“Striptiz” Məclisimizin sirli deputatlarından biri Kamaləddin Qafarov Naxçıvanda doğulub, keçən seçkilərdə Bakının Binəqədi rayonundan deputat seçilib. Məlum olur ki, deputatı nəinki seçiciləri, heç parlamentdəki həmkarları və jurnalistlər belə yaxından tanımır. Vəzifə karyerası da xeyli maraqlıdır. İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirib və Milli Onkologiya Mərkəzinin baş direktorunun müavinidir. Guya həmin vəzifəyə təyin etməyə məmləkətdə normal bir tibb mütəxəssisi tapılmırmış. Azərbaycan gerçəkliyində bunun da bir məntiqi var, əslində. Bu gün ölkə insanının qanını içən Onkologiya mərkəzində böyük milyonlar oynadığına görə, təbii, ora yaxşı bir “pulyuyan” maliyyəçi lazım. Adamın adı illərdir dərman biznesində və onkoloji xəstələrin soyğunçuluq məsələlərində hallanır. Adam indiyəcən MM-də nə səhiyyənin problemləri haqqında, nə də Binəqədi rayonunun sosial problemləri haqqında bircə kəlmə də danışmayıb. Mətbuatda haqlı olaraq belə bir sual dolaşır – Qafarov niyə hamıdan gizlənir, adam vəkilidirmi, kəşfiyyatçıdırmı bilən yox. İnternetdə də onunla bağlı yazılar, əsas etibarı ilə, dərman biznesi haqqındadır.
Deputatın fəaliyyətindən xəbərsiz seçiciləri də onu gündüz əldə çıraqla axtardıqlarını deyirlər. Binəqədi sakinləri onun rayonda baş verən ən ağır fəlakətlərdə belə üzə çıxmadığını bildirirlər. Şikayətçi rayon sakinləri aksiya edir, adam görünmür, binada körpələr yanıb ölür, adam üzə çıxmır, Qarabağ qaziləri döyülür, onun səsi eşidilmir. Daha bunun harası oldu millət vəkili? Demək k, mətbuat nümayəndələri Qafarovu boşuna 5-ci çağırış seçkilərinin ən passiv deputatı adlandırmırlar. Parlamentdəki fəaliyyəti sıfır olan deputat, görünür ki, əsas enerjisini Onkologiya mərkəzindəki işlərə sərf edir. Onkoloji xəstələrin məlumatına görə, Qafarov mərkəzdə manatın məzənnəsinə uyğun xidmət qaydaları müəyyən edib. Xəstələrin kimyaterapiyası 300-400 manat, şüaların 28 seansı 1000 manatdır. Onkoloji klinikada 4 min manata başa gələn əməliyyat İran, Gürcüstan və Türkiyədə qat-qat ucuz həyata keçirilir. Və deputatın mətbuatdan nədən uzaq gəzdiyinin sirri də burda üzə çıxır. Onun böyük dərman biznesi şəbəkəsi olduğuna görə, gözdən uzaq qalmağa çalışdığı deyilir. Paşayevlərə məxsus olduğu deyilən Bakıdakı məşhur “Zəfəran” aptek şəbəkələrindən biri onun nəzarətindədir və deputatın vaxtı həm də ora gedir.
Hələ dərman biznesi də hamısı deyil. Milli Onkologiya Mərkəzi bütün müqavilələrini deputatın nəzarətində olan “Azəri Med” MMC ilə həyata keçirir. Keçən il mərkəz bu şirkətlə ümumi məbləği 26,8 mln manat olan müxtəlif mal və xidmətlərin satınalmasına dair altı müqavilə imzalayıb. Şirkət ümumi məbləği 9 mln 699,9 manat olan dərman, sarğı materialları və müalicə preparatlarının alışına dair iki müqavilə, avadanlıqların təchizatı üzrə ümumi məbləği 12 mln 996,6 min manat olan iki müqavilə alıb. Bundan əlavə, “Azeri Med” MOM-nin iki qeyri-profil sifarişini yerinə yetirməlidir: xarici ekspertlərin xidmətlərinin ödənişi (121,7 min manat) və yuyucu və dezinfeksiyaedici materialların alınması (144,9 min manat). Əvvəlki illərdə də şirkət Onkologiya Mərkəzinin çoxmilyonluq sifarişlərini yerinə yetirib. Əslində, Milli Onkologiya Mərkəzi qanunla müəyyən olunmuş qaydanı pozub, heç bir tender keçirmədən layihələri “Azeri Med” şirkətinə verib, onunla 43 milyon manatlıq alqı-satqı aparıb. Və həyatla-ölüm arasında mücadilə verən xərçəng xəstələrinin faciəsindən oğurlanan bu pullar, bilirsiniz, hara gedib? Paşayevlərin ən yaxın adamı olan Qafarovun kassasına və ordan məlum ünvana. Şübhəsiz, Kəmaləddin Qafarovun da bu işlərdə yetərli payı var. Onun ailəsi həmçinin “Kanon” MMC, “Mega Pharmacy” MMC, “Azəri Med MNK” MMC, “Versal” MMC, “Versal Palace” MMC, “Naturalist” firmasına nəzarət edir. Bizim işimiz, sadəcə, Binəqədi seçicilərini xəbərdar etməkdir ki, deputatlarından imdad gözləməsinlər. Ən yaxşısı, növbəti seçkidə özlərinə yeni deputat seçmək haqqında düşünsünlər, bu xalqa “striptiz” deputatlar yox, əsl millət vəkilləri lazımdır…