“İslahat” sırası SOCAR-a da çatdı. Amma bu da kosmetik dəyişiklik şəklində, Rövnəq Abdullayevin “kassası”nın yerini dəyişməklə. Yəni SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadəni bir kabinetdən götürüb başqa kabinetə göndəriblər, qohumu Elşad Nəsirovun yanına. Adam hardasa müavinin müavini olub və İlham Əliyev də bunu xalqa islahat söhbəti kimi sırımaq istəyir, deyəsən. Xalqın gözləntiləri isə tamam başqadır. Neçə vaxtdır hamının gözü-qulağı dövlətin neft şirkətini müflisləşdirən adamın nə vaxt cəzalandırılacağı xəbərinə dikilib. SOCAR-ı 11 milyard borclandıran prezident bu ölkənin nəyinə lazımdır, Allah xatirinə? İlham Əliyevə lazımdırmı, bilmirik. Amma bu dəfə o da xalqın istəyi ilə hesablaşmaq zorundadır. Çünki nə vəziyyət əvvəlkidir, nə də xalq əvvəlki. Gündən-günə yoxsullaşan və qəzəbi qaynayan xalq ölkə iqtisadiyytaını çökdürən adamlardan hesab sorulmasını tələb edir. Hansı xalq dövlət neft şirkəti prezidentinin övladının saatlarına 25 milyon manat xərcləməsinə dözüb susar? Hansı xalq o harın gəncin uzaq ölkələrdə 2 milyon funtluq saatı oğurlatması qalmaqalına səssiz qalar? Hansı xalq bu ailənin ölkədən oğurlanmış pullarla sayı-hesabı bilinməyən biznes şəbəkəsi qurmasına normal yanaşar? O zaman həmin saat sahibinin atası, deputat Rövnəq Abdullayevin istefası nədən gündəmə gəlmir? Nədən dövlətin milyardlar gətirən neft şirkətini müflisləşdirib 11 milyard borca salan bu şəxsdən heç bir hesab sorulmur? Bu qədər biabırçılıqdan sonra SOCAR-dan qovulacaq ilk adam Rövnəq Abdullayevin özü deyilmi?
SOCAR illərdir hakimiyyətin böyük oyunlarının baş sponsoruna çevrilib. Araşdırmalar dönə-dönə sübuta yetirib- ortada böyük iqtisadi cinayətlər var. Neftdən gələn milyardlar ofşorlara daşınıb, satışdan oğurlanan milyardlar ciblərə axıb. Uzun illərdir dövlət neft şirkətini babasının mirası kimi idarə edən adam mühüm vəzifələrə yerləşdirdiyi qohumlarını milyonçuya çevirib. Ölkə insanı müflisləşib dilənçi kökünə düşüb, amma onların lüks saatları da, lüks avtomobilləri də, biznes imperiyaları da yerindədir. Harınlayıb özləri üçün qoçu dəstəsi də saxlayırlar. Vaxtilə SOCAR-ın fəaliyyəti ilə bağlı araşdırma aparan “Global Witness” təşkilatının təmsilçisi SOCAR-ın ən azı 48 sövdələşməsində adı keçən şirkətlərlə Anar Əliyev adlı şəxsin bağlılığını qeyd etmişdi. Bunlardan təkcə birində Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan “Socar Trading SA” şirkətindən Rövnəq Abdullayevin dayısı oğlu Anar Əliyevin qazancı 100 milyon dollardan artıq olub. Şərhə ehtiyac varmı? Hələ yaxın zamanda gündəmə daha bir beynəlxalq qalmaqalın gələcəyi gözlənir. Yayılan məlumatlara görə Belçikanın aparıcl “Fluxys” sirkətinin Azərbaycanın SOCAR şirkəti ilə böyük korrupsiya əlaqələri aşkarlanıb. Prezident Rövnəq Abdullayevi istefaya göndərməkdə niyə tərəddüd edir? Yoxsa milyardların yuyulması ilə bağlı ortaq cinayətlərinin ortaya çıxmasından ehtiyatlanır? Bəlkə də elədir. Amma ortada böyük neft pullarını havaya sovurub, üstünə 11 milyard borc yığan SOCAR məsələsi var. Rövnəq Abdullayevi qurban vermək vəziyyətdən ən yaxşı çıxış yoludur. O getməsə, ölkə prezidenti özünə qazdığı quyunu bir az da dərinləşdirmiş olacaq.