AŞPA-da seçkilərdən danışan deputatı niyə tanıyan yoxdur?
Azərbaycan o ölkələrdəndir ki, kimin güclü arxası olsa, onu yuxarı başa çəkirlər. O gözəgörünməz arxa sayəsində yuxarı çəkilib düz AŞPA-ya gedib çıxan deputatlar var. Buradakı primitiv təfəkkürünü, dar düşüncələrini, ağ yalanlarını Avropaya qədər aparıb, ölkəni rüsvay edən deputatlar. Bu qurumda Azərbaycanı təmsil edən nümayəndə heyətinin üzvlərindən biri Ülviyyə Ağayeva. Lakin AŞPA-da ədalətli seçkilərdən danışan deputatı niyə tanıyan yoxdur?
Mətbuatda aparılan sorğuya görə Tovuz – Qazax – Ağstafa seçki dairəsindən seçilən Ağayevanı heç jurnalistlərin də 90%-i tanımır. Mətbu orqanlardan birinin “Ülviyyə Ağayevanı tanıyırsınızmı” sualı əsasında apardığı sorğuya jurnalistlərin əksəriyyəti “yox” cavabı verib.
“Açığı, 16 illik jurnalistlik fəaliyyətim zamanı ilk dəfə bu xanımın adını sizdən eşitdim və “Google”də araşdırmaq qərarına gəldim. “Ürəklə səs ver, ürəyincə yaşa” – Ülviyyə Ağayeva adlı gənc xanım namizədin seçki şüarı da qeyri-ciddiliyi ilə seçilir. Ölkənin seçilmiş 125 nəfərindən biri olacaqsan, haqqında məqalə deyil, bir neçə cümlə zorla tapılacaq. Haqqında bu qədər az məlumat olan şəxsin necə neçə illərin siyasətçisi, ən azından 10 il o bölgədən millət vəkili olan İlyas İsmayılovun üzəridə qələbə çalması dünyanı səkkizinci möcüzəsi sayıla bilər.”( Aqil Ələsgər).
Jurnalist İradə Cəlil haqlı sual qoyur: Maraqlıdır bu millət vəkilləri kimin səsi ilə seçilib? Onların kimin səsi ilə seçildiyi bizim üçün də maraqlıdır. Onlar ora hansı qapıdan, hansı yollarla gəliblərsə, gəliblər, amma həqiqət odur ki, xalqın səsi ilə gəlməyiblər.
Maraqlıdır, bu “Striptiz” Məclisin “Ölü Canlar” əsərin sonu olacaq ya yox?