Bəlkə inanmayacaqsınız, amma bölgələrdə əhalinin 80%-i deputatlarının kim olduğu haqda məlumatlı deyil. İnsanlarda nə günah, gərək deputat çıxsın parlamentin tribunasından təmsil etdiyi rayonun problemlərindən danışsın ki, adamı tanısınlar. Bir müddət əvvəl TV-lərdən biri deputatların verdiyi vədlərə necə əməl etdiklərini öyrənmək üçün araşdırma aparmışdı. İmişliyə ezam olunan qrup, deputat Əsabil Qasımovun seçicilərə verdiyi vədləri yerinə yetirib-yetirmədiyini araşdırmışdı. Yerli sakinlərlə görüşərkən məlum olmuşdu ki, Qasımovun verdiyi vədlər bir yana, heç vətəndaşların çoxu onun kim olduğunu belə bilmir. Tanıyanlar da seçkidən sonra bir daha üzünü görməyiblər. Sonra da mediaya gileylənib durular ki, bizim adımızı “lal deputatlar” siyahısına qərəzli olaraq salmısınız. Qasımov deputat olmazdan əvvəl böyük biznes şəbəkəsinə rəhbərlik edib. Onun biznes obyektlərinin dəyəri yüz milyonlarla ölçülür. Görünür, deputatlıq, sadəcə, ona bir imtiyaz kimi lazım imiş ki, mandatı alıb qoysun cibinə. O mandatın İmişli seçicilərinə heç bir isti-soyuğu yoxdur, üstəlik, deputat bu imtiyazdan faydalanıb, rayondakı biznesini daha da genişləndirib, neçə adamın torpağını, şəxsi mülkiyyətini də əlindən alıb qatıb öz obyektlərinə. Mətbuatda bu qalmaqallarla bağlı dəfələrlə silsilə yazılar gedib.
Ümumiyyətlə, Əsabil Qasımovun biznes obyektlərinin əksəriyyəti Rusiyada yerləşir və o, bu ölkədə böyük sanatoriya şəbəkəsinə malikdir. Xatırlayırsınızsa, bir az əvvəl onun Kislovodskdakı “İstoçnik” sanatoriyasının tikintisinə 1,5 milyard rubl xərclədiyi məlum olmuşdu. Mətbuatda davamlı olaraq Qasımovun Azərbaycan, Rusiya, Ukrayna və Qazaxıstana qədər uzanan böyük biznes imperiyası haqqında sənədlər yayılır. Deputatın mətbuatda yayılan obyektlərinin siyahısına 30-a yaxın şirkət daxildir və onların nizamnamə kapitalı yüz milyonlarla ölçülür. Biznesmen deputat 2010-cu ildə deputat seçilənə qədər “Karat” MMC-nin prezidenti vəzifəsini daşıyıb. O, deputat seçiləndən sonra, idarəçiliyi oğlu Taleh Qasımov və yaxın qohumlarına ötürsə də, faktiki rəhbərliyi öz əlində saxlayıb. Deputat seçilənə qədər Qasımovun biznes şəbəkəsinə daxil olan iri şirkətlər sırasında “Karmen” un və makaron məmulatlarının istehsalçısı “Karat” dəyirmanını, “Dimes” meyvə şirələrini istehsal edən konserv zavodunu, mərkəzdə hündürmərtəbəli binalar inşa edən tikinti şirkətini və s. göstərmək olar. Hətta Qasımov tərəfindən yaradılan “Karat Holding”in Gürcüstanda və Ermənistanda da biznes qurduğu, burada taxıl və un məhsullarının monopoliyasını əlində saxladığı deyilir. Boş yerə ona biznes aləmində “un kralı” ləqəbi verilməyib.
Əsabil Qasımovun adı vaxtaşırı mətbuatda bir çox maliyyə qalmaqallarında da hallanır. Keçən il iş adamı Aslan Əliyev mətbuata açıqlama verərək, Əsabil Qasımovun biznes ortaqları ilə bərabər onun 2.327.322 manat pulunu mənimsədiyini bildirmişdi. İş məhkəməyə qədər gedib çıxmışdı. Deputatın mandat aldığı rayondakı biznes fəaliyyətləri üçün də onlarla adamın haqqına girdiyi, onların torpaqlarını əlindən aldığı haqda məlumatlar var. İmişli seçiciləri deyir ki, onu başlarına kimin bəla etdiyini bilmirlər. “Deputatlıq fəaliyyəti özünə qalsın, gəlib insanların torpağına-daşına gözünü dikməsin. Eşitdik Əzrayıl uşaq paylayır, dedik mənim uşağıma dəyməsin, onunku lazım deyil”-deyir sakinlərdən biri. Sakinlər bildirir ki, bu illərdə onun deputat olduğu əraziyə gəlib, insanların dərdi ilə bircə dəfə maraqlandığını da görən olmayıb. Adam öz biznesiylə, öz işləriylə məşğuldur, xalq onun vecinə də deyil.