Tarixi sökülmüş, ruhu öldürülmüş İçərişəhər
![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/11/IMG-20191117-WA0013-1024x683.jpg)
80-ci illərin Bakısı çoxumuzun yaddaşında gözəl xatirələrlə qalıb. Gözəl olan həm də bu qədər çirklənməmiş Xəzər, əsrlərin ruhunu qoruyub saxlayan qədim İçərişəhər, paytaxtın hələ dağıdılmamış memarlıq abidələri və bu ortamda daha səmimi qalan insanlar idi. İçərişəhərin məhəllələrini xatırlayın. Qala divarları arasından keçib dolanbac küçələrə aparan xatirələri, təmiz Bakı ləhcəsində danışan insanları yada salın. Bir biçimdə sıralanmış qədim məhəllələrin başında keşikçi kimi duran Qız qalasını xatırlayın. İndi o qədim şəhər yoxdur, o yerli məhəllələr və o şirin ləhcədə danışan insanlar da yoxdur. İşğalçı kimi dağıtdılar o şəhəri, ruhunu öldürdülər, insanlarını mərkəzdən çıxarıb ucqarların beton göydələnlərinə sürgün etdilər. Qədim şəhərin onlarla yüzillik abidələrini dağıdıb yerində icarəlik ofislər tikdilər. Bu hakimiyyətin pul hərisliyi üzündən biçimsiz, qarmaqarışıq binaların içində yöndəmsiz bir məkana çevrildi qədim İçərişəhər. Daha böyük qazanc gətirən obyektləri köçürdülər köhnə məhəllələrin yerinə, səfirliklərə icarəyə verdilər mərkəzdəki yeni tikililəri. Ondan sonra baş verənləri özünüz bilirsiniz. Son 20 ildə paytaxtı əzən tikinti bumu İçərişəhəri elə görkəmə salıb ki, mütəxəssislər onun Dünya Abidələri Siyahısından çıxarılması təhlükəsindən danışırlar. Yeni tikililərə – Qız qalası ilə üzbəüz, bazar meydanının arxasındakı hündür binaya və başqa böyük obyektlərə görə, YUNESKO İçərişəhəri təhlükədə olan abidələr siyahısına salmışdı. Əvvəllər qədim şəhərin hər nöqtəsindən Xan Sarayı görünürdüsə, bu gün o tikili yoxa çıxıb. “Göydələnlər” İçərişəhəri görünməz edib, şəhərdə yaşıllıq qalmayıb. Qoruqda hərə öz zövqünə görə “abadlaşdırma” işləri aparır. İndi bura tarixi –mədəni qoruq mərkəzindən çox, ticarət obyektini xatırladır. Mərkəzdəki bütün obyektlərin sahibi də Əliyevlər ailəsidir. Tarixi abidələrin qorunması ilə məşğul olan ictimai fəal Aytəkin İmranova deyir ki, biz 2006-2009 -cu illərdə “Azneft” meydanına çıxan ərazidə kütləvi söküntülərə etiraz olaraq məhkəmə iddiası qaldırdığımız vaxt İçərişəhər Qoruq direksiyasının hüquqşünası otel tikən şirkəti müdafiə edirdi. “2009 və sonrakı illərdə rəsmən tarix- mədəniyyət abidələrinin siyahısına düşən(Neftçilər pr. 87-85-də) binanın sökülməsinə rəvac verən Qoruq direksiyası, bunu Qız Qalasının xarici görünüşünü korladığı ilə əsaslandırırdı. Amma həmin bina Qaladan 30-50 metr kənarda yerləşirdi və 1885-ci ildən Qala ilə uzlaşırdı. İndi Qala divarları ilə heç 5 metr məsafəsi olmayan bir tikiliyə deyirlər ki, mənfi təsiri yoxdur. Onların anlayışına görə, qədim bina Qız qalasının görünüşünü korlaya bilər, amma restoran Qala divarlarının xarici görünüşünə təsir etməz.”
“Qış bulvarı”nın güdazına gedən unikal abidələr
90-cı illərin ortalarında İçərişəhərin “işğalı” ilə başlanan dağıntı işləri yavaş-yavaş paytaxtın başqa görkəmli yerlərinə də ayaq açdı. Vəzifə başına keçən görməmişlərin gözünü pul hərisliyi elə örtmüşdü ki, şəhər memarlığı, arxitektura mədəniyyəti, tarixi abidə anlayışları qulaqlarına belə girmirdi. Qısa zamanda paytaxt görkəmsiz göydələnlərin qəbristanlığına çevrildi. Şəhərin mərkəzində “Alov qüllələri” kimi əcaib şüşəli binalar boy verməyə başladı. Yüzlərlə tarixi abidə kürünüb torpağa qarışdı, minlərlə insan ata-baba evindən zorla çıxarılıb çölə atıldı. Köhnə “Sovetski” məhəlləsində baş verənləri xatırlayın. “Qış bulvarı” adlı lüzumsuz bir “layihə” üçün Fizuli, Ş. Bədəlbəyli, M.Əliyev və başqa küçələrdə onlarla tarixi abidəni yerlə-yeksan etdilər. “Sovetski” məhəllələrində sökülən tarixi abidələrin siyahısı xeyli uzundur. Bu dağıntı zamanı vandalizmə məruz qalan abidələrin sırasında görkəmli teatr xadimi Abbas Mirzə Şərifzadənin memarlıq abidəsi sayılan evini, Murtuza Muxtarov küçəsi – 83 ünvanında yerləşən “Yuğ” Teatrının yerləşdiyi tarixi binanı göstərmək olar. Muxtarovun heç bir zədəsi olmayan qalın divarlı evi səbəb göstərilmədən yerlə yeksan edildi. 1888-ci ildə əsası qoyulmuş “Yuğ” Teatrının yerləşdiyi tarixi bina XIX əsr Azərbaycan memarlığının gözəl nümunəsi idi. “Fərəculla hamamı” kimi tanınan həmin binanın turizm üçün də əhəmiyyəti vardı. Mirzağa Əliyev küçəsində yerləşən və 1900-cü ildə inşa edilmiş mesenat Təhməzov qardaşlarının 3 mərtəbəli sarayı da yox edildi. Gəncədə şərabçılıqla məşğul olan, kasıblara kömək edən, gəncləri oxumağa göndərən Təhməzov qardaşlarının binası Azərbaycanın tarixi memarlıq abidələrinin siyahısında olduğuna baxmayaraq söküldu. Bu siyahını xeyli uzatmaq olar. Amma özünüz elə indicə evinizin pəncərəsindən boylanıb Bakının hansı bərbad görkəmə salındığını görə bilərsiniz.
Viran edilmiş şəhərin baş planı
Ölkədə acgözlüyü sərhəd tanımayan bir hakimiyyət var. Bu ilin aprel ayında İçərişəhərin qala divarları boyunca tikilən obyektlərin sosial şəbəkələrdə necə hay-küyə səbəb olduğunu xatırlayırsınız. O zaman hay-küyün böyüdüyünü görən Qoruq İdarəsi yazılanları təkzib edərək demişdi ki, İçərişəhərdə heç bir tikinti işləri aparılmır. Sonra isə məlum oldu ki, 4 dekabr 2018-ci il tarixində “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsinin Kiçik Qala küçəsi 19-21 ünvanlarında metal konstruksiyalı 4 restoranın qurulması ilə bağlı tenderi Uni Ko MMC əldə edib. Müqavilənin dəyəri 901 min manatdır. Məsələnin şişdiyini görən vitse- prezident Mehriban Əliyeva da əraziyə gəlib, aranı sakitləşdirməyə çalışdı. Mediaya müsahibə verib dedi ki, ərazidəki obyektlər əvvəlki formasına salınacaq, heç bir əlavə artırma olmayacaq, qala divarlarının da qarşısı kəsilməyəcək. Guya xanım Əliyeva əvvəldən o ərazidə restoran tikildiyini bilmirdi? O obyektlərin birbaşa ailəyə məxsus olduğunu hər kəs bilir axı.
Əslində, faciə təkcə sürəkli mənəvi dəyərlərdən danışıb, mənəvi dəyərlərin silinməsinə yardımçı olmaq deyil. Faciə həm də şəhərin altını üstünə çevirib milyonları cibə qoyduqdan sonra, baş verənlərdən xəbərsiz kimi paytaxtın Baş planın hazırlanması, çoxmərtəbəli binaların tikintisinin qadağan olunması haqqında fərman verməkdir. Xəbər verildiyi kimi, bu ilin aprelində Bakı şəhərinin Baş planının hazırlanması üzrə tenderin qalibi Almaniyanın “AS+P” şəhərsalma şirkəti seçilib. Maraqlıdır, başına bu qədər dərd açılan şəhərin baş planı ona nə dəyər qazandıracaq bundan sonra?