“Millət vəkili imkanlı insanlardan olsun”, kasıbın da canı çıxsın, eləmi?
Parlamentdə deputatların lal-dinməz oturmasından çox şikayətlənirik. Amma deyəsən elə orda ən yaxşı deputat danışmayan deputatdır. Deputat Adil Əliyevin İTV-də səsləndirdiyi fikirləri oxusanız, özünüz də dediklərimizə haqq qazandıracaqsınız.
Deputata suallardan biri onun biznes fəaliyyəti ilə bağlı olub və sualdan çaşan Əliyev aləmi qatıb, qarışdırıb: ”Qanunvericiliklə millət vəkili bizneslə məşğul ola bilməz. Hesab edirəm ki, millət vəkili imkanlı insanlardan olmalıdır. Mənim düşüncələrim budur. Millət vəkilinə qarşı evi satıb başqa yerdə daha ucuzunu və yaxud da bahasını tikdirə bilməzsən kimi qadağa qoyula bilməz.” Söhbətdən bir şey anladınızsa, bizi də məlumatlandırın.
Deputat iddia edir ki, o, heç bir biznes fəaliyyəti ilə məşğul deyil: “Çexiyada qardaşım yaşayır. Qardaşım oğlu iş adamıdır, orada şirkəti var. Mənim özümün də orada evim var idi. Çexiyanın Karlovı-Varı şəhəri müalicəvi şəhərdir. Ordakı mənzillərin qiyməti Sulutəpədən qat-qat ucuzdur. Bu gün gedib Qubada, Qəbələdə, Xaçmazda ev almaqdansa, oradan 3 otaqlı ev alıb viza prosedurunu asanlaşdırmaq olar. Bu da bir ağıl, cəsarət tələb edir. Mənim Azərbaycanın heç bir yerində heç nəyim yoxdur. Bu gün Azərbaycanda milyonlarla villalar var. Bunların hamısı millət vəkillərinindir, məmurlarındır? Əgər mən evimi tikib satıramsa və bundan gəlir əldə edirəmsə, bu, biznes sayılmır”. Adil Əliyevin “cümlə qura bilməyən deputatın məsuliyyətini onun seçiciləri daşıyır” fikirləri burada tam yerinə düşür. Seçicilər vaxtında cəsarət göstərib onu boykot etsəydilər, adam indi belə gülünc şeylər danışıb vəkillik adını rüsvay etməzdi.
Qaynana üçün saray. Qazilər narazıdır.
Deputatın biznes fəaliyyəti ilə məşğul olmadığına dair iddiaları da doğru deyil. 30-dan çox şəhid ailəsi və Qarabağ qazisi adından ölkə prezidentinə müraciət edən qazinin video-müraciəti necə vaxtdır sosial şəbəkələrdə dolaşır. Qazinin sözlərinə görə, millət vəkili Adil Əliyev 3 ailəyə məxsus torpaq sahəsini onların əlindən zorla alıb, yerində şadlıq sarayı tikdirib. “Ölkə prezidentinə müraciət edirik. Adil Əliyev zəli kimi qanımızı içir. Binəqədi rayonunda yerləşən, torpaq sahəsini 3 ailə yığışaraq almışdıq. Adil Əliyev o torpağımızı əlimizdən alıb, şadlıq evi tikib. Bu gün 3 ailə Adil Əliyevin acgözlüyü üzündən səfalət vəziyyətində yaşayır, o isə qaynanasının adına “Çıraq” şadlıq sarayı tikdirib. Azərbaycanın bütün hüquq-mühafizə orqanlarına, məhkəmə orqanlarına müraciət etmişik. Adil Əliyev məhkəmə orqanlarına təsir edərək qanunsuz və cəfəngiyat qərarlar qəbul etdirir Biz görmüşük ki, millət vəkili ölkə rəhbəri ilə vətəndaş arasında körpü rolunu oynayar. Amma o vətəndaşın malına, mülkünə göz dikib onu əlindən alır. Belə millət vəkili bizə lazım deyil, belə vəkil dövlətin imicinə, sizin imicinizə ləkədir. Qiyməti milyonlarla ölçülən obyektləri, mülkləri olmağına baxmayaraq, gözü doymur. O milyonları sizin hakimiyyətiniz dövründə xalqın qanın içə-içə qazanıb. Sizdən başqa ümid yerimiz yoxdur, bizə kömək edin.”
Görünür, Adil Əliyev daha çox imkan əldə edib, daha uzun müddət parlamentdə qalmaq üçün şəhid və qazi ailələrini çölə atmağı da özünə rəva görür. Üstəlik, “millət vəkili imkanlı insanlardan olmalıdır” deyib, ayağını bir az da irəli qoyur. Amma imkanlı deputat arada xalqın dediklərinə də qulaq versə, pis olmaz. Həmin xalq “belə millət vəkili bizə lazım deyil” deyir!