![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2016/01/meclis-parlament.jpg)
Parlament rəhbərliyi MM üçün tutulan növbəti ilin xərclər smetasından razı qalmayıb. MM-nin işlər müdiri Firidun Hacıyev 2020-ci il üzrə müəyyənləşən 45 milyon 488 min 15 manat xərc smetasının 1,9 milyon manat artırılması üçün Maliyyə Nazirliyinə müraciət edib. Onun sözlərindən belə çıxır ki, parlament üzvləri çox önəmli işlərlə məşğul olduqları üçün bu vəsait onlara azlıq edir: “ “Tikili, avadanlıq və cari təmir xərcləri” maddəsinə 50 min, “icarə və muzdlu xidmətlər” maddəsinə 1 milyon manat, “xarici ezamiyyətlər” maddəsinə 200 min manat, “xarici ölkə nümayəndə heyətlərinin və rəsmi şəxslərin qəbulu, onlara xidmət göstərilməsi” maddəsinə 200 min manat, “maşın və avadanlıqlar” maddəsinə 100 min manat, nəqliyyat vasitələrinin alınmasına 300 min manat və “torpaq, tikili və avadanlıqları” paraqrafına 50 min manat vəsaitin ayrılmasını xahiş edirik”. Hansı maddələr üzrə xərclərin artırılması tələbinə diqqət yetirin. Adamlar xarici ölkələri daha çox gəzmək, yeni maşın və avadanlıqlar, nəqliyyat vasitələri almaq üçün əlavə pul istəyirlər. “Torpaq, tikili və avadanlıqları” paraqrafı isə heç başa düşülən deyil. Bunlar hansı torpaqlarda nə tikmək istəyirlər görəsən? Bəlkə parlament binasının üst qatında özlərinə yeni biznes obyekti, filan açmaq istəyirlər, xəbərimiz yoxdur? İndiyə qədər bu parlamentdən hansı absurd qərarlar çıxmayıb ki? Başımıza hansı bəlalar gəlməyib o məclisin yarımçıq deputatlarının üzündən? İl sonudur, bir azdan məclisdə təkrar maaş artımı, təzə maşın və ikinci katibə davası apardıqlarına da şahid olacaqsınız.
İllər keçir və iyirmi altı ildir bu məclisin simasını dəyişə bilmirik. Bozarmış üzlər hər mövsümdən-mövsümə dönüb-dolaşıb qayıdır üstümüzə. İyirmi altı ildə xalqa iyirmi altı qəpik xeyir verdikləri yox, amma eləcə əllərini açıb istəyirlər. Nə gözləri doyur, nə də orta aylıq maaşı qəpik-quruş olan xalqdan utanırlar. Hələ bu ilin xərclər smetasından da narazıdırlar. Bunların bircə dəfə ağız açıb xalqın güzəranı üçün nəzərdə tutulan ayırmalardan narazılıq etdiklərini görmədik. Bircə deputatın millətin dərdi üçün sinəsini qabağa verib hansısa tələb irəli sürdüyünə şahid olmadıq. “Bu xalqın balalarına uşaqpulu verin”, “yoxsul ailələrin sosial yardımını kəsməyin”, “imkansız gənclərin təhsil haqqını ödəyin” deyəni görmədik. Hər kəs öz nəfsinin, öz cibinin, öz mədəsinin hayında. Növbəti ildə təkcə deputatların əmək haqqı üçün ayrılan məbləğ 5 milyon 376 min 720 manatdır. MM aparatı üzrə əmək haqqı 8 milyon 825 min 280 manat, deputat köməkçilərinin əmək haqqı 2 milyon 250 min manatdır. Amma adamlar yenə də doymurlar, öz komfortları üçün 1,9 milyon manat da istəyirlər. Əlbəttə, bunlara bir köməkçi bəs eləmir, ikinci lazımdır. Şəxsi maşınları xərc aparır, xidməti maşın lazımdır. Səyahət etməyi, gəzib dolaşmağı çox sevirlər, yaxşı cibxərcliyi lazımdır. Xülasə, adamlara çox şey lazımdır. Məsələn, Elmira Axundova və Çingiz Qənizadə deputatlara ikinci köməkçi verilməsini vacib sayır, Fazil Mustafa həm əlavə köməkçi, həm avtomobil verilməsini, başqaları maaşlarının artırılmasını istəyir. Deputat maaşlarının 2500-4000 manat arasında dəyişdiyini, aylıq köməkçi maaşlarının da 700 manat olduğunu nəzərə alaraq, bu faydasız adamların millətə neçəyə başa gəldiyini özünüz hesablayın.
Yeni ilə hələ xeyli vaxt var. Yəqin ki, Maliyyə Nazirliyi MM-nin şikayətini nəzərə alacaq. Təəccübləməyin, israfçı Prezidenti öz Ehtiyat Fondu üçün 300 milyon manat istəyəndə, əlbəttə, deputatı 45 milyona ağız büzəcək. Axı o ehtiyat fonduna ayrılan vəsaitlərin ən azı yarısının cibxərcliyi olduğunu deputatlar hamıdan yaxşı bilir. Elə bunu bildiklərinə görə də, hay-küy qoparıb öz “cibxərcliklərinin” artırılmasını tələb edirlər. Bəli, iyirmi altı ildir işğal etdikləri deputat kreslosunda belə öyrəşiblər, onların lüks həyatına, ailələrinin dəbdəbəsinə, uşaqlarının kefinə azlıq edir bu pullar. Onlara çox şey lazımdır. Heç olmasa, bircə dəfə əllərini vicdanlarına qoyub o məclisdə niyə oturduqlarını da xatırlasaydılar. Bircə də o məclisdə “xalq batır, ona da çox şey lazımdır” deyə səs salsaydılar. İyirmi altı ildə bu adamlardan heç nə görmədik. İndi xalqa, sadəcə, bir şey lazımdır-tezliklə toparlanmaq və ayağa qalxıb bu adamları tarixin zibilliyinə göndərmək