Bir də parlamentdə qaranlıq dosyeli xeyli deputat var. Ağdaş rayon seçki dairəsindən YAP-ın namizədi olaraq mandat alan Cavid Osmanov kimi. Keçən parlament seçkilərində onun adı hakim partiyanın əsas namizədi kimi gündəmə gələndə, YAP-çıların özləri belə şoka düşüb. Hətta qocaman YAP-çılar Osmanovun namizədliyini dəstəkləməkdən imtina ediblər. Onun qutudan qalib çıxması isə rayonda çoxlarını heyrətə salıb. Osmanov 1991-1995- ci illərdə hərbi mükəlləfiyyətli olsa da, fərarilik edib xaricə qaçıb. Azərbaycana qayıtdıqdan sonra isə rüşvət verərək hərbi bilet alıb məsələni qapadıb. O, YAP-ın Ağdaş təşkilatına sədr seçildiyi vaxt da veteranlar bu “seçimə” qarşı olublar və onlar “seçimi” bilinməyən fiqurun sifarişi kimi qarşılayıblar. Çoxları indi də onu Fətulla Gülənin gizli müridlərindən biri hesab edir. Başqa iddialarda isə Osmanovun Bakıda və bir sıra rayonlarda gizli “priton” biznesi ilə əlaqəli olduğu qeyd edilir.
Sosial şəbəkələrdə ağır problemlərdən qan ağlayan Ağdaş sakinlərinin çoxlu sayda video-müraciətləri var. Onlardan birində evi qəzalı vəziyyətdə olan Hicran Musayeva adlı şikayətçi əlaqədar qurumlara belə səslənir: “Rayon rəhbərliyi mənə deyir get, kimə istəyirsən şikayət elə. Hər yerə də müraciət etmişəm. Ağdaş icra hakimiyyətinə şikayətə gedəndə məni təhqir edirlər. Tofiq İbrahimov deyir ki, baxa bilmirsən ver uşaqlarını uşaq evinə. Cavid Osmanov kimisi deputat seçilsə mən intihar edəcəm. Deyir qorxmuram, get hara şikayət edirsən, elə.” Ortada önəmli bir səbəb yoxdursa, sadə insanlar bu adamın əlindən niyə belə qəzəbli olsun ki?
Saytların birində də Cavid Osmanovla bağlı belə bir yazı da gedib: “Cavid Osmanov öz əxlaqi və mənəvi dəyərləri ilə YAP-ı və Ağdaş sakinlərini Milli Məclisdə təmsil edə bilməz. Bildirilir ki, hətta sakinlərlə, həmçinin YAP üzvləri ilə eyni fikri rayon rəhbərliyi də paylaşır. Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov da Cavid Osmanovun onun birinci müavini olmasına və YAP-a rəhbərlik etməsinə ilk gündən qarşı çıxıb. Amma hansısa görünməz güc daim Cavid Osmanovu müdafiə edir və onu irəli çəkir.”
Doğrudan, Cavid Osmanovun arxasında dayanan gizli əl kimdir görəsən? Adamın lap gənc yaşlarından başlayaraq, 10 il icra başçısının birinci müavini vəzifəsində çalışması və sonra YAP xətti ilə iri addımlarla yüksəlməsi, həqiqətən, təsadüfə bənzəmir. Hazırda 44 yaşında olan deputatın işi göz qabağında. Rayonda onun fəaliyyətindən razılıq edən bir nəfər belə tapa bilməzsiniz. YAP-ın Ağdaş rayon təşkilatının sədri kimi də işi ancaq xüsusi troll dəstələri yaradıb sosial şəbəkələrdə müxalifətçiləri söydürməkdən ibarətdir. Adı sosial şəbəkələrdən çoxlarına məlum olan, rayonda troll qruplarına rəhbərlik edən “söyüş aparatı” Anar Şahmuradın da onun yaxın adamı olduğu bildirilir. Parlamentdə qocaları yola salmaqla islahat şousu yaratmaq istəyənlər bir də belə gənclərin dosyesinə baxsınlar. Bunların qocasından da, cavanından da birdəfəlik qurtulmaq lazım!