![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/11/IMG-20191117-WA0006-1024x954.jpg)
Bu hakimiyyəti yaxşı tanıyırıq. Atdığı hər kiçik addımı da öz xeyrinə hesabladığını yaxşı bilirik. İlham Əliyev isə heç öz mənafeyini qoyub, xalqın maraqlarını düşünən deyil. Onun “islahat” deyib ortaya atdığı məsələnin arxasında başqa niyyətlər var. “Keçənilki prezident seçkilərindən sonra yeni islahatlar dövrünə start verildi və bu islahatlar davam etdirilir… İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir.” Prezidentin bəhs etdiyi islahatların necə həyata keçirildiyini indi biləcəksiniz. Azərbaycan hakimiyyəti, həqiqətən, yeni dövrə uyğunlaşma istiqamətində böyük işlər görür. Elə prezidentin bu islahat ideyasını da əldə rəhbər tutub, nazirliklərə yeni “islahat paketi” tətbiq ediblər. Daha doğrusu, rüşvətin formasını dəyişiblər. Necə? Çox “innovativ” şəkildə. Əvvəllər nazirlərin prezident administrasiyasına ödədiyi “töycü” məbləğini ləğv edib, onu daha modern rüşvətlə əvəzləyiblər. Yəni İlham Əliyev müasir dünyanın reallıqlarını nəzərə alıb, yeni texnologiya öyrənib. İndi nazirlərə maaşlar “paket” şəklində verilir, nazirliklərin bütün qurumlara verdiyi tenderlər isə gedir prezidentin öz şirkətlərinə. Demək olar ki, son 6-7 ildə ölkədə bütün böyük tenderləri birbaşa ailəyə bağlı adamlar udub, nisbətən kiçik tenderləri də onların dost-tanışları.
Elə yaxın günlərdə mətbuat belə müəmmalı bir tender haqqında yazmışdı. İqtisadiyyat Nazirliyinə məxsus İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC bu ilin may-iyun aylarında yaradılmış şirkətləri keçirdiyi açıq tenderlərin qalibi elan edib. Tenderlərdən biri seminarların təşkili və keçirilməsi üzrə xidmətlərlə bağlı olub. Bu tenderin qalibi Bahaonno MMC-dir ki, iyunun 20-də, 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Nazirliyin qurumu şirkətə 49 min 100 manat ödəyəcək. Digər tender isə mətbəə mallarının və xidmətlərinin satın alınması ilə əlaqədar olub. Bu tenderin qalibi isə Albuker-AA MMC-dir ki, mayın 17-də 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatından keçib. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” şirkətə 48 min 361 manat ödəyəcək. Azərbaycanda tender haqqında qanuna görə yeni qeydiyyatdan keçən şirkətlər bir il tenderdə iştirak etməməlidirlər. Qanunda qeyd olunub ki, rəqabətdə üstünlük bu sahədə ən azı 3 il təcrübəsi olan şirkətə verilməlidir. Amma qanuna baxan kim? Hər şey PA-nın nəzarəti altındadır və böyük tenderlərin keçiriləcəyini bilən kimi ona uyğun bir şirkət qeydiyyatdan keçirib, qalib elan edirlər gedir. Belə hoqqalar daha çox dövlət satınalmaları ilə bağlı tenderlərdə baş verir. Elə Hesablama Palatasının hesabatlarında hər dəfə dövlət satınalmaları ilə bağlı korrupsiya faktlarının qeyd edilməsi də buna sübutdur. Belə faktlar onlarladır. Xatırlayırsınızsa, iki il əvvəl 3 ay müddətində yaradılmış “Kontakt-F” MMC şirkətinin dəyəri 17 milyon 199 min 829 manat olan 28 müqavilə udduğu məlum olmuşdu. Əvvəlki yazılarımızda yazmışdıq. Milli Onkologiya Mərkəzi də bütün müqavilələrini ailəyə yaxın Kəmaləddin Qafarovun nəzarətində olan “Azəri Med” MMC ilə həyata keçirir. Mərkəz son illərdə qanunla müəyyən olunmuş qaydanı pozub, heç bir tender keçirmədən layihələri “Azeri Med” şirkətinə verib, onunla 43 milyon manatlıq alqı-satqı aparıb.
İlham Əliyevin dediyi islahatlar belə gedir. Onun hakimiyyəti dünyadakı bütün müasir texnologiyaları öyrənib, dələduzluqla tətbiq etməyi tez öyrənir. İyirmi altı ildə öyrənə bilmədikləri bircə şey var – rüşvətə bulaşmadan işləmək. Bundan sonra onu öyrənənə də oxşamırlar. Adamlar “islahat paketi” ideyasını belə “rüşvət paketi”nə çevirməyi bacarıblar. Necə deyərlər, qozbeli qəbir düzəldər.