Əziz həmvətənlər, çox ciddi mövzuda sizlərlə məsləhətləşmək üçün bu yazını yazıram. Sizlər də şahidsiniz ki, Azərbaycan müxalifəti 2005-ci ildən sonra heç vaxt 2019-cu ildəki qədər güclü olmamışdı. Bu ilin 19 yanvarında və 19 oktyabrında keçirdiyimiz mitinqlər son 14 ilin ən güclü, rejimə ən çox qorxu yaradan və ən ciddi beynəlxalq reaksiyalar doğurmuş mitinqləri olub. Düzdür, rejimin təxribatlarından yayınmaq və bir müddətdən sonra meydanlara daha güclü çıxa bilmək üçün Milli Şura olaraq 2 noyabr mitinqini təxirə saldıq. Ancaq bu, qətiyyən o demək deyil ki, biz hazırkı gücümüzlə 19 yanvar və ya 19 oktyabr mitinqi kimi mitinqlər edə bilmərik. Biz bu dəfə mitinqlərə gücdən düşməmiş, resurslarımızı tam itirməmiş fasilə verdik. Əgər zəruri hesab etsək, cəmi 1-2 həftə sonra yenidən 19 oktayabr və 19 yanvar mitinqləri kimi yeni mitinqlər edə bilərik. Hazırda razılaşdırılmış mitinq potensialımız hətta 19 yanvar ərəfəsində olduğundan da xeyli çoxdur. Bu o deməkdir ki, məsələn, 1-2 həftə sonra yenidən həmin “Məhsul” stadionunda razılaşdırılmış mitinq imkanımız olsa, 19 yanvarda olduğundan da xeyli sayda çox insanın iştirakı ilə mitinq keçirilə bilər. Ancaq hökumətin hazırda “Məhsul” stadionunda mitinqlərə razılaşacağı gözlənilmir. Odur ki, nəzəri cəhətdən yalnız 19 oktyabr mitinqinin təkrarlanmasından söhbət gedə bilər. Bəli, həmin mitinqi, hətta bəlkə bir az daha kütləvi təkrar edə bilərik. Ancaq hesab edirik ki, 19 oktyabr mitinqi artıq öz işini görüb, ölkədə yeni qüvvələr nisbəti yaradıb və Azərbaycanda səbəst toplaşma azadlığını və polis zorakılığını dünyanın diqqətinə gətirib. Odur ki, əlavə itkilər hesabına 19 oktyabrı yenidən təkrarlamağı hələlik zəruri saymırıq. Bunu da açıq deməliyəm, müxalifətin 19 yanvar və 19 oktyabr mitinqlərində nümayiş olunmuş gücü əvvəlki illərlə müqayisədə xeyli çox olsa da, ölkədə yeni bir dövr başlatsa da, hələlik ölkədə köklü dəyişikliyi labüd edəcək qədər deyil. Daha güclü, daha kütləvi olmalıyıq.
İndi hədəfimiz 19 yanvar və 19 oktyabrda olduğundan da 2-3 dəfə daha böyük gücə çevrilməkdir. Müxalifətin gücünü daha 2-3 dəfə də artırması o zaman mümkün olacaq ki, təşkilati gücümüzü, insan, informasiya, texniki, maliyyə resurslarımızı, cəmiyyətin ən müxtəlif təbəqələrilə birliyimizi, xarici əlaqələrimizi, Azərbaycanın problemlərini beynəlxalq gündəmə çevirmək bacarıqlarımızı, demokratik düşərgə daxilində birlik və harmoniya yaratmaq səylərimizi də dəfələrlə artıraq.
Əsas güc mənbəyimiz təbii ki, rejimdən birmənalı narazı olan xalqımızdır. Xalqımız heç vaxt olmadığı kimi indi hakimiyyətdən narazıdır. Sayı milyonlarla hesablanan narazı vətəndaşlarımızın azı 100 min nəfərini köklü demokratik dəyişikliklər uğrunda dinc mübarizəyə cəlb edə bilmək əsas hədəfimiz olmalıdr. Hazırda Milli Şura və AXCP strukturlarında məhz bu yeni hədəfə necə nail olmaq müzakirə mövzusudur. Mən bu yazını yazmaqla, hər bir soydaşımıza səslənirəm. Siz də təkliflərinizi yazın. Ölkədə müxalifətin, etirazçı kəsimin indi olduğundan da dəfələrlə güclü, rejimin hesablaşmağa məcbur olacağı qədər güclü olması üçün sizin hansı təklifləriniz var?