Təchizat və satınalma məsələlərinə nəzarət nədən Nəsirova keçib?
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin istefası gündəmə gələn vaxtdan çoxlarının diqqəti vitse-prezident Elşad Nəsirovun üzərinə cəmləşib. Bir çox müşahidəçilərin fikrinə görə, o, Abdullayevi əvəz edəcək ən şanslı namizədlərdən biri hesab olunur. Kənar müşahidəçilərdə belə fikirlərin formalaşmasına əsas verən müəyyən səbəblər var. İlin əvvəlində SOCAR- da gedən yoxlamaların mətbuata sızan təfərrüatlarını xatırlayırsınız. O zaman şirkət rəhbərliyi bunu Vergilər Nazirliyi tərəfindən aparılan müntəzəm yoxlama kimi qələmə verməyə çalışdı. Amma məlum idi ki, bu xına o xınadan deyil, şirkət daxilində nəsə ciddi məsələlər baş verir. Sonra da ortaya çıxdı ki, vergi yoxlaması nəticəsində SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun fəaliyyətində çoxsaylı pozuntular və mənimsəmələr aşkar edilib. Beləliklə, o, şirkətin təchizat və satınalma məsələləri üzrə komissiya sədri vəzifəsindən kənarlaşdırıldı. Əsas yeyintilərin baş verdiyi sahə – təchizat və satınalma məsələlərinə nəzarət keçdi şirkətin digər vitse-prezidenti Elşad Nəsirova.
İkibaşlı oyunun gizlinləri
Bir də adı şirkət prezidentliyinə namizədlər sırasında keçən Elşad Nəsirovun qısa bioqrafiyasına nəzər salaq. Elşad Nəsirov Rövnəq Abdullayevdən fərqli olaraq, kifayyət gədər mədəni adamdır. O, 1960-cı ildə Bakı şəhərində anadan olub. Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib, bir sıra səfirliklərdə çalışıb, Xarici İşlər Nazirliyi aparatında şöbə müdiri olub. Rus, ingilis, fars, hind dillərini bilir. 1997- 2005-ci illərdə ARDNŞ-də mühüm vəzifələr tutub. Prezidentin 2005-ci il tarixli sərəncamı ilə SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub. 2003-cü ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir. Vitse-prezidentin şirkətdəki fəaliyyəti ilə bağlı məsələləriöz yerində, amma onun futboldakı vəzifəsini də boşuna qeyd etmədik. Çünki bu, onun şirkətin prezidenti Rövnəq Abdullayevlə münasibətinə işıq salan önəmli məqamdır. Xatırlayanlar varsa, üç il bundan əvvəl “Neftçi” futbol klubu ətrafında baş verən istefalarla bağlı mediada böyük bir yazı getmişdi. Müəllif istefaları klubun daxilindəki qruplaşmaların mübarizəsinin nəticəsi hesab edənlərin yanıldığını bildirmişdi. O qeyd etmişdi ki, “”Neftçi” ətrafında gedən “oyun” daha yüksək ranqlı şəxslər arasında oynanılır.” “Həmin vaxt “Neftçi”nin düşərgəsində Zaur Axundov görünmüşdü. Əslən Naxçıvandan olan Zaur Axundov, əslində, ARDNŞ-in və AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun kadrıdır. Sadəcə, Zaur Axundovun cəmiyyətdə “Rövnəq Abdullayevin adamı” kimi təqdim olunması qrupun maraqlarına xidmət edib. Elə ona görə də, Zaur Axundovun “Neftçi”nin düşərgəsində görünməsi qiyama səbəb oldu. Təbii ki, bu qiyam Rövnəq Abdullayevin sifarişi ilə həyata keçirilmişdi. AFFA prezidenti yaxşı bilirdi ki, Elşad Nəsirov “Neftçi”yə nəzarəti tam ələ keçirmək istəyir. O istefalar Elşad Nəsirova öz adamını “Neftçi”yə yerləşdirmək fürsəti vermədi. Belə olan təqdirdə “Neftçi”yə qarşı başqa plan hazırlandı. Elşad Nəsirov səlahiyyətlərindən istifadə edərək SOCAR-dan hər ay komandaya ayrılan maliyyəni yubatmağa başladı.” Maraqlı məqamdır. Həm də ona görə maraqlıdır ki, “Neftçi” klubuna sponsorluq adı altında şirkətdən böyük milyonlar yeyildiyini ölkədə hamı bilir. Doğrudanmı, E. Nəsirovun məqsədi kluba nəzarəti ələ keçirmək olub, yoxsa o, Abdullayevin sponsorluq adı altında mənimsədiyi milyonların qarşısını almaq istəyib? Hansı variant olsa belə, şirkətdə prezidentlə vitse-prezident arasında gedən savaşın gizlinlərini açıq şəkildə ortaya qoyur.
“Kassa”nı nədən Nəsirovun kabinetinə keçiriblər?
SOCAR-la bağlı məsələyə normal məntiqlə yanaşsaq, Rövnəq Abdullayev çoxdan istefaya göndərilməli idi. Dünyanın heç bir ölkəsində qazancı milyardlar olan bir neft şirkətini borclandıran adamı vəzifədə saxlamazlar. Üstəlik, ölkədə Abdullayevlə bağlı elə bir mənfi imic formalaşıb ki, onun israrla qorumaq hakimiyyətə qınaq və qəzəbdən başqa heç nə verməz. Guya onun yerinə layiqli namizəd tapılmır? Şirkətin vitse-prezidenti Elşad Nəsirova gəlincə. O, sadəcə, Abdullayevin yerinə ehtimal edilən namizədlərdən biridir. Bu ehtimalı yaxın günlərdə Nəsirovun qohumu Adnan Əhmədzadənin ona müavin təyin edilməsi də gücləndirir. Dünyanın dörd tərəfində böyük biznes şəbəkəsi olan Əhmədzadəni indiyə qədər hamı Rövnəq Abdullayevin “kassası” hesab edirdi. İndi o “kassanı” göndəriblər Nəsirovun kabinetinə. Bu “kassa” söhbətinin, şəksiz, bir müəmması var, yaxında görəcəyik.