İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı etiraz olaraq onlarla şəhərdə hakimiyyət əleyhinə kütləvi aksiyalar keçirilib, prezident Həsən Ruhani və İranın “dini” lideri axund Əli Xamneyiyə qarşı şüarlar səsləndirilib.
Noyabrın 15-i axşam saatlarında başlanan kütləvi etirazlar Məşhəd, Əhvaz və Sircanda daha kəskin hal alıb, Sircanda etirazçılar şəhərin neft anbarına od vurmaq istəyərkən polis qüvvələri buna mane olublar. Nəticədə etirazçılarla hökumət qüvvələri arasında baş verən qarşıdurmada 1 aksiyaçı polis tərəfindən öldürülüb.
Şiraz, Bəndər Abbas, Kirman, Kərəc, Dezful, Gəçsaran, Abadan, Xürrəmşəhr, Behbəhan, Brucen və bir neçə digər şəhərlərdə də keçirilən kütləvi etirazlarda aksiyaçılar küçələri bağlayaraq rejimə qarşı şüarlar səsləndirərək, benzinin bahalaşması ilə bağlı qərarın ləğv olunmasını tələb ediblər.
Məşhəddə etirazçılar İranın dini liderinə və prezidentinə qarşı “Diktator həyan olsun, utan xəcalət çək, məmləkətdən əl çək” və “Ruhani utan xəcalət çək” şüarları səsləndirdikdən sonra hökumət qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edərək, aksiyaçılardan bir neçəsinin avtomobillərinin şüşələrini sındırıblar. Sistan-Bəlucistan şəhərlərində də rejimə qarşı küçə etirazlarının keçirildiyi, aksiyaçılarla silahlı hökumət qüvvələri arasında qarşıdurmaların yaşabndığı bildirilir.
Hazırda İranın bir sıra digər şəhərlərində vəziyyətin gərgin olduğu, ölkənin əsas iri şəhərlərində isə elan olunmamış bir növ fövqəladə vəziyyətin yarandığı bildirilir.
Xatırladaq ki, İran Milli Neft emalı şirkəti ölkə vətəndaşlarına əvvəlcədən xəbərdarlıq etmədən benzinin qiymətini noyabrın 14-dən 15-nə keçən gecədən başlayaraq birdən-birə üç dəfə qaldırıb. Bu isə ölkə vətəndaşlarını şoka salıb.
İran Milli Neft emalı şirkəti bildirib ki, noyabrın 15-dən başlayaraq benzinə kvota qoyulacaq. Belə ki, kvota qoyulmuş hər litr benzinin qiyməti 1500 tümən, azad benzinin hər bir litrinin qiyməti isə 3 min, super benzinin qiyməti isə 3500 tümən olacaq.
Bildirilib ki, benzinin qiymətinin birdən-birə üç dəfə artması İranda qanunvericilik, İcraiyyə və Məhkəmə hakimiyyətləri başçılarının ali koordinasiya şurasının birgə qərarı ilə həyata keçirilib.
Günaz.tv