiraz etmək ədalətdən xəbər verir. Bazarda aldığı almanın 100 qram əksik gəlməsinə, avtobusda pulunun qalığının 10 qəpik az verilməsinə etiraz etmək ədalətin deyil, nəfsin tələbidir. Avtobusda, bazarda etirazını “mən haqsızlığa dözmürəm” kimi təqdim edib, xalqın taleyinin məhv edilməsinə “mən siyasətə qarışmıram” formasında münasibət bildirirsənsə, deməli şərin yanındasan.
Müxtəsər, “odlar yurdu” odlanmış yurda çevrilibsə, bu ölkədə bütün mitinqlər ədalət mitinqidir. “Məhsul” stadionuna içinə ədalət məhsulu yığan hər bir vətəndaş gəlməlidir. Sual verirəm, səndə mitinq ədaləti varmı?
Oxunub: 358