![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/11/IMG-20191117-WA0005.jpg)
“İlham Əliyev millət adamıdır” desək, bizi ən yaxşı halda daşa basarsınız. Elə olmadığını biz də bilirik. Adamın yerişinin, duruşunun, danışığının, davranışının milliliklə heç bir əlaqəsi yox. Prezident bizi söyür və ittiham edir, amma özü olduğu 16 ildə ana dilini belə düz-əməlli öyrənməyib. Sevimli “islahat” sözünü də dünənəcən “islaxat” kimi tələffüz edirdi. Deyəsən sosial şəbəkələrin məsxərəsindən dərs çıxarıb, hərf səhvini düzəldib. Biz buna tolerant yanaşırıq, lakin İlham Əliyev bizə tolerant deyil, o, bizə nifrət edir.
Ana dilində bərbad danışan təkcə Əliyevin özü deyil. Onun ailə üzvləri də öz dilində heç danışmır. Amma millilik kəlməsi də dillərindən düşmür. Ölkədəki bütün milli sərvətlərə sahiblənib oturublar. Neftdən tutmuş muğama qədər hamısı ailənindir. “Bizim gözəl ənənələrimiz, milli dəyərlərimiz var. Bu, böyük bir mirasdır, böyük mədəni irsdir, bizim zənginliyimizdir. Bizim musiqimiz, xalçaçılıq sənətimiz, incəsənətimiz, ədəbiyyatımız, ana dilimiz – bütün bunlar bizim ən böyük sərvətlərimizdir. Biz bu sərvətləri bütün dövrlərdə – çar Rusiyası, Sovet İttifaqı dövrlərində qorumuşuq. Ona görə bir xalq kimi, biz bu gün inkişaf edirik,”- deyir İlham Əliyev. Prezident kəlməbaşı “milli dəyərləri qoruyuruq” deyir, amma ölkədə çoxdan milli dəyər adına qalan bir şey yox.
Yəqin ölkə başçısı ilə bizim milli dəyər düşüncəmiz arasında böyük uçurum olduğuna görə, biz onu heç vaxt anlaya bilmərik. Çünki İlham Əliyevə görə millilik yalnız Novruz bayramında şəhər mərkəzinə çıxıb Kosanın başına yumurta vurmaq, uzaq ölkələrdə diaspora vasitəsilə paxlava-şəkərbura paylamaqdır. Onun düşüncəsində millilik şərqdə ilk demokratik cümhuriyyət quran insanların adını hər yerdən silib, ölkəyə müstəqillik gətirən insanları əzib, həbsxanalara doldurub, onları hər fürsətdə “ünsür” deyə aşağılamaqdır. Ona görə millilik bu torpaq uğrunda canını verən şəhidlərin ana-bacılarını küçələrdə süründürmək, əlil olmuş insanları yoxsulluq içində boğub, intihara sürükləməkdir. Onun anlamında şəhərin bütün memarlıq abidələrini dağıdıb, yerində pul qazandıran eybəcər göydələnlər ucaltmaq, İçərişəhərin ruhunu öldürüb, yüzillik abidələrini yerində icarə binaları tikməkdir millilik. Turizm biznesi adı altında ərəb əxlaqsızlığını paytaxtın mərkəzinə gətirib qadın-qız bazarı açmaqdır. Əliyevin düşüncəsinə görə milli sərvətimiz olan neft milyardlarını xalqın boğazından kəsib ofşorlara daşımaq və hakimiyyət lobbiçiliyini edən rüşvətxorlara yedirtməkdir millilik. Xəzərin sahilində yaşayıb çörəkpulu dərdi çəkən xalqın dənizindən kürünü çıxarıb şəxsi maraqlarını qoruyan nadürüstlərə bağışlamadır.
İlham Əliyev gündə yüz dəfə milli dəyərlər haqqında mühazirə oxusa, nə dəyişər ki? Adam, sadəcə, xalqın dilini anlamır. Dilini anlamadığına görə, ağrısına, kədərinə, qayğılarına da yad biridir. O üzdən danışdıqları da süni və saxtadır. Əliyev on altı illik prezidentliyi dövründə xalqın adamı ola bilmədi, bundan sonra da olmayacaq. O özü də heç buna maraqlı görünmür.