Korrupsiya piramidasının başında kim dayanır?
Diqqət etmisinizsə, İlham Əliyev bütün çıxışlarında korrupsiya ilə mübarizə məsələlərindən danışır. Bu, bir az da cinayət başında yaxalanan oğrunun haray qoparıb günahsız olduğunu isbat etmək cəhdlərinə bənzəyir. “Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin…” Bu sözləri 16 ildir onun dilindən eşidirik. Artıq qulağımız belə çeynənmiş ifadələrdən yağır olub. Adam hər çıxışında bənzər açıqlamalar səsləndirdiyinə görə, çıxışları arasındakı rabitəni də itirib. Bu sitat onun 2013-cü ildəki çıxışındandır: “Bu gün korrupsiyaya qarşı mübarizə prioritet məsələdir. Bu mübarizədə yaxşı nəticələr, uğurlar vardır. Əminəm ki, gələcək illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcəkdir. Bu bəla Azərbaycandan tamamilə silinməlidir.” Onun bu ilin oktyabr ayındakı çıxışından məlum olur ki, mübarizənin, həqiqətən, mənfi sıçrayışlı nəticələri olub: “Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır.” Prezidentin korrupsiya hallarının geniş vüsət alması ilə bağlı etirafını biz də təsdiqləyirik. Əliyev düz deyir, bircə ölkədə artan korrupsiya piramidasının başında öz ailəsinin dayandığını etiraf etmir. Amma beynəlxalq qurumlar hesabat yayır ki, Azərbaycan 2018-ci ilin korrupsiya indeksində 30 pillə geriləyərək, 180 ölkə arasında 152-ci yerdə qərarlaşıb. Təşkilatın öncəki illər ərzində dərc etdiyi hesabatlarda Azərbaycan dünya ölkələri arasında 122-ci (2017), 123-cü (2016) və 119-cu (2015) yerdə idi. “İnkişafın” necə sıçrayışla getdiyinə özünüz şahid olun. “Ölkədə doğrudan korrupsiyaya qarşı mübarizə aparılırmı” sualının cavabını da Dünya Bankının hesabatından görmək olar. 2017-ci ili əhatə edən hesabatda korrupsiya ilə mübarizənin effektivliyinə görə Azərbaycan 100 mümkün baldan 17,7 bal yığa bilib. Gürcüstan 77,4 balla korrupsiya ilə ən effektiv mübarizənin aparıldığı ölkələr siyahısındadır. Yeni Zelandiya isə 100 mümkün balın hamısını toplayaraq reytinqə başçılıq edir.
O özü xalqdan oğurladığı milyardları geri qaytarmağa hazırdırmı?
Amma biz yenə də ölkə başçısının korrupsiyaya qarşı mübarizə ilə bağlı fikirlərini dəstəkləyirik. Təklif edirik ki, növbəti ili “korrupsiyaya qarşı mübarizə ili” elan etsin və kampaniyaya öz ailəsinin xalqdan oğurladığı milyardları geri qaytarmaqla başlasın. Ölkə xəzinəsindən çırpışdırılmış milyonları da başqa məmurlardan ancaq bu yolla geri almaq olar. Mümkün deyil, eləmi? Mümkün deyil, şübhəsiz. Artıq bu ölkədə hər kəsin əmin olduğu bir həqiqət var- Əliyevlər hakimiyyəti tarix səhnəsindən silinməyincə, ölkədə korrupsiyanın kökü kəsilməyəcək. Bunu son 4-5 il ərzində dünya mətbuatında yer alan beynəlxalq jurnalist araşdırmaları da təsdiq edir. İki il əvvəl “The Guardian” qəzetində Əliyev ailəsinin xalqdan oğurlanıb gizli yollarla xarici banklarda yerləşdirdiyi 3 milyard dolların üstünü açdı. “The Guardian”ın araşdırmasından məlum oldu ki, prezident seçkiləri keçirilən 2013-cü ildə Əliyevlər ölkədən bir əməliyyat üzrə 3 milyard dollar vəsait çıxarıb. Bu vəsaitin kiçik bir hissəsi – 50 milyon dolları seçki saxtakarlığını ört-basdır edənlərə, Azərbaycanda siyasi məhbusların olmadığına lobbiçilik edənlərə xərclənib. Bu əlaqələr AŞ PA-nın keçmiş vitse-prezidenti Luka Valontedən almaniyalı deputat Eduard Lintnerə, YUNESKO-nun rəhbəri İrina Bokovaya qədər uzanıb. Avropa Şurasının üzvü olan Azərbaycan hələ 2012-ci ildə “kürü diplomatiyası”nda – bahalı hədiyyələr, nağd pullar vasitəsilə AŞPA üzvlərini ələ almaqda, onlara təsir göstərməkdə ittiham olunurdu. O zaman bu ittiham “Avropa Stabillik Təşəbbüsü” institutundan gəlmişdi. Bu faktları Vircin adalarında Azərbaycandan oğurlanmış 48 milyard dollar vəsait barədə sənədlərə, SOCAR-la bağlı böyük maxinasiyalara, “landromat” qalmaqalına, Malta Bankı cinayətlərinə qədər uzatmaq olar. Siz bu milyardların ölkədən İlham Əliyevin xəbəri olmadanmı çıxarıldığını düşünürsünüz? Yox, biz o qədər sadəlövh deyilik və bu pulların birbaşa Əliyev ailəsinin adı ilə bağlı olan işlərə xərcləndiyinə adımız kimi əminik. İlham Əliyev son 20 ildə neft ixracından gələn 148 milyardın taleyi haqqında bir dəfə də xalqa açıq hesabat verməyib. Qeyri-rəsmi məlumatlarda həmin pulun ən azı üçdə ikisinin prezident ailəsinin xəzinəsinə axdığı bildirilir və ortada buna inanmamağa dair heç bir tutarlı əsasımız yoxdur.
Məktəbindən məhkəməsinədək hər yer çirkab içində
Ölkədə bir qurum da var-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi. O idarənin nə işlə məşğul olduğunu da təxminən hər kəs bilir. Buna el arasında “qoyunu qurda tapşırmaq” deyirlər. Reallıq odur ki, bu qurum yaranandan ölkədə korrupsiya faktları nəinki azalıb, üstəlik birə beş artıb. Keçən il “Açıq Azərbaycan” portalının yaydığı hesabat da bunu təsdiq edir. Hüquqşunas və iqtisadçılardan ibarət ekspert qrupu tərəfindən hazırlanan “Azərbaycanda korrupsiya: son 5 il” adlı hesabat 2013-2018-ci illər üzrə vəziyyəti belə qiymətləndirib: “Azərbaycan korrupsiya səviyyəsinə görə beynəlxalq dəyərləndirmələrə əsasən, yalnız öz bölgəsində deyil, bütün dünyada neqativ nümunə kimi göstərilən ölkələrdən biridir.” Hesabatın tövsiyələr hissəsində deyilir ki, məhkəmələrdəki korrupsiya hallarını bütün digər sahələrdə korrupsiyanın, qanunsuzluğun yaranmasına təsir edən birbaşa amil kimi qeyd etmək olar. Bax, İlham Əliyev bunu da doğru deyir ki, “korrupsiya ölkəmizin böyük bəlasıdır”. Bu bəlanı ölkənin başına gətirən elə onun özü deyilmi? Ölkənin məktəbindən tutmuş, məhkəməsinə qədər bütün qurumların bu çirkaba batması məhz onun natəmiz idarəçiliyinin nəticəsi deyilmi? Təkrar edirik, korrupsiyanın kökünü kəsmək istəyən adam ilk növbədə özü xalqdan oğurladığı milyardları qaytarıb yerinə qoymalıdır. Yoxsa, boşuna danışmaqla iş olmaz, necə deyərlər, “avazın yaxşı gəlir, oxuduğun Quran olsa!”